Keçid linkləri

Təcili xəbərlər

Əliyevlə Rəsulzadənin kəsişdiyi yer



Dədə-baba yurdum Ağdam və Şuşa işğal olunduqdan sonra yayda istirahət üçün münbit məkan axtarırdım. Nəhayət, bir neçə il öncə özüm üçün belə bir yeri kəşf etdim – Qax rayonu. Dağların əhatəsində yerləşən Qax səfalı yerləri ilə tanınır. Əgər dünyada cənnət deyilən yer varsa, Qaxın dağın döşündəki Çinarlı kəndi məhz belə məkandır. İlisu kəndinin buz kimi sərin havası, Ləkit kəndinin sanki rəssam işi olan şəlaləsi göz oxşayır, tarixi abidələr, qədim qalalar da öz yerində. Ancaq cənnətin özündə də problemlərdən qaçınmaq olmur.

Şabalıd ağacları niyə quruyur?

Şabalıdı ilə məşhur olan Qax getdikcə bu nemətindən məhrum olmaq üzrədir - şabalıd ağacları quruyur, məhsuldarlıq azalır. Bunun səbəbini yerli meşəbəyidən öyrənməyə çalışdım.
Ləkit şəlaləsi
Meşəbəyi təxminən 10-15 ildir ki, şabalıd ağaclarının quruduğunu deyərək, təcili tədbir görülməsə, bir neçə il sonra Azərbaycanın bu nemətdən məhrum olacağını vurğuladı. Qaxda söhbət etdiyim bir çoxları kimi meşəbəyi də meyvə ağaclarının qurumasının və məhsuldarlığın azalmasının səbəbinin eyni olduğunu söylədi: “Qəbələ RLS”.

Qax sakinləri şabalıdı adətən son məntəqəyə çatdırmadan elə bağlardaca satırlar. Qaxın kəndlərini gəzən şabalıd müştəriləri bu məhsulun bir kiloqramını yerli əhalidən 4 manatdan baha almadıqları halda, Bakıda şabalıdı 12-15 manatdan ucuz satmırlar. Bir də ki, şabalıdı Bakıya gətirib satan da lazımdır.

Bakının əvəzinə Dağıstan

Qax və kəndlərindəki cavanlar əsasən Dağıstana işləməyə gedirlər. Qum kəndində söhbətləşdiyim cavanlardan birindən niyə məhz Dağıstanı seçdiyini soruşdum:

- Dağıstanlılar Rusiyanın böyük şəhərlərinə iş dalınca gedir, biz də onların yerini tuturuq.
- Bəs niyə işləmək üçün Bakıya gəlmirsiz?
- Bakıya gedirik, ancaq normal qazancı olan iş tapa bilmirik.

Dağıstanda ailəsi üçün çörəkpulu qazananlar olduğu kimi, vəhhabi təriqətini qəbul edib geri dönənlərin sayı da az deyil. Qaxın elə kəndləri var ki, məscidlər onların nəzarətinə keçib. Hüquq-mühafizə orqanlarının onlarla güc yolu ilə mübarizə aparması da effekt vermir.

5 manat şirinliyin arxasındakı məntiq

Qaxın kələ-kötür yollarına dünyanın ən davamlı maşınları da tab gətirməz. Bu rayon
Qax rayonunda Heydər Əliyev prospekti ilə M.Ə.Rəsuzladə küçəsinin kəsişməsi, avqust 2011
Azərbaycanda kütləviləşən asfaltlaşmadan sanki kənarda qalıb. Qaxın yol polisi də elə keçmişdəki kimidir. Bir gün məni Şəkiyə çatdıran sürücüylə yenidən Qaxda görüşəsi oldum. O, Şəkidən geri dönərkən yol polisinin onu saxladığını nəql etdi:

- Məndən 5 manat şirinlik istədilər.
- Niyə bu qədər çox?
- Çünki bilirlər ki, yerli taksilər Qaxın ərazisini tərk etdikdə müştəri ilə nisbətən uzaq yol qət edəcəklər. Ona görə də mənim qazancıma şərik olmaq istədilər. Əslində isə heç bir qaydanı pozmamışdım. Acıqca dedilər ki, hörmət etməlisən.
- Hörmət etməsəydin, nə baş verəcəkdi?
- Qax balaca rayondur, hamı bir-birini tanıyır. Pul verməsəydim, məni incitməyə başlayacaqdılar. Belədə isə arxayınam ki, heç olmazsa Qaxda müştəri daşıyarkən mənə dəyib-dolaşmayacaqlar.

Göründüyü kimi, yol polisində elan edilən islahatlar, məmur-vətəndaş təmasının minimuma endirilməsi hələ Qaxa çatmayıb.

Eyni məsafəyə görə fərqli qiymət

Nəqliyyat sistemindəki dəyişikliklər də Qaxdan uzaqdır. Əgər Bakı-Qax avtobusuna bileti kassadan öz qiymətinə almaq mümkündürsə, Qax-Bakı marşrutunda yerini müəyyənləşdirmək üçün mütləq sürücü ilə sövdələşməlisən. Maraqlıdır ki, eyni məsafə üçün qiymətlər də fərqlidir. Başqa variant yoxdur. Çünki Qax avtovağzalındakı kassa daim bağlıdır. Əslində Qaxda avtovağzal da yoxdur. Avtobuslar “Heydər Əliyev” parkının həndəvərində dayanırlar. Yeni avtovağzal çoxdan inşa olunsa da, istifadəyə verilmir. Görünür, dövlət başçısının qırmızı lenti kəsməsini gözləyirlər. Ancaq dövlət başçısı yalnız bir qırmızı lenti kəsmək üçün Qaxa getməz, digər obyektlər də hazır olmalıdır.

Demək, yeni avtovağzalın işə düşməsi başqa obyektlərin inşasından asılıdır. Bu baş verməyənə qədər də sərnişinlər elə küçənin ortasında avtobuslara minəcəklər.

“Heydər Əliyev” parkından söz düşmüşkən, Qaxda mərhum dövlət başçısının ismini daşıyan iki park var. Hər iki parkın gözəlliyini və səliqəsini düşünənlər nədənsə bu
Qax rayonunda Heydər Əliyev parkında tualet

məkanda ayaqyolunun təmirini unudublar. Heydər Əliyevin adını daşıyan hər iki parkın ayaqyolu bərbad gündədir - su kranları işləmir, sabundan söhbət belə gedə bilməz, natəmizlik baş alıb gedir. Girişdə oturan qadın isə bu natəmizlikdən istifadə etdiyin üçün mütləq səndən 20 qəpik “qoparır”.

Qax rayonu mərhum dövlət başçısının şəkillərinin sayına görə qonşu Şəkidən bəlkə də geri qalar, ancaq əsas prospektə mərhum dövlət başçısının adını qoymağı unutmayıblar. Qaxda Heydər Əliyev prospekti başda Nizami Gəncəvi olmaqla, Azərbaycanın dahi mütəfəkkirlərinin adını daşıyan daha hansı küçələrlə kəsişmir ki? Heydər Əliyev Qaxda hətta Məmmədəmin Rəsulzadə ilə də “qonşudur”.

“Yarısı Sənin, yarısı bizim”

Sosial müavinətlərlə bağlı ədalətsizlik də Qaxdan yan keçməyib. Sədaqət xala bir neçə il öncə xəstə qızı və ikinci qrup əlil olan yeznəsi üçün sosial müavinət düzəltdiyini bu şəkildə nəql edir:

- Sənədlər qaydasında idi, gəlib evlərinə də baxdılar və gördülər ki, həqiqətən kasıb ailədir, 3 uşağı güclə dolandırırlar. Mənim də elə bir imkanım yoxdur ki, hər dəfə onlara yardım edim. Buna baxmayaraq, idarədə dedilər ki, birinci altı ayın müavinətini idarə rəhbərliyinə verməlisən.

- Necə yəni, kartı özlərində saxladılar?
- Yox, kartı özlərində saxlamağa qorxurlar, dedilər ki, kartı hər ayın sonunda idarəyə gətirməli və sonra geri götürməlisən (pulu kartdan oğurlamaq üçün cəmi iki dəqiqə vaxt lazımdır).
- Niyə siz hər ay kartı onlara daşıyırsınız, axı halalca pulunuzu əlinizdən alırlar, niyə şikayət etmirsiniz?
- Ay bala kimə şikayət edək? İdarədə açıq dedilər ki, bölüşməsəz, sosial müavinət görməyəcəksiniz. Ancaq nainsaflığa bax ki, 7-ci ayın pulunu da əlimizdən almaq istəyirlər.

Hacı Muradın yaxınlığındakı kəlbəcərlilər

Bu da istirahət. Sıx meşələrin, bulaq və şəlalərin əhatəsində də eyni problem və eybəcərliklərdən qurtula bilmirsən. Buna baxmayaraq, geri dönərkən, Qaxda iki yerdə mənəvi rahatlıq tapmağa çalışdım. Türk dünyasının və Qafqazın tanınmış iki tarixi simasının qəbri Qaxın ərazisindədir.

Dahi mütəfəkkir Yunus Əmrənin qəbrini Türkiyənin Cumhurbaşqanı Abdullah Gül də Azərbaycana səfəri zamanı ziyarət etmişdi. Ziyartəgaha bu gün də axın var. Ancaq ikinci ziyarətgah haqqında bunu söyləmək çətindir. Qafqazın əfsanəvi qəhrəmanı Şeyx Şamilin sağ əli Hacı Muradın qəbri Yunus Əmrənin qəbrindən təxminən bir neçə kilometr aralıda yerləşir.

Elxan Şahinoğlu, Hacı Muradın qəbrini ziyarət edir, avqust 2011
Rəvayətə görə, Hacı Murad Şeyx Şamildən aralandıqdan sonra dağları keçərək Qaxa yetişibmiş. Hacı Muradın məqsədi Qaxdan digər istiqamətdə yolunu davam etdirmək idi. Ancaq basdırıldığı yerin əhatəsində Hacı Murad rus qüvvələrinin mühasirəsinə düşür və qəddarcasına qətlə yetirilir. Başı kəsilən Hacı Murad Qaxın ərazisində basdırılır.

İki il öncə də Hacı Muradın qəbrini ziyarət etmişdim. Bu dəfə qəbirüstü daşından şəklini qoparmışdılar. O zaman qəbrin əhatəsindəki bir neçə yeni qəbir də diqqətimi çəkmişdi. İki il öncə qəbiristanlıqda yaşlı bir kişi mənə yaxınlaşaraq özünün kəlbəcər qaçqını olduğunu və yerlilərinin burada basdırıldığını söyləmişdi. Hacı Muradın qəhrəmanlıqları haqqında ağızdolusu danışan ağsaqqal övladlarına özünün də bu qəbiristanlıqda basdırılmasını vəsiyyət etdiyini söyləmişdi.

Qəbiristanlığa budəfəki gəlişimdə onun da qəbrini Hacı Muradın qəbrindən bir neçə metr aralıda gördüm...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG