Keçid linkləri

Təcili xəbərlər

20 il birgə və həm də ayrı


MDB-nin Kişinyov sammiti, 9 oktyabr 2009
MDB-nin Kişinyov sammiti, 9 oktyabr 2009
Bu il təkcə dövlət müstəqilliyinin 20 ili deyil. Ona həmişə təhlükə və yaxud təhdid hesab edilən dövlətlər qrupunun – MDB –nin də yaranmasından düz 20 il keçir. Bəli, 20 il əvvəl SSRİ «beynəlxalq hüququn subyekti və geosiyasi reallıq kimi» öz fəaliyyətini dayandırdı və üç slavyan respublikası yeni bir ittifaqa vəsiqə verdilər. İndi üstündən düz 20 il ötəndən sonra maraqlı sual yaranır: görən, MDB yaranmaya bilərdimi? Bilərdi, əgər digər respublikaların sükanı kommunist prezidentlərin əlində olmasaydı. Məhz onlar üç slavyan respublikasının onlarsız ittifaq yaratmaq təşəbbüsünü böyük bir təşvişlə qarşıladılar və dərhal Moskva ilə yeni bir ittifaqın yaranması haqqında təcili danışıqlara başladılar. İndi o vaxtdan çox keçib. Hətta ən loyallar da hesab edirdi ki, MDB respublikaların «mədəni boşanma» üsuludur, amma nədənsə bu «boşanma» çox çəkdi.

MDB AVTORİTAR LİDERLƏR ÜÇÜN SİYASİ İNSTRUMENTDİR

İndi bu birlik haqqında çox danışmaq olar, onu həm nəzərə alırlar, həm də almırlar. Böyük siyasət üçün MDB heç bir rolu və əhəmiyyəti olmayan qurumdur. Amma keçmiş sovet respublikalarının bir hissəsi hələ də onu nəzərə almaya bilmirlər. Lakin elə buradaca bir detalı qeyd etmək lazımdır. Avtoritar kommunist liderləri müstəqil olmağın dadını görəndən sonra MDB ilə «oyun» oynamağa başladılar. Rusiya üçün bu, bir geosiyasi alətdirsə, avtoritar liderlər üçün də siyasi instrumentdir və onlar məhz bu instrument vasitəsilə özlərinin Qərblə olan münasibətlərini tənzimləyirlər. Belə tənzimləmədən hamı istifadə edir –
Stanislav Şuşkeviç, Boris Yeltsin və Leonid Kravçuk MDB-nin yaradılması haqda saziş imzalayırlar, Minsk, 8 dekabr 1991
Belarusdan tutmuş Türkmənistana qədər. Mən bir vaxt MDB çərçivəsində qəbul edilən sənədlər toplusunu hazırlamaqla məşğul idim. Onda maraqlı bir detala rast gəldim. Məlum oldu ki, məsələn, MDB çərçivəsində qəbul edilən sənədlərin altında Türkmənistanın imzası yoxdur. Yəni, bu ölkə MDB üzvü olsa da, onun əsas toplantılarının çox hissəsinə qatılmır və sənədləri imzalamır. Bəli, bu, kiçik də olsa, maraqlı detaldır. Və yaxud Azərbaycan əksər sənədləri demək olar ki, eyni bir qeydlə imzalayıb, öz qanunları ilə ziddiyyət təşkil edəcəyi halda yerli qanunların üstün olacağını qeyd edib. Amma bütün bunlara rəğmən yenə də MDB-ni tamam ziyansız qurum kimi təsəvvür etmək olmaz. Bəli, o ziyanlıdır, amma üzv ölkələrin xalqları üçün, çünki onların inkişafını ləngidir və onlara düzgün istiqamət tutmağa imkan vermir. Liderlər üçün bu o qədər də böyük problem deyil, onlar özləri çalışırlar ki, MDB çətiri altında Avropa ilə inteqrasiyadan yayına bilsinlər. Amma arabir bu düşərgədə də tənqidi fikirlər səslənir.

QARDAŞ OLMALI, YOXSA TƏRƏFDAŞ?

Keçmiş sovet ölkələri xoşbəxtlikdən təkcə avtoritar liderlərdən ibarət deyil. Elə siyasi fiqurlar tapılır ki, onlar arabir MDB –yə və Rusiyaya çox tənqidi münasibət büruzə verirlər. Məsələn, bu yaxınlarda Ukrayna Ali Radasının spikeri çox maraqlı fikir deyib. O, bildirib ki, Ukraynaya Rusiyanın qardaşlıq və dostluq haqda bəlağətli nitqləri deyil, praqmatik münasibəti lazımdır.
Rusiya tankları Gürcüstanda, 21 yanvar 2009
O, sadəcə, bir detalı unudub ki, Rusiya kifayət qədər praqmatikdir, çünki bilir ki, respublikalar inkişaf etsə, onları özünün orbitində saxlaya bilməyəcək.

ABSURD HƏRB TEATRI

MDB özünün 20 illik yubileyinə bir itki ilə – Gürcüstansız gedir. Bəli, onun Gürcüstan hərbi kampaniyası son illərin bəlkə də ən absurd mənzərəsi idi. Bu vaxta qədər görünməyib ki, hansısa alyans və ya ittifaq özünün üzvünün üzərinə hərblə getsin, amma Rusiya bu məsələdə birinci oldu, Gürcüstana qarşı hərb açdı. Lakin bu yeganə detaldırmı? Yox. Rusiyanın Dumasının da spikeri Ermənistanı Cənubi Qafqazda özlərinin forpostu adlandırır. Amma o bir məsələni açıqlamır. Ermənistan kimə qarşıdır? Yenə də MDB üzvü olan Azərbaycana qarşı! Bəli, belə detallar çoxdur. Oxşar münasibətlə Ukrayna və ya Moldova da qarşılaşır. Bəlkə də son 20 ildə dünya siyasəti bu qədər ziddiyyətli, mürəkkəb bir ittifaq görməyib. Gürcüstan MDB-dən çıxmaqla düz iş gördü, ən azı ona görə ki, hər şeyi öz adı ilə adlandırmaq lazımdır. Digər avtoritar liderlərsə hələ gözləyirlər, çünki MDB –nin sonu onların da siyasi karyerasının sonu ola bilər. Ona görə də bəzi keçmiş ittifaq ölkələri hələ bir müddət bu yükü daşımalı olacaq...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG