Keçid linkləri

Təcili xəbərlər

İlham Əliyevin xarici siyasət dilemması


İlham Əliyev
İlham Əliyev
Vaxtilə dünyada «cənab Yox» adı ilə tanınan sovet naziri A.Qromıko deyirdi ki, siyasətçi üçün min dost az, bir düşmən isə çoxdur. Dünyaya nəzər salanda, sovet nazirinin sözlərində müəyyən həqiqətin olduğunu görürsən, dünya həqiqətən də sürprizlərlə doludur. Siyasətçinin də məharəti ondadır ki, bu qədər mürəkkəb münasibətlər sistemində düzgün istiqamət seçmək və düzgün qərar qəbul etmək iqtidarında olsun. Müəyyən prinsiplərin təsbit olunduğu daxili siyasəti bir tərəfə qoysaq, xarici siyasət hələ bu günə qədər güclə prinsip arasında rəqs edir, bu balans gah bir tərəfin, gah da o birinin xeyrinə pozulur. Bir sıra ölkələr əslində xarici siyasətdəki təzadları və bəzi mürəkkəblikləri daha asan qəbul etməlidirlər, çünki onlar özləri daxildə hər an prinsiplərdən kənarda mövcud olurlar, bu ölkələrin daxili siyasəti daha çox qaydasız döyüşü xatırladır. Amma belə deyil, bu cür ölkələrin siyasət ritorikası öz incəliyi ilə bəlkə də ən prinsipial siyasətçini belə təəccübləndirə bilər. Onların təmsilçiləri beynəlxalq aləmdə hüquq və prinsiplərin zəruriliyi haqda elə nitqlər söyləyir ki, hətta Taleyran da belə diplomatiya qarşısında heyrət hissi keçirərdi. Bu yazıda belə ölkələrin diplomatiyasını tamam analiz etmək fikrində deyilik. Sadəcə, Azərbaycanın xarici siyasətini ötəri olaraq nəzərdən keçirmək istəyirik.

CƏNUBİ SUDAN HƏLƏ ÖZ NÖVBƏSİNİ GÖZLƏYİR

Qarabağ problemi olmasaydı, Azərbaycanın xarici siyasət problemləri çox sadə olardı. Amma ortalıqda beləcə bir ciddi problem var, o, həmişə müttəfiq axtarışına, böyük dövlətlərin münasibətinə apellyasiya etməyə sövq edir. Bu problemdə Azərbaycanın istinad nöqtəsi «dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı» prinsipidir.
Serbiya prezidenti Boris Tadiç İlham Əliyevi salamlayır, 8 iyun 2011
Digər tarixi və demoqrafik göstəriciləri nəzərə almasaq, bu, demək olar ki, onu hifz edən və onun üçün tutacaq rolunu oynayan əsas prinsipdir. Amma həmin prinsip tamam – kamal gözlənilsəydi, bəlkə də indi bu qədər dövlət olmazdı, onların sayı indikindən qat-qat az olardı. Üstəlik, bu yaxın illərdə iki mühüm hadisə baş verib ki, bunlar Azərbaycan rəsmilərini ciddi şəkildə düşünməyə vadar edir. Bunlar Kosovo və Cənubi Sudan problemləridir. Onların da hər ikisi öz müstəqilliyini bu yaxınlarda bəyan edib və əksər dövlətlərin də dəstəyini qazanıblar və digər dövlətlər də onları tanımaqda davam edirlər. Azərbaycan onlardan biri – Kosovo ilə bağlı mövqeyini bəyan edib, amma Cənubi Sudan hələ öz növbəsini gözləyir.

SERBİYANIN İ.ƏLİYEVİN DƏSTƏYİNƏ EHTİYACI VARMI?

Bu yaxınlarda Serbiyada səfərdə olan İ.Əliyev öz ölkəsinin Serbiyanın ərazi bütövlüyünü müdafiə etdiyini bəyan etdi. Bundan əvvəl isə Azərbaycan öz sülhməramlılarını Kosovodan geri çağırmışdı. Amma burada qəribə proses baş verir. Serbiyanın özünün Kosovo ilə münasibətləri dəyişir. Serbiya Qərb dövlətlərinin müharibə canilərini beynəlxalq məhkəməyə təhvil verməklə bağlı tələblərini yerinə yetirir, öz siyasətinə korrektələr etməyə cəhd edir və hətta bu yaxınlarda Kosovo ilə onun arasında bir sərhəd anlaşması da oldu. Bunun səbəbi nədir? Serbiya AB-yə üzv olmağa can atır, AB –nin tələbləri isə keçmiş müharibələrin nəticələrinin aradan qaldırılmasıdır. Serbiyaya açıq şəkildə bildirilib ki, o, bununla bağlı tələbləri yerinə yetirsə, AB özünü Serbiya üçün açıq elan edəcək. Başqa bir məqam da var. Hələ Kosovonun tanınmasının ilk mərhələsində bəyan edildi ki, bu, Qarabağ və eləcə digər münaqişələr üçün presedent olmayacaq.
Cənubi Sudan müstəqilliyini qeyd edir, 8 iyul 2011
Amma İ.Əliyev Qərbin bu haqdakı bəyanatlarına inamsız yanaşır və faktiki olaraq bu məsələdə Qərbin apardığı siyasətə zidd siyasət yürüdür. Təbii ki, öz xarici siyasətini müəyyən etmək Azərbaycanın daxili işidir, amma məsəl var deyirlər ki, Roma papasından da artıq xristian olmaq mümkün deyil!

BİR PROBLEMİ HƏLL ETMƏMİŞ İKİNCİSİ MEYDANA ÇIXDI

Beynəlxalq siyasətin son illərdəki sürprizlərindən biri də Cənubi Sudandır. Uzun müddət müstəqilliyə can atan bu region da artıq öz istəyinə çatıb. İndi Azərbaycan üçün daha bir problem yaranıb. O, nə edəcək? Cənubi Sudanın müstəqilliyini tanıyacaqmı? Bakı rəsmiləri hələ ki, bu məsələnin nəzərdən keçirilmədiyini bildirirlər. Amma bir şey aydındır ki, bu, əbədi olaraq belə qala bilməz. Bakı bu məsələdə də öz seçimini etməlidir. Bu seçimin necə olacağını yaxın gələcək göstərəcək. Amma proseslər belə bir tezisi qəbul etməyə sövq edir ki, bəzən siyasətdə centlmen sözünə də inanmaq lazım gəlir, əks təqdirdə çox çətin ola bilər, hətta təklənmək olar...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG