Keçid linkləri

Təcili xəbərlər

İran niyə vasitəçiliyə can atır?


Bir neçə dəfə Tehrana dəvət almasına baxmayaraq, İlham Əliyev İrana səfər etmir
Bir neçə dəfə Tehrana dəvət almasına baxmayaraq, İlham Əliyev İrana səfər etmir
Qəribədir. Siyasətdə insanların yaddaşı bəlkə də qısa olur, ya da ki, siyasət adamları belə hesab edirlər ki, ən azı siyasi etika xatirinə onların həmkarları nələrisə xatırlamayacaqlar, nələrisə «üzə vurmayacaqlar». İran hər dəfə bir bəyanat verib Qarabağ məsələsində vasitəçiliyə can atanda, adamın dərhal yadına 1992-ci il, Şuşanın işğalı düşür. Əslində o vaxt baş vermiş bu hadisə kifayət edir ki, bu məsələni birdəfəlik qapayasan. Amma yox, İran rəsmiləri bunu xatırlamırlar, hər dəfə Bakıya səfərləri zamanı sanki qəsdən həmsədr ölkələrin əleyhinə sərt bəyanatlar verir, Qarabağ probleminin həllində yeni bir format - İranın da iştirak edə biləcəyi format təklif edirlər. Zahirən bəzi detallar məntiqli görünür. Amma bu, zahirən belədir.

İran rəsmiləri nə deyir və nə təklif edirlər? Onlar deyir ki, Qarabağ problemini bölgədəki dövlətlər özləri həll etməlidir. Amma sual yaranır. Xəzərin statusu problemi bölgədəki dövlətlərin müstəsna sərəncamındadır, heç kim buna müdaxilə etmir. Onda bəs bu problem niyə həllini tapmır? Niyə bu məsələdə İran ardıcıl olaraq və daim təzyiq göstərərək dekonstruktiv mövqe tutur? Niyə bu problem özünü tükəndirmir, niyə o, həllini tapmır? Bəlkə buna da Qərb dövlətləri mane olur və onu həll olunmağa qoymurlar? Elə siyasətdə də çox şeylər həyatdakılara bənzəyir. Dövlətlər də xoşniyyətli və bədniyyətli olurlar. İranın Azərbaycanı xoşniyyətlə müdafiə etdiyi bir hadisəni xatırlamaq çox çətindir, hər zaman çalışıb ki, qonşu ölkə zəif və müdafiəsiz olsun, ondan asılı olsun, müstəqil siyasət yürüdə bilməsin. Təəssüf ki, özlərinin müstəqil siyasət yürütdüyünü iddia edən Bakı rəsmiləri də bir çox məsələlərdəcə İranın mövqeyini nəzərə alır. Məsələn, İsraildə bu günə qədər Azərbaycanın səfirliyinin açılmaması məhz İranın təzyiqləri ilə bağlıdır. Fələstin lideri M.Abbasın təntənəli qəbulu bitəndən, Bakıda Fələstin səfirliyi açılandan sonra rəsmi Bakı bu məsələni də həll edə bilərdi, amma buna cəhd göstərmir. Əslində, Fələstin problemini yalnız iki rakursda təsəvvür etmək mümkündür: müstəqil İsrail və müstəqil Fələstin dövlətinin yaradılması. Beynəlxalq hüquq fələstinlilərin haqlarını müdafiə etdiyi kimi, yəhudilərin də haqlarını müdafiə edir. Amma İran üçün məsələnin ikinci aspekti mövcud deyildir.

TÜRKİYƏNİN NÜMUNƏSİ İRAN ÜÇÜN MƏQBUL DEYİLMİ?

İranın Ermənistanla çox sıx əlaqələri var. O, bu əlaqələri barışdırıcı mövqe, barışıq üçün istifadə edə bilərdi
Qarabağ problemində ardıcıl olaraq Azərbaycanın mövqeyini müdafiə edən bir dövlət də var. Bu da Türkiyədir. 1993-cü ildə Kəlbəcər işğal ediləndən və Ermənistan işğalın xəritəsini bir qədər də genişləndirəndən sonra Türkiyə onunla bütün əlaqələri kəsib. Türkiyə həmsədr dövlət deyil, amma bunlara baxmayaraq, hər zaman Azərbaycana dəstək verir. Bəli, İranın Ermənistanla çox sıx əlaqələri var. O, bu əlaqələri barışdırıcı mövqe, barışıq üçün istifadə edə bilərdi və çox güman ki, Ermənistan da bəzi məsələlərdə onu eşitmək məcburiyyətində qalardı, çünki İranla əlaqələr onun üçün müstəsna fayda və əhəmiyyət kəsb edir. Amma İran bircə dəfə belə olsun buna cəhd edibmi, buna çalışıbmı? Bunun üçün doğrudanmı hansısa xüsusi mandata ehtiyac var? Türkiyənin də belə mandatı yoxdur, amma o, özü bunu edir.

Bəli, Bakı bunu İranın diqqətinə çatdırmağa çalışır. Məsələn, bir neçə dəfə Tehrana dəvət almasına baxmayaraq, İlham Əliyev İrana səfər etmir, bu ölkəyə ya başqa adamları göndərir, ya da tədbirlərə qatılmır. Bu da çox güman ki, onunla bağlıdır ki, Tehranda Ermənistan prezidenti çox yüksək səviyyədəcə qəbul edilir.

İƏT NƏZDİNDƏ «MUSİQİ»Nİ İRAN SİFARİŞ EDİRMİ?

Bu yaxınlarda adını dəyişən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Azərbaycan üçün çox önəmlidir və həmişə onun dəstəyinə ehtiyac duyur. Bəzən belə ehtimal irəli sürülür ki, İranla münasibətlər Azərbaycanın İƏT ilə əlaqələrinə də təsir edə bilər. Amma orada Türkiyə, Pakistan kimi Azərbaycana dəstək verən və onu müdafiə edən dövlətlər də var. Əslində, İranın müsəlman dünyasındakı rolu getdikcə sarsılmaqdadır. Onun «ərəb baharı» ilə bağlı ümidləri tamam fiaskoya uğradı. İran güman edirdi ki, ərəb dünyasında proseslər elə onun ssenarisi ilə inkişaf edəcək. Amma bunun tam əksi oldu, ərəblər göstərdilər ki, demokratiyanın və azadlığın «milli mənsubiyyəti» olmur, demokratiya elə hər yerdə demokratiyadır, azadlıq da hər yerdə elə azadlıqdır. Üstəlik, ərəb dünyasında baş verən proseslərdə bircə dənə belə olsun dini şüar, çağırış səslənmədi. Bu da İran üçün böyük zərbədir. Bütün bu səbəblərdən İranın siyasi rejimi çabalayır, çünki təminat yoxdur ki, ərəb dünyasında baş verən proseslər bir gün onun öz daxilinə sirayət etməyəcək...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG