Keçid linkləri

Təcili xəbərlər

Kazanda irəliləyiş olmasa...


Prezidentlərin Kişinyov danışıqları, 8 oktyabr 2009
Prezidentlərin Kişinyov danışıqları, 8 oktyabr 2009
Bir məsələni bilmirəm. Diplomatik görüşlərin yeri təsadüfən seçilir, yoxsa o da hansısa məna daşıyır? Hər halda prezidentlərin görüşü üçün Tatarıstanın seçilməsi müəyyən mənada simvolikdir, çünki Azərbaycan hələ bir neçə il bundan əvvəl bir neçə dəfə bəyan edib ki, Dağlıq Qarabağa elə Tatarıstanın malik olduğu statusu verməyə hazırdır. Qeyd edək ki, Tatarıstanın statusu o mənada simvolikdir ki, o, bu gün Rusiyanın özünün subyektlərinə verdiyi ən yüksək statusdur. Amma hələ H.Əliyevin sağlığında səslənən bu təklifə belə Ermənistan müsbət reaksiya verməmişdi, Rusiyanın təhriki ilə bundan artıq statusa can atmışdı. İndi çox sular axıb, çox şey dəyişib. Bəlkə münaqişə iştirakçıları bu illər ərzində reallığa daha çox yaxınlaşıblar, həm də indiki bu görüşdə status problemi gündəmdə deyil, ola bilsin, onun minimal konturu barədə artıq müəyyən şifahi razılıqlar var. Hər halda siyasət elə bir şeydir ki, yüz ölçüb, bir biçməlisən və güman ki, münaqişə tərəfləri bunları çox gözəl anlayır.

BU GÖRÜŞ HƏM DƏ BİR SINAQ GÖRÜŞÜDÜR,

çünki Rusiyanın vasitəçilik missiyası sınağa çəkilir. Bəzi politoloqlar elə Rusiyanın özünün münaqişəyə olan münasibətinin dəyişmədiyini israr edirlər. Hər şey ola bilər. Amma mən bu yaxınlarda Ermənistanla Azərbaycan arasındakı hərbi balansla bağlı bir materiala baxarkən ən azı hərbi sursat və texnika baxımından təqribi bərabər situasiya gördüm. Bəzi fərqlər vardı, amma texniki baxımdan tərəflər demək olar ki, eyni miqdarda hərbi texnikaya malikdirlər. Azərbaycanın daha artıq hərbi büdcəsi baxımından bu, bir qədər təəccüblü görünə bilər, amma bunu da təbii qarşılamaq lazımdır, çünki Ermənistan özünün hərbi arsenalını elə barışdırıcı missiya ilə çıxış edən Rusiyanın hesabına daim yeniləşdirir.
Hərbi sursat və texnika baxımından Azərbaycan və Ermənistan arasında təqribi bərabərlik var
Elə buna görə də tərəflər bir sülh razılaşmasına gələ bilsəydilər, bu, reallığın bir qədər dərk olunmasının təzahürü ola bilərdi.

Çox təəssüf, bu prosesdə bir barışdırıcı missiya ilə çıxış edən Rusiya tərəflərə münasibətdə heç elə bir neytrallıq nümayiş etdirmir. Bir sıra məmurlar indi xatırlayırlar ki, görüşlərin birində H.Əliyev ovaxtkı prezident L.T.Petrosyana Dağlıq Qarabağa əvvəldə qeyd etdiyimiz statusu – elə Tatarıstanın statusunu verməyə hazır olduğunu deyəndə, sonuncu buna inanmayıbmış, hətta bir heyrətlə soruşubmuş ki, Siz doğrudanmı bu statusu verməyə hazırsınız? Amma təəssüf ki, sonradan öz rusiyalı «patronlar»ı ilə görüşəndən sonra L.T.Petrosyan hətta bununla da razı olmadığını bildirib. İndi həmin vaxtdan 10 ildən artıq vaxt keçib. Bəlkə, bu müddət ərzində Ermənistanın və eləcə Rusiyanın məsələyə münasibəti dəyişib? Ola bilər. Hər halda artıq bu prosesdə Rusiyanı əvəz etmək istəyən də var.

AVROPA BİRLİYİ NİZAMLANMA PROSESİNƏ QOŞULA BİLƏRMİ?

İndi bunun əlamətləri sezilir. AB kifayət qədər fəallıq göstərir və prosesə öz marağını gizlətmir. Üstəlik, onun böyük resursları da var. Son illər AB təkcə iqtisadi – siyasi vahid kimi deyil, həm də ciddi geosiyasi vahid kimi çıxış edir. O, Azərbaycanla təmaslara böyük üstünlük verir. Amma təəssüf ki, bir qədər Azərbaycan rəhbərliyi bu təmaslardan yayınmağa cəhd edir. Düzdür, səfərlər, görüşlər qalır, amma bu qurumun tövsiyələri, xüsusən də onun elə demokratiya və iqtisadi islahatlarla bağlı dedikləri Azərbaycan rəhbərliyini çox az maraqlandırır.
AB Qarabağ probleminin nizamlanmasına qoşulsa, bu, bölgə üçün də müsbət nəticələr verə bilər
AB Qarabağ probleminin nizamlanmasına qoşulsa, bu, bölgə üçün də müsbət nəticələr verə bilər, çünki artıq qeyd etdiyimiz kimi, o, kifayət qədər siyasi, iqtisadi və təhlükəsizlik, yəni güc resurslarına malikdir.

HEÇ OLMASA PRİNSİPLƏRİ RAZILAŞDIRMAQ MÜMKÜN OLACAQMI?

Görüş ərəfəsində rəsmi Bakı çox optimist görünürdü. Əvvəlcə suallara azca qeyri – müəyyən tonda cavab verən E.Məmmədyarov da Moskva görüşündə irəliləyişin olduğunu bildirdi. Üstəlik, başqa dövlətlərin, eləcə də AB-nin bir qədər irəli gedərək status-kvonun dəyişməsinin zəruri olduğunu deməsi ümidləri artırırdı. Hətta dəyişiklik və irəliləyiş olarsa, Kazanda nə baş verər? Bu gün mümkün olan nizamlanma prosesinin prinsiplərini razılaşdırmaqdır. Nizamlanma prosesinin prinsipləri ilə bağlı razılıq əldə olunsa, bunu da irəliləyiş hesab etmək mümkündür, əks təqdirdə nəyin baş verəcəyini iddia etmək çox çətindir. Düzdür, həmsədrlər nikbin görünürlər. Kazanda ciddi bir irəliləyişin olmayacağı təqdirdə yeni bir konsepsiya ilə çıxış edəcəklərini də istisna etmirlər. Amma hər bir institut üçün bir limit olmalıdır. Artıq qrupun 19 yaşı var, düz 19 ildir ki, Minsk Qrupu fəaliyyətdədir və atəşkəsdən başqa elə bir nailiyyət yoxdur. Ona görə Kazan görüşü ən azı həmsədrlərin tərkibi ilə bağlı yeni qənaətlər ortaya qoya bilər. Təbii ki, Kazanda irəliləyiş duyulsa, həmsədrlərin də mövqeyi möhkəmlənəcək. Amma daha bir üzücü siyasi və diplomatik prosesə artıq halət qalmayıb, ən azı ona görə ki, sülhü, barışığı yaxınlaşdırmağın başqa metodları da var...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG