Keçid linkləri

Təcili xəbərlər

Partiyaları dövlət maliyyələşdirsə...


Əsas partiyalar onsuz da parlamentdən kənarda qalıblar
Əsas partiyalar onsuz da parlamentdən kənarda qalıblar
Bu il üçün maraq doğura biləcək hadisələrdən biri də partiyalarla bağlı yeni qanunun qəbul olunmasıdır. Məsələ təbii ki, əvvəlki populyarlığında deyil. O, son illərdə o qədər müzakirə olunub ki, jurnalistlər üçün aktuallığını itirib. Amma bu müzakirələrdə çox qabarıq şəkildə nəzərə çarpan bir detal var. O da budur ki, müzakirələr bir qayda olaraq birtərəfli şəkildə aparılır və onu daha çox hakimiyyət təmsilçiləri müzakirə edirlər. Üstəlik, hakimiyyət əvvəl, hələ 1992-ci ildə qəbul olunmuş qanunu siyasi fəaliyyətlə bağlı deklarasiya adlandırsa da, yeni qanunda da maraq doğuran əsas məsələ elə partiyaların dövlət tərəfindən maliyyələşməsidir. Digər məsələlər bir o qədər də aktual deyil. Artıq bu ildən başlayaraq neft hasilatında templər düşməyə başlasa da, hər halda ölkənin maliyyə resursları bir neçə partiyanı maliyyələşdirmək üçün yetərlidir, xüsusən də nəzərə alanda ki, partiyaların maliyyələşməsi ilə bağlı hələlik bir neçə yanaşma mövcuddur. Amma əvvəlcə qanunun harada və necə müzakirə edilməsi haqda.

PARTİYALAR HAQQINDA YENİ QANUN HARADA İŞLƏNİR?

Qısaca deyək ki, yeni qanun üzərində hazırda Prezident Administrasiyası iş aparır. Bu, təkcə qanunun aktuallığından irəli gəlmir, prezident aparatı digər qanunların da qəbul olunmasında ən vacib instansiya kimi çıxış edir. Hətta bir dəfə Milli Məclisin sədri demişdi ki, ölkədə qəbul olunan qanunların çox hissəsi prezident aparatından daxil olur. Bu detalın özü ölkədə hakimiyyət bölgüsünün hansı səviyyədə olmasının bariz təzahürüdür. Qayıdaq partiya məsələsinə. Amma nə qədər təəccüblü olsa da, qanunla bağlı Milli Məclislə Prezident Administrasiyası arasında kiçik fikir ayrılığı var, bu dəfə deputat zümrəsi özünə icra hakimiyyətinin təmsilçilərindən azacıq fərqli düşünməyi rəva görə bilib.

FİKİR AYRILIĞI NƏDƏN YARANIR?

Əsas məsələ qeyd etdiyimiz kimi, partiyaların maliyyələşməsidir. Elə fikirlər də bu məsələ ilə bağlı haçalanır. Milli Məclis partiyaları mandatların sayına görə maliyyələşdirməyi, Prezident Administrasiyası isə onları topladıqları səsə görə maliyyələşdirməyi təklif edir.
Bir istək olsaydı, partiyaların həll edilməli çox problemi var. Məsələn, qərargah problemini götürək
Prinsipcə, fikir ayrılığı elə də ciddi deyil, onsuz da parlamentdə də, Prezident Administrasiyasında təkcə YAP üzvləri təmsil olunub və bu fərqi elə YAP –ın üzvləri arasındakı fikir ayrılığı kimi də yozmaq olar. Nəzərə alsaq ki, YAP öz daxili demokratiyası ilə bir o qədər də seçilən partiya deyil, gec – tez güman ki, elə prezident aparatının mövqeyi üstün gələcək.

BƏS MÜXALİFƏT NƏ DÜŞÜNÜR?

Bu haqda ondan heç soruşan da yoxdur. Bir vaxtlar ATƏT-in Bakı təmsilçisi Ə.Cankorel müxalifətlə hakimiyyət arasında formal, simvolik dialoqlar təşkil etməyi sevirdi. Amma indi onun da fəaliyyət müddəti bitdiyindən partiyaları heç yada salan da yoxdur. Çox güman ki, hansısa formada formal müzakirə olacaq və yəqin bu, payızda baş verəcək. Üstəlik, bir məsələ də var ki, əsas partiyalar onsuz da parlamentdən kənarda qalıblar. Dövlət maliyyələşdirmə siyasəti onlara onsuz da böyük maliyyə dividentləri vəd etmir. Bəli, bir istək olsaydı, partiyaların həll edilməli çox problemi var. Məsələn, qərargah problemini götürək. Məgər dövlət bu problemi həll edə bilməzmi? Aydındır ki, partiyaların özlərinin bu problemi müstəqil bir şəkildə həll etmək iqtidarı yoxdur. Amma o da var ki, bu problemi elə hakimiyyətin özü yaradıb: bəli, 1998-ci ilin prezident seçkisindən sonra AMİP, 2003-cü ilin seçkisindən sonra Müsavat, 2005-ci ilin parlament seçkisindən sonra AXCP öz mənzil – qərargahından məhrum edildi. Bunu xatırlayanda, adam heç inana bilmir ki, hakimiyyət özünün yaratdığı problemi özü də həll etmiş olsun.

PARTİYA TİCARƏTİ

Yeni qanundan böyük ehtimalla əsasən parlamentdə bircə mandatla təmsil olunan və ölkədəki siyasi oyun qaydalarını qəbul edən partiyalar yararlana biləcək. Çox güman ki, bir ara xırda partiya ticarəti vüsət alacaq və çoxlu sayda yeni «siyasi toçka»lar yaranacaq. Təbii, hakimiyyəti belə perspektiv o qədər də narahat etmir, çünki xırda partiyaların xırda tələbatlarını ödəmək üçün ölkədə resurs var, əsas odur partiyalar ölkədəki siyasi oyun qaydası ilə davransınlar.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG