Keçid linkləri

Təcili xəbərlər

Dissidentlərin gücü


Elektrik Lex Valensa mübarizəyə qoşulan zaman ona siyasi lider demək olardımı? Polşa, 20 avqust 1989
Elektrik Lex Valensa mübarizəyə qoşulan zaman ona siyasi lider demək olardımı? Polşa, 20 avqust 1989
«Son dövrlərdə ilk dəfə sovet bloku ölkələrində ən mühüm siyasi hadisələr baş verdisə, bu ona görə belə oldu ki, onun önündə dayanan simalar özünü siyasətçi hesab edənlər deyil, daha çox riyaziyyatçılar, filosoflar, tarixçilər, yazıçılar, adi fəhlələr idi».

Vatslav Havelin bu fikri bir qədər gözlənilməz və eləcə də mübahisəli görünə bilər. Amma o, bunun izahını da verir: «Bir adam siyasətçi deyilsə, o, siyasətin ənənəvi qanunları ilə məhdudlaşmır». Müxalifətin son vaxtlar keçirdiyi siyasi aksiyalar haqqında fikirləşərkən diqqətimi bu sətirlər özünə çəkdi. Özünü daha çox siyasətçi hesab edən, danışığını, dedikləri ictimai fikirləri siyasi məntiq və leksikonla məhdudlaşdıran və ən başlıcası isə aksiyaların gedişini evindən müşahidə edən müxalifət liderləri... Onlar real siyasətin heç həndəvərində belə deyillər, zira hamını, öz tərəfdaşlarını, onlara yaxın olan qəzetlərin müxbirlərini böyük bir «siyasətçi» olmağa vadar edir, onları davranışlarını siyasi qəliblərə salmağa məcbur edirlər və bununla da insanların haqsızlığa, azadlığın boğulmasına qarşı səmimi, qeyri – siyasi mübarizəsini çətinləşdirirlər.

Mən qeyri – siyasi, səmimi mübarizə dedikdə, nəyi nəzərdə tuturam? Bu elə mübarizədir ki, onu həyata keçirərkən insanlar onun mümkün dividentləri haqda düşünmürlər və siyasi partiya liderləri arasındakı münasibətləri, çəkişmələri, problemləri nəzərə almırlar. Onlar üçün kimin birinci, kimin isə ikinci olması o qədər də əhəmiyyət kəsb etmir, onlar sadəcə, azad olmaq istəyirlər və bunun uğrunda çarpışırlar. Elə siyasi liderlər də bir qədər fərqli olurlar. O vaxt hətta siyasi sözünü liderlərə tətbiqən işlətmirlər. Elektrik Lex Valensa mübarizəyə qoşulan zaman ona siyasi lider demək olardımı? Bəli, vaxt keçdi, o, lider oldu, sonra hətta siyasi lider də oldu. Amma əvvəldə o, sadəcə azadlıq uğrunda mübariz idi. Azadlıq uğrunda mübarizədə siyasi mənafe olmur, çünki arada siyasət olmur, hamı siyasi iştirakdan məhrum olur və insanlar da məhz ona çalışır ki, özlərinə siyasətlə maraqlanmaq, siyasi proseslərdə iştirak etmək və bir də onlara təsir etmək hüququnu qaytarsınlar. Bu dövr siyasətçilərin yox, bir başqa qəbildən olan insanların – dissidentlərin dövrüdür. Çox güman ki, elə Andrey Saxarov, lap əvvəldə Vatslav Havel də özünü siyasətçi hesab etmirdi, daha çox dissident sayırdı. Partiyalar bir institut kimi mövcud ola bilmirsə, onlara heç fəaliyyət üçün imkan verilmirsə, ölkədə azad seçki institutu yoxdursa, hansı siyasi mübarizədən, siyasi rəqabətdən, siyasi maraqlardan danışmaq olar? Bu dövrdə etiraz edənlərin hamısı dissident olur və onlar arasındakı əlaqə, anlaşma da siyasi anlaşmadan və əlaqədən fərqli olur.

DİSSİDENTLƏR KİMDİR?

Polşada «Solidarnost» hərəkatının tərəfdarları parlament seçkilərində qələbəni bayram edirlər - 5 iyun 1989
Bu terminə ingilislərdə hələ bir neçə əsr bundan əvvəl təsadüf olunur. Onu birmənalı şəkildə müəyyən etmək çətin olsa da, dissidentlər ölkədəki hakim ideologiyanı və siyasi dəyərləri qəbul etməyən və onlarla ixtilafda olan, ona qarşı mübarizə aparan insanlardır.

DİSSİDENTLƏR VƏ FOLKLOR

Dissidentliyin mahiyyətində xəlqilik, ziyalılıq və həm də folklor elementi var. Əvvəldə qeyd etdiyim kimi, onlar peşəkar siyasətçi olmur, ona görə də nə ibarəli fikirləri ilə, nə də mükəmməl konspirioloji fəaliyyətləri ilə seçilirlər, daha çox mübariz və daha çox ziyalı olurlar. Hər bir dissident haradasa maarifçi hesab edilə bilər, çünki o, insanları hərəkətə gətirmək üçün onlara maraqlı olmalıdır, onları cəzb etməlidir. Polşalı dissident Marek Novitski mübarizə dövrü haqda maraqlı epizodlar danışırdı. O, deyirdi ki, «biz təhlükəsizlik orqanlarını öz qeyri-peşəkarlığımızla çaş-baş salırdıq, azdırırdıq. Peşəkar orqanlar özləri kimi bizi də peşəkar hesab edirdilər və elə buna görə də mübarizədə uduzurdular, çünki biz peşəkar deyildik, biz konspirioloji fəaliyyətə o qədər də bələd olmayan həvəskar dissidentlər idik.

Marek Novitski adi bir misal çəkir. O deyirdi ki, məsələn, təhlükəsizlik orqanlarına xəbər çatırdı ki, bizim adam filan saatda filan yerdə olacaq. Təhlükəsizlik işçiləri dəqiq vaxtındaca orada olurdular, amma heç kimi tapa bilmirdilər, çünki bizim həvəskar dissidentlər bir qayda olaraq gecikirdilər!

PARTİYALAR VƏ DİSSİDENT KLUBLARI

Onsuz da ölkədəki siyasi partiyalar dissident klublarına çevriliblər. Amma o da var ki, liderlər bu mühitə özlərinin siyasi ambisiyalarını köçürməklə onu bir qədər effektsiz edirlər, fəaliyyətini çətinləşdirirlər. İnsanlar maariflənsə, başqalarını da maarifləndirməyə başlayacaqlar və o vaxt siyasi sədlər bir az unudulacaq, hamı da başa düşəcək ki, bütün siyasətlərin, ideologiyaların əvvəli, bünövrəsi azadlıqdır – o, yoxdursa heç nə yoxdur, eləcə siyasət...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG