Keçid linkləri

Təcili xəbərlər

AKP-nin bir qələbəsi və bir məğlubiyyəti


AKP-çilər öz uğurlarının təsadüfi və mövsümü xarakter daşımadığını sübut etdilər
AKP-çilər öz uğurlarının təsadüfi və mövsümü xarakter daşımadığını sübut etdilər
Türkiyədə də parlament seçkisi başa çatdı. İlk baxışda buna adi bir hadisə kimi baxmaq olar. Amma demokratik ölkələrdə seçki hər vaxt böyük maraq doğurur. Hətta ABŞ kimi oturuşmuş dövlətdə belə seçkilərin nəticələrini bir qayda olaraq hamı böyük maraqla izləyir. Seçki nə vaxt maraq doğurmur? O vaxt ki, o, qeyri – demokratik ölkədə keçirilir, çünki bu halda seçki demək olar ki, heç nəyi həll etmir. Amma demokratik ölkə tamam başqa bir şeydir.

Bəli, mötədil islamçılar üçüncü dəfə ölkə parlamentinə seçkidə mandatların böyük hissəsinə sahib oldular. Türkiyə siyasətində «başıörtülülər» adlanan AKP-çilər öz uğurlarının təsadüfi və mövsümü xarakter daşımadığını sübut etdilər. Bəzən siyasi qələbə də konyunktura xarakteri daşıyır, bir də görürsən hansısa siyasi qüvvələrin müvəqqəti uğursuzluğu fonunda başqa bir siyasi qüvvə özü də gözləmədiyi halda böyük qələbə qazanır.

Amma AKP Türkiyə siyasətində təsadüf deyil. Artıq bununla barışmaq lazımdır, çünki üç ardıcıl qələbə artıq sistemli və uğurlu siyasətdən xəbər verir. Amma bu seçki digər detalları ilə də yadda qaldı. Düşünmək üçün kifayət qədər predmet və səbəb var.

HƏM İKİNCİ VƏ HƏM DƏ BİRİNCİ OLMAQ MÜMKÜNDÜRMÜ?

AKP bu seçkidə ötən dəfəkinə nisbətən 6 mandat az qazandı. O, ötən dəfdəki qələbəsini təxminən qoruyub saxlaya bildi, amma onu artırmağı bacarmadı. Bəlkə də bu seçki AKP üçün bir siqnaldır.
CHP lideri Kamal Kılıçdaroğlu
Seçki partiyanın stabil elektorata sahib olduğunu göstərsə də, müəyyən reqressiya tendensiyasını da aşkar etdi. Partiya liderləri üçün bu, indiki qələbənin fonunda cüzi uğursuzluq təsiri bağışlasa da, analitiklər üçün düşünməyə əsas var.

Ən böyük siyasi sürpriz isə CHP tərəfindən təqdim edildi. Əvvəlcədən mübarizənin üç böyük partiya arasında gedəcəyi aydın idi. Amma əksəriyyət daha çox MHP-yə şans verir və bu partiyanın CHP-dən çox səs toplayacağını güman edirdi. Ona görə ki, CHP lideri Dəniz Baykalın siyasi fiaskosu və onun haqqında yayılan videogörüntülər bir o qədər də böyük uğura ümid etməyə əsas vermirdi. Demək olar ki, son bir ildə CHP-yə qarşı ciddi informasiya müharibəsi aparılmışdı.

Amma partiya bu dəfə ötən dəfəki seçkiyə nisbətən 34 mandat artıq qazana bildi və siyasi partiyalar arasında mandatlarını artıran tək siyasi partiya oldu. Əvvəlcədən CHP-nin mandatlarının bir hissəsinə sahib olacağı güman edilən MHP isə ötən seçki ilə müqayisədə 18 mandat itirdi.

LE ŞATLYE – BRAUN PRİNSİPİ VƏ SEÇKİ

CHP-nin uğuru bir məsələyə diqqət yetirməyə vadar edir. Çox güman ki, bu partiyaya qarşı aparılan qara piar kampaniyası əks reaksiya doğurdu və bu partiyanın elektoratını daha da səfərbər etdi.

Fizikada bir prinsip var, amma onun tətbiq sahəsi digər elmlərə də gedib çıxır. Həmin prinsipə görə, hər bir tendensiya özünə əks tendensiya doğurur.
Ən böyük siyasi sürprizi CHP etdi
Bu baxımdan yanaşanda, anti-reklam da son nəticədə gəlib reklama çevrilə bilər. Ona görə də amerikalılar bir deyimi çox sevir: «Mənim haqqımda nə istəyirsənsə de, amma adımı və familiyamı düz de!».

Özü də uzun müşahidələrin yekunu olaraq bir nəticəni xüsusi qeyd etmək yerinə düşər: hakim siyasi qüvvə hər hansı başqa bir siyasi qüvvəyə qarşı qara kampaniya aparırsa, böyük ehtimalla bu, onun reklamına çevrilir! Bu, ciddi psixoloji məqamdır. Bunun səbəbini birmənalı şəkildə müəyyən etmək mümkün deyil: burada bəlkə zəifə və təqib olunana qarşı mərhəmət hissi rol oynayır, bəlkə də insanlar həmişə hakimiyyətdən narazı olduqları üçün onun tənqidini bir çox hallarda tərif kim qəbul edirlər. Hər halda, səbəbi birmənalı şəkildə demək çətindir.

KİÇİK SÖZARDI

Azərbaycanda siyasi leksikonda bir ifadə var: siyasi meyit! AKP-nin məntiqi CHP-yə siyasi meyit deməyə əsas verirdi. Amma nə oldu? Partiya ən azı öz stabil elektoratını qoruyub saxlaya bildi. Bu ehtimalla demək olar ki, Azərbaycanda əsl demokratik seçki keçirilsə, indi fəaliyyəti heçə endirilmiş müxalifət kifayət qədər uğur qazanar, çünki onun fəaliyyətsizliyini müəyyən mənada hakimiyyətin apardığı qara piar kampaniyası və təzyiq siyasəti tam kompensasiya edir.

Bəlkə bunun nəticəsidir ki, son illərdə daha çox müxalif siyasi qüvvələri unutdurmaq kampaniyası, onlar haqqında susmaq siyasəti aparılır. Amma hakimiyyət ara-bir bu siyasəti də pozmaq məcburiyyətində qalır. Görünür, əsəbləri davam gətirmir...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG