Keçid linkləri

Təcili xəbərlər

Azərbaycanın üç təsir imkanı


İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyan Soçidə, 25 yanvar 2010
İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyan Soçidə, 25 yanvar 2010
«8»lər də Qarabağ problemi ilə bağlı öz bəyanatlarını yaydılar. Böyük dövlət problemə həmişə böyük prizmadan baxır. Onlar belə hesab edir ki, insanları sülhə hazırlamaq lazımdır. Bəlkə «kompromislərə hazırlamaq»- demək daha düzgün olardı. Amma münaqişənin nizamlanması prosesində ən müşkül və ən çətin məsələ də elə bu kompromisləri tapmaqdır. İndi problemin həllində iki mühüm detal diqqət çəkir. Böyük dövlətlər nədənsə bu detalları ciddi bir şəkildə nəzər almırlar. Söhbət nədən gedir?

BİR İL MÜHARİBƏ ÇAĞIRIŞLARI SƏNGİYƏCƏK

Buna əmin olmaq üçün elə bir analitik vərdiş tələb olunmur. Bir ildən sonra Azərbaycan böyük mahnı festivalına sahiblik edəcək. Milyonlarla insanın və hətta çoxlu sayda dövlətlərin diqqəti Azərbaycanda olacaq, ölkəyə minlərlə qonaq təşrif buyuracaq. Belə bir halda müharibədən danışmaq ən azı turizm və elə diplomatiya nöqteyi-nəzərindən də məqbul deyil. Təbii, ölkə özünün torpaqlarını azad etmək hüququnu özündə saxlayır.

AZƏRBAYCANIN HƏRBİ RİTORİKASI

Amma bir detalı qeyd etmək yerinə düşərdi. Onsuz da hərbi və müharibə ritorikası daha çox daxili auditoriyaya ünvanlanmışdı və daha çox təbliğat xarakteri daşıyırdı. Hərbi ritorikanın diplomatik danışıqların gedişinə təsiri haqda ciddi bir söz demək mümkün deyil, belə təsir müşahidə olunmayıb. Onu da etiraf etmək yerinə düşər ki, Ermənistan Azərbaycanın müharibə ritorikasından elə də narahat olmur, çünki bu ölkə özünün silahlanma problemlərini Rusiyanın sayəsində həll edib. Azərbaycanın artan iqtisadi imkanları və hərbi potensialı heç olmasa azacıq da olsa, Ermənistana təsir etsəydi, bu, diplomatik danışıqların gedişində hiss olunardı. Hələ ki, belə hal
Rusiya-Ermənistan hərbi təlimləri, 9 avqust 2002

müşahidə olunmur.

Amma indi bir neçə imkan yaranıb ki, Azərbaycan bu imkanlardan Ermənistanın Rusiya ilə əlaqələrini və bağlılığını azaltmaq üçün istifadə edə bilər.

RUSİYANIN SÜLH TƏŞƏBBÜSÜ

Problemə bütün dövlətlərdən daha çox Rusiyanın yaxın olduğunu heç kim inkar etmir. İndi danışıqlar da Rusiyanın çətiri altında aparılır. Amma indiyə qədər keçirilən onlarla görüş hələ heç bir nəticə verməyib. Ötən il ATƏT-in Astana sammitindən müəyyən gözləntilər vardı. Amma tərəflər ancaq sülhə sadiq olduqlarını bəyan etdilər. Sözün əsl mənasında isə sülh yoxdur. Elə bir ay olmur ki, döyüş bölgələrinə yaxın ərazilərdə hərbçilər, mülki şəxslər həlak olmasın. Təbii ki, bu alovu söndürməyə hamıdan yaxın Rusiyadır. O da istisna deyil ki, Rusiyanın Azərbaycanda ciddi maraqları var və bu maraq heç Ermənistandakı maraqlardan geri qalmır. Üstəlik, Azərbaycanın Rusiya üçün nəzərdə tutulan təklifləri də var. Lakin Azərbaycan bundan milli maraq naminə istifadə edəcəkmi?

ÜÇ POTENSİAL İMKAN

Hazırda Qəbələ RLS-in gələcək istismarı ilə bağlı danışıqlar gedir. Bu, bir imkandır. Obyekt Rusiya üçün özünün müstəsna hərbi əhəmiyyətini itirsə də, onun ciddi siyasi rolu var. Rusiya çox istəyir ki, hansısa formada Azərbaycan ərazisində hərbi və təhlükəsizlik baxımından təmsil olunsun.

Qəbələ RLS
Digər imkan «Nabucco» layihəsi ilə bağlıdır. Azərbaycan bu layihədən olan «siyasi – iqtisadi məsafə»sini tənzimləməklə və Rusiyanın maraqlarını nəzərə almaqla onun diqqətinə öz maraqlarını çatdıra bilər. Bu, olduqca ciddi məsələdir. «Nabucco» layihəsi Rusiyanın «qaz arteriyası» üçün əsl rəqibdir.

Nəhayət, başqa bir imkan bu günlərdə yarandı. Azərbaycan bloklara qoşulmayan dövlətlərin təşkilatına müraciət etməklə faktiki olaraq Rusiyaya ciddi ismarış göndərdi ki, onun da maraqlarını nəzərə alır və NATO –ya inteqrasiya etmək fikrində deyil. Buna Rusiyanın adekvat cavabı olmalıdır...

İndi üç ciddi və real imkan sadalandı. Normal dövlət bu imkanlardan yararlana bilərdi. Azərbaycan bunu edəcək? Birmənalı şəkildə demək çətindir. Hələ onu demirik ki, sadalanan üç amillər müəyyən mənada İranla da sövdələşməyə imkan verir. Bu yaxınlarda ölkə prezidentinin İrana səfəri nəzərdə tutulur. Bəli, geosiyasət də Azərbaycanın sərəncamına ciddi təsir vasitələri verir. İndi bircə məsələ qalır. Bu imkanlar сari siyasi maraqlar üçün deyil, milli maraqlar üçün istifadə edilsin. Onda hətta Qarabağ problemində də ciddi irəliləyişlər ola bilər.

ÇÖRÇİLL RUSİYA HAQDA

Rusiyanı hamıdan yaxşı tanıyan adamlardan birinin, U.Çörçillin maraqlı bir fikri vardı. O, yazırdı ki, ruslar yeganə millətdirlər ki, ancaq güclə hesablaşır və onu nəzərə alırlar. İndi siyasi və diplomatik resurslar var, bərabər işarəsi Azərbaycanın xeyrinə dəyişib. Zira Azərbaycanın bir problemi var: burada təkcə ünvanlı sosial yardım deyil, böyük siyasi resurslar da öz ünvanlarına çatmır, öz ünvanı üzrə «xərclənmir». Problem bundadır...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG