Keçid linkləri

Təcili xəbərlər

Siyasi «soap opera»


İlham Əliyevin görüşü
İlham Əliyevin görüşü
Adidən də adi mənzərə. İ.Əliyev təmir – tikinti planı qarşısında dayanıb. Bir qədər aralıda beş – on adam boynunu bükərək onu gözləyir. Plana ötəri bir nəzər salan prezident onu gözləyən adamlara yaxınlaşır. Və tərif dolu, pafos ilə zəngin minnətdarlıq çıxışları başlayır. Hətta ötəri baxış kifayətdir ki, əmin olasan ki, burada bir nəfər belə olsun təsadüfi adam yoxdur, hər şey və hər kəs irəlicədən dəqiq müəyyən edilib. Bu günlərdə belə görüşlərin birindəcə İ. Əliyev insanlardan nəzarət etməyi, hər şeyi ciddi nəzarətdə saxlamağı və bununla bağlı hakimiyyət strukturlarını məlumatlandırmağı xahiş etdi. Mən onun səmimiyyətinə ürəkdən inanmaq istəyirəm. Amma elə detallar var ki, onlar sadəlövh olmamağı tövsiyyə edir. Biz çox eşitmişik. Həm inhisarçılıq və həm də korrupsiya haqda, həm ucuzluq və həm də yüksək rifah haqda, fəqət bunların hamısı ən yaxşı halda bir şüar olub. Bəli, nəzarət yaxşıdır, o, halda ki, bunun üçün effektiv mexanizimlər olur. Azərbaycanda belə üsul və ya mexanizm varmı?

NORMAL CƏMİYYƏTDƏ İCTİMAİ NƏZARƏTİ KİM EDİR?

Normal cəmiyyətlərdə institutlar olur: qeyri – hökumət təşkilatları, partiya və siyasi təşkilatlar, mətbuat və müstəqil media. İ.Əliyev niyə görə onlardan ictimai nəzarəti həyata keçirməyi xahiş etmir? Məsələ də elə bundadır. İndi ölkədə qəribə situasiya formalaşıb. Nəyəsə müstəqil və ya müxalifət yarlıkı yapışdırılır. Bununla da həmin struktur dəfn edilir. Məsələn, müstəqil qəzet və jurnallarda yazılanlar müxalifət mövqeyi kimi təqdim olunur. Bu isə elə o deməkdir ki, orada yazılanlara və deyilənlərə fikir verməmək olar, çünki bu müxalifətin mövqeyidir. Mətbuat konfranslarında iştirak edən jurnalistlər belə halla çox qarşılaşıblar. Soruşursan ki, bizi niyə dəvət etməmisiniz? O saat qayıdırlar ki, siz müxalifətsiniz, onsuz da gedib öz bildiyinizi yazacaq və qaralayacaqsınız!.. Bu yolla müstəqil ictimai nəzarətin bütöv bir seqmenti sıradan çıxır. Və yaxud qeyri – hökumət təşkilatlarını götürün. Bir vaxtlar, qeyri – hökumət təşkilatlarının hələ müstəqil olduğu vaxtlarda, hakimiyyət qəzetləri onlar haqqında nələr yazırdı!? Bu idimi müstəqil rəyə və ya təftişə olan münasibət?! Eyni qayda ilə siyasi partiyalar haqda danışmaq olar. Elə təsəvvür yaranır ki, müxalifət partiyaları durub desələr ki, gecə hava qara olur, bunu müxalifət mövqeyi kimi qəbul edəcəklər! Deyəcəklər ki, Cənubi Qafqazın lider ölkəsində hava heç vaxt qaranlıq ola bilməz! Necə ki, bir vaxt demişdilər ki, H. Əliyevin idarə etdiyi ölkədə gün tutula bilməz! Amma gün də tutuldu, sonra zəlzələ də oldu, daşqın da... İndi nəzarət etməyi tövsiyyə və xahiş edirlər. Gecdir. Qatar gedib. Korrupsiya ilə mübarizə aylığı heç bir nəticə vermədi. Bunu bütün müstəqil insanlar etiraf edir. Nədən belə oldu? Ona görə ki, «mübarizə» ancaq «aşağılar»a, məmur korpusunun ətəklərinə toxundu. Yuxarı elitanın gəlirləri və sərvəti, iqtisadiyyatdakı mövqelərilə ilə bağlı hətta açıqlama da verilmədi. Korrupsiya ilə bağlı mübarizə o vaxt bir effekt verə bilərdi və inandırıcı görünərdi ki, dünyanın müxtəlif yerlərinə və ünvanlarına səpələnmiş mülklər haqda məlumat veriləydi, onlara aydınlıq gətiriləydi, bu söhbətlərə hansısa formada son qoyulaydı! Bunsuz mübarizə «soap opera» kimidir, maraqlıdır, amma inandırıcı deyil! Bəli, siyasi «soap opera»! Bir vaxt insanlar prezidentlə görüşlərdə həqiqətən problemlərdən danışmağa cəhd edirdilər. Bu, 2003 – 2004 –cü illərə təsadüf edirdi. Amma tezliklə buna son qoyuldu. Müəssisə açmaq əvəzinə, insanlar üçün iş yeri yaratmaq əvəzinə hər yerdə H.Əliyev mərkəzlərinin tikintisinə start verildi! Və beləcə görüşlər də bitdi, nəzarət də...

İNSAN NİYƏ BELƏ HƏR ŞEYƏ ALIŞQANDIR?


Rusların çəkdiyi «Dostoyevski» filmində maraqlı bir söz deyilir: insan gec – tez hər şeyə alışır. İndi azərbaycanlılar da alışıblar: rüşvətə də, yalana da, ucuz tərifə də, zorakılığa da... Onları heç nə təəccübləndirmir, heç nə qəribə görünmür, çünki hər şey adiləşib. Biz bir çox gözəl ideyaları milliləşdirmək istədik, amma alınmadı. Amma əvəzində rüşvət milliləşdi, yalan milliləşdi... Az qala «mentalitet»in bir hissəsinə çevrildi. İndi çox şey deyə bilərlər, çox şüarlar səsləndirə bilərlər, amma inanmağa taqət və lüzum yox, ona görə ki, ölkədə siyasi serial – «soap opera» gedir...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Ən son yazılan

XS
SM
MD
LG