Keçid linkləri

Təcili xəbərlər

İmic məsələsində bədxərclik


Niyazi Mehdi
Niyazi Mehdi
BİR SƏHVİMƏ DÜZƏLİŞ

90-cı illər başlayanda bir suçum oldu, kimsə «ölkəmizin imici» deyəndə, söylədim ki, insanın imici olar, ölkənin yox. O zamankı biliyimə görə, «şəkil», «görk», «görüntü» anlamını verən bu söz termin kimi Mediada və başqa yayım sistemlərində tanınmışların düzəldilmiş maska tipli şəklini bildirməliydi. İmic termini iki nəsnəni ayırırdı, insanın özünü və insanın dərgilərdə, ekranlarda, saytlarda hansı başqa, özü də təkrarlanan cizgilərdə görünməsini. İmic termin kimi «imic-meyker» məsələsini də arxasınca çəkib gətirirdi: yəni o məsələni ki, imicini düzəltmək üçün ixtisaslaşmış qrup sənin haqqında rəylər, oçerklər yazıb-yazdırıb səni media-maskanın arxasında gizlədir. İmic-meyker o kəsdir ki, sənə deyir, gəl olaylar uyduraq ki, sən simic, ya arvadbaz, ya şöhrətdən yorulmuş görünəsən.

Ancaq yanıldığımı son 10 ildə gördüm. Gördüm ki, «imic» terminini ölkə və ulusla bağlı da işlədirlər («banan respublikası» məsələn, ölkənin pis imici ola bilər). Beləliklə, söyləmək olar ki, «Eurovision»da bizim gənclərin uğuru Azərbaycan imicinə yaraşıq verdi. Ancaq bu qələbəyə sevincimizin özünüöygüsündə nə qədər axmaqlaşıb «ay ermənilərə göstərdik», «ay, bütün millətlərin fövqündə durduq» desək də, indi zaman keçib, düşüncəli söhbətlərə də keçməliyik.

ÖNCƏKİ İMİC BİLGİMİZDƏN

Bu imic məsələsindən öncə bizdə «bizi tanıdan», «bizi tanıdılar» kimi deyimlər vardı və əslində «imic»in bizdə ilkin variantı idi. «Biləcəridən o yanda tanınmır» deyimi isə həm hansısa iddialı adamı kiçiltmək üçün işlədilirdi, həm də onu bildirmək üçün idi ki, bir yazıçı, müğənni,
Dəbli nəsnə almaq istəyəndə, «brend» imkan verir ki, vaxta, enerjiyə qənaət edib tovarı «adına, şanına» görə seçəsən
alim kimi sən «Azərbaycan» imicinə heç nə vermirsən («sən Azərbaycana nə vermisən ki?!»).

İMİCLƏR VƏ FIRILDAQ

Bazarda imicin təsirini «brend» (ya russayağı desək, «brend») yaxşı açır. Bu termin «damğa» kəlməsindən gəlib. İndi isə tavarın imici ilə səsləşir. Brendin bir effekti odur ki, yaxşı və dəbli nəsnə almaq istəyəndə, «brend» imkan verir ki, araşdırmağa vaxt sərf etmədən, deməli, vaxta, enerjiyə qənaət edib tovarı «adına, şanına» görə seçəsən. Ancaq brendin və imicin bir əskiyi var, onlar adamları aldatmaq, fırıldaq yapmaq işinə də ayaq verirlər. Brendlə girdirmə tavarları soxuşdururlar, ona görə də brend, imic sistemi fırıldaqçılar üçün münbit atmosfer yaradır.

Səbəbi imic və brendin aldadıcı identifikasiyalara (eyniləşdirmələrə) əsas verməsidir. İgid kişinin oğlunu atası ilə eyniləşdirib avtomatik identifikasiya aparmaq yanlış ola bilər, çünki igid atanın çox qorxaq və alçaq oğlu da ola bilər. Bütün Remboya oxşayan gənclərin başına fırlanan qızların kefi eyniləşdirməkdən gəlir: oxşayırsa, deməli, onun kimi igiddir. Halbuki Stallonenin özünü də filmlərdəki imici ilə eyniləşdirməyin təhlükəsi var. Çünki çox güman ki, dünyanın özündə qorxmazlıqda Stallone adi çeçen mücahidinə də çatammaz. Bax imicin belə məsələləri var.

ÖLKƏNİN DƏ İMİCİ OLURMUŞ

Çox maraqlıdır, Silvio Berluskoni ilə bağlı italyanlar həyəcan təbili çalmışdılar ki, İtalyanın imicinə zərbə dəyib.
«Eurovision»u udmaq, Bakıda uluslararası konfranslar keçirmək büdcəmizdən getsə də, boşuna deyil
Ancaq neyçünsə fransızlarda, ingilislərdə milli imicləri ilə bağlı nəsə qorxu görmürsən. Bizdə bəzi özəl tibb klinikalarının adına «Amerika», «Avropa» sözlərinin yazılması isə imicli ölkələrin adından necə pul çıxarmağı göstərir.

METONİMİK İŞARƏLƏR

İmicin bir etgisini açım. Metonimik işarə odur ki, hissə, kəsim bütövü bildirir. Beləcə, kinoda iri planda göstərilən əsəbi əl və ya gözlər bütöv insanın işarəsi, bildiricisi olur. Eləcə də ölkənin (ulusun) imici metonimik situasiya yaradır. Məsələn, bir vaxtlar çeçen imicinə görə, hər çeçenlə rastlaşanda, onu metonimik işarə prinsipində ipə-sapa yatmaz dalaşqan adam sayırdıq. Heç ağlımıza da gəlməzdi ki, Ramzan Kadırovun bu qədər yaltağı olacaq.

Bizim erməniləri yaxşı dərzi, yəhudiləri yaxşı həkim saymağımızın nə qədər əsası olsa da, bu saymağımızda metonimik işarə prinsipində işləyən imic məsələsi də vardı.

AZƏRBAYCAN İMİCİ

Bizim hamımızın marağındadır ki, yaxşı Azərbaycan imici dünyanı «aldatsın». Heyf deyil, yabançı ölkədə Azərbaycan imici Harvard diplomu kimi işləyib sənin haqqında bacarıqlı, mədəni, səliqəli insan təsəvvürü yaratsın?! Biri var bu təsəvvürü qazanmaq üçün bir ay əziyyət çəkəsən, biri də var bu effekti milli imic bir anda yaratsın. Bu anlamda Azərbaycan imicinə milyonlarla xərcləyib «Eurovision»u udmaq, Bakıda uluslararası konfranslar keçirmək büdcəmizdən getsə də, boşuna deyil. Ancaq bu yerdə bədxərclik məsələsini də deməyə bilmirsən. Yox, bədxərclik o pulları sərf etməkdə deyil. Bədxərclik odur ki, filan qədər maliyyə qoyub yaxşı imic yaradırsan, sabahı isə dürlü beynəlxalq reytinq siyahılarında yüksək korrupsiyalı dövlət, «Jurnalistlərin qənimi» və s. adını qazanıb imicə qoyduğun pulları batırırsan.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir
XS
SM
MD
LG