Mixail Qorbaçov yüksək tribunadan yenidənqurma siyasətini elan etdikdə SSRİ məkanında ilk Xalq Cəbhəsi Latviyada təsis edildi. Az sonra bu ad Azərbaycanın milli azadlıq hərəkatına başçılıq edənlərin də ürəyincə oldu və Azərbaycan Xalq Cəbhəsi yarandı. Latviya müstəqilliyini əldə etdikdən sonra Xalq Cəbhəsi müxtəlif partiyalara çevrildi, Azərbaycanda isə hazırda bu adda bir-birini qəbul etməyən 3 partiya fəaliyyət göstərir.
İndi isə növbə Rusiyaya çatıb. Qonşu ölkənin baş naziri Vladimir Putin bu həftə rəhbəri olduğu “Vahid Rusiya” Partiyasını toplayaraq Ümumrusiya Xalq Cəbhəsinin yaradılmasının vacibliyini bildirib.
Putin Medvedevi fakt qarşısında qoyub
Putin bu ilin dekabrında keçiriləcək parlament seçkilərinə hazırlaşır. Hazırda Rusiya Dövlət Dumasında hakim “Vahid Rusiya” Partiyasının 315 deputatı var. Xalq Cəbhəsinə “Vahid Rusiya” ilə yanaşı, hakim partiya ilə birbaşa əlaqəsi olmayan yüzlərlə ictimai təşkilatın qoşulacağı proqnozlaşdırılır.
Putin hətta milliyyətçi platformadan çıxış edən qrupları da öz çəmbəri altında toplamağı hədəfləyib. Ümumilikdə Xalq Cəbhəsi vasitəsilə “Vahid Rusiya”ya aid olmayan 150 nəfərin deputatlığa namizədliyi irəli sürülə bilər.
Putin Xalq Cəbhəsini təsis etməklə gələcək parlament seçkilərində tərəfdarlarının sayını artırmağı planlaşdırır. Məqsəd aydındır. Putin Medvedevi onun gücü ilə hesablaşmağa məcbur etmək istəyir. Baş nazir dövlət başçısına gələcək prezident seçkisində parlamentdəki çoxluğun məhz onu dəstəkləyəcəyini əyani göstərməyi qarşısına məqsəd qoyub.
Putin hər müsahibəsində prezident seçkisində kimin namizəd olacağını Medvedevlə birgə qərar verəcəklərini söyləsə də, Xalq Cəbhəsini təsis etməklə əslində bu suala cavab vermiş oldu.
Medvedevin yeganə yolu qalıb
Medvedev Putin tərəfindən sıxışdırılmasının fərqindədir, yeni qurum prezidentin manevr imkanlarını daraldır. Putin Xalq Cəbhəsi ideyasını Medvedevlə müzakirə etdiyini və prezidentin xeyir-duasını aldığını vurğulasa da, Kreml sahibi yeni qurumdan narahat görünür. Medvedev Xalq Cəbhəsinin təsisindən dərhal sonra Putinə və ölkə ictimaiyyətinə iki önəmli mesaj göndərib.
Medvedevin birinci mesajı ondan ibarətdir ki, hakimiyyətin bir əldə cəmləşməsi təhlükəli ola bilər. Prezident bildirib ki, Rusiyada əvvəllər də hakimiyyətin bir əldə cəmləşməsi halları baş verib, onlar inqilablar və vətəndaş müharibələrinə yol açıb. Kreml sahibi açıq-aşkar Putinə işarə edib.
Kreml sahibinin ikinci mesajı isə ondan ibarətdir ki, o, artıq bitərəf prezident olmaq istəmir. Başqa sözlə, əgər baş nazir mövqelərini gücləndirmək məqsədilə “Vahid Rusiya” Partiyasına və Xalq Cəbhəsinə rəhbərlik edirsə, prezidentin də onu dəstəkləyən siyasi quruma ehtiyacı var. Medvedev bu fikrini genişləndirərək, heç bir ölkədə siyasi partiya və cərəyanın dəstəyinə söykənməyən prezidentin olmadığını xatırladıb.
Medvedev haqlıdır. Yaxın aylarda “Vahid Rusiya” və Xalq Cəbhəsi prezident seçkisində liderləri Vladimir Putini dəstəkləmək qərarını versələr, Kreml sahibi fakt qarşısında qalacaq. Siyasi dəstəyi olmayan prezidentin növbəti dəfə kreslosunu qorumaq imkanı isə azdır. Odur ki, Medvedev tələsməlidir.
Kreml sahibi yaxın aylarda “Vahid Rusiya” və Xalq Cəbhəsinə alternativ olan partiya və ya hərəkatın təsisi çalışmalarına baş vurmasa zaman sürətlə onun əleyhinə işləməyə başlayacaq.
Aydındır ki, Medvedevin siyasi baxışları səbəbindən nə Gennadi Züqanovun rəhbəri olduğu Kommunist Partiyası, nə də Vladimir Jirinovskinin başçısı olduğu Liberal-Demokratiya Partiyası ilə ortaq qrup formalaşdırması mümkündür. Kreml sahibi bu qüvvələrin xaricindəki siyasi və ictimai qruplarla işbirliyi qurmaq imkanlarını götür-qoy etmək məcburiyyətindədir.