Keçid linkləri

Təcili xəbərlər

BİRİNCİ


Bakıda Eurovision 2011 sevinci, 15 may 2011
Bakıda Eurovision 2011 sevinci, 15 may 2011

Birinci olmaq gözəldir!

Birinciliyə gedən yol keşməkeşlidir, çətindir.

Hərdən yol Mirzə Cəlil demiş, gedir dirənir qamışlığa… İndi oradan çıx görüm necə çıxırsan!

Xoşbəxtlikdən, Azərbaycan bu sahədə qamışlığa düşmədi. Eurovision yarışmasında deyirəm. Birincilik sevincini də gec dadmadı. Birinciliyi dördüncü cəhddə dadmaq gec sayılmaz.

Qələbəyə tamarzı Azərbaycan…

Bəli, tamarzıydı. Ölkə qələbə duyğusuna, zəfər sevincinə həsrət idi. Əsrlərdən bu yana məğlubiyyətlər, faciələr yaşamış Azərbaycan qələbəyə susamışdı. Eurovisiondakı birincilik o üzdən belə önəmlidir.

Odur ki, bütün gecəni şəhəri başına alan səs-küy, Azadlıq Meydanındakı bayram qışqırtıları yəqin ki, şəhər sakinlərinin rahatlığını pozmadı.

(Hərçənd, günün-günorta çağı “Azadlıq!” hayqıranlar bakılıların istirahətinə mane olurdu...)

Üstəlik, nə yaxşı ki, bugecəki hay-harayda tutulanlar da olmadı.

(Hərçənd, gündüz saat 2-də başlanan son mitinqdə saxlananların sayı 100-ü keçmişdi…)

Ay qız, kimin qızısan?

Yəqin mühafizəkarlar indi bu qızı qınayırlar. Bütün dünyada məşhur “Azadlıq!” qışqıran 5 yaşlı qızcığazdan sonra qoftasını çıxarıb “Qələbə!” qışqıran 20-25 yaşlı “almadan qırmızı qız” təəccüblü görünür…Niyə?

Həmişə özünəqapalı yaşamağa öyrəşmiş millət ayılır.

Azadlığın şirinliyi olduğu kimi, turşaşirinliyi də var.

Odur ki, Azadlıqsevərlər, heç kimi suçlamadan qələbə sevincini paylaşaq! Qələbəni hər kəs ürəyinin istədiyi kimi, öz bacardığı kimi ifadə edir.

Bu ifadə forması bəzilərinin xoşuna gəlməsə də.

Odur ki, “Ay qız, kimin qızısan?” mahnısını bu dəfə oxumaqdan vaz keçək, nə olar?!...

Ellin məsumluğu, Nikkinin evdarlığı…

Etiraf edək ki, necə seçilməklərinə, yaş uyğunsuzluqlarına baxmayaraq, Ell və Nikki bir-birinə yaraşırdı.
Ell&Nikki - Eurovision 2011-də

Ellin məsumluğundan Nikkiyə də böyük bir pay düşürdü. Kim olsaydı, bu işıq onun qələbəsini təmin edəcəkdi. Üstəlik, ev xanımı olan iki övlad anasının birdən-birə o cür yüksək səhnədən çıxış etməsi maraqlıydı.

Öz Vətənində yaşamasa da.

Lap öz dilində danışa bilməsə də.

Lap qələbə sevincindən “Ömrümün mənasısan” əvəzinə, “Ömrümün anasısan”—desə də…

Bu, bizim gerçəkliyimizdir. Qarşımıza olduğu kimi çıxır. Nə tökərsən aşına...

Birinci oldun! Amma…Can Bakı, bir bəri bax!

Çox gözəl! Çox pakizə! Olmalıydın. Bu haqqı sənə zəngin musiqi tarixin verirdi (Öz bəstənlə qalib olmasan da).

Sən bu sahədə çox ilklərə imza atmışdın (Dünya xəbərsiz olsa da).
Qələbə halalındır!

Amma…bir dayan! Bəri bax! Can Bakı! Avropa birincisi olmaq elə də asan yük deyil axı. Bunu qulağında sırğa elə!

Düz bircə ildən sonra məxməri mayın ortasında bütün dünya yığışıb gələcək qoynuna, gözəlim Bakı!

Sən buna hazırsanmı?!

O boyda qonaqları qarşılamağı, hər şeyini onlarla paylaşmağı bacaracaqsanmı?
O qonaqlara tarixindən bu yana formalaşan abidələrini, tarixi binalarını, muzeylərini göstərməkdən savayı nə edəcəksən?!

Bugünündən nə danışacaqsan?!

Həbsdəki vicdan məhbuslarından nə deyəcəksən?!

Cibinə narkotik atıb şərlənən gəncləri necə gizləyəcəksən?!

Ancaq bir rəng göstərən TV-lərinin üstünü necə qapayacaqsan?!

Yaltaq, simasız, flüger kimi yönü bilinməyən musiqiçilərinimi ortaya atacaqsan?!

Bakıda Eurovision 2011 sevinci, 15 may 2011

Bəlkə milyonları göyə sovurub özünə toy çaldıranlardan misal çəkəcəksən?!

Ya mitinqlərdə “Azadlıq!” qışqıran qadınları sürükləyib aparan polislərlə asayişi qoruyacaqsan?!

Bəlkə ölkəni bürüyən korrupsiyaya qarşı açdığın zəifdən-zəif, gücsüzdən-gücsüz “savaş”dan söz açacaqsan?!

Ya şəhərin bütöv məhəllələrini söküb sakinləri öz yurdlarından didərgin salanları tanıdacaqsan?!

Eurovisionu uddun. Çox gözəl! Çox pakizə!

Eurodemokrasini uda biləcəksənmi, can Bakı?!

Bir ilə 20 ilə yığılanları yox edə biləcəksənmi?!

Hə? Cavab ver! Eurovision birincisi olan bəxtəvər?!

Eurodemokrasini nə vaxt udacaqsan?!

Uda biləcəksənmi?!

Biləcəksənmi?!

XS
SM
MD
LG