Keçid linkləri

Təcili xəbərlər

Gərginliyi necə azaltmaq olar?


Müxalifətin 12 mart aksiyası
Müxalifətin 12 mart aksiyası
İctimai Palata 2 aprel mitinqinə, daha doğrusu küçə yürüşünə və polislə toqquşmaya (iqtidar hələ ki, müxalifətə mitinq üçün yer ayırmamaq qənaətindədir – E.Ş), hakimiyyət isə növbəti dəfə şəhərin mərkəzində həyata keçirəcəyi həbslərə hazırlaşır.

Dövlət televiziyasının xəbərlər buraxılışında neçə gündür «sabitliyi pozmaq istəyən» müxalifət əleyhinə verilişlər yayımlanır. Maraqlıdır, bir tərəfdən, iqtidar mənsubları müxalifətin sosial bazasının mövcud olmadığını, onların zəifliyini sübut etməyə çalışır, digər tərəfdən də, televiziya ekranlarında xalqın dəstəyindən «məhrum» olan həmin qüvvələrin hərəkətlərini saatlarca müzakirə edirlər. Demək, iqtidar hər halda ərəb dünyasındakı olaylardan ruhlanan müxalifəti heç saya da bilmir.

İqtidar mənsublarının müxalifətlə bağlı səsləndirdikləri tənqidi yuvarlaq şəkildə belə ifadə etmək olar: «Onlar insanları küçələrə səsləndirməkdən başqa heç nəyə qadir deyillər, əllərindən başqa bir iş gəlmir». Onların əllərindən başqa nə iş gələ bilər ki? Millət vəkilliklərinə qadağa qoyulub və bu səbəbdən müxalifətin tanınmış simaları siyasi fəaliyyətlərini parlament divarları arasında həyata keçirə bilmirlər. Ən sadəsi, müxalifət funksionerlərinin ailələrini dolandırmaq üçün alternativ işlə məşğul olmalarının da qarşısında böyük sədd var. Vurğun Əyyub kimi tanınmış elm adamına Azərbaycanın ali təhsil ocaqlarının heç birində iş tapılmırsa, onun ölkəni tərk etməkdən başqa çarəsi qalmır. Ölkəsində və xaricdə iş tapmaq imkanı olmayan funksionerin isə radikallaşmaqdan və ədaləti küçədə axtarmaqdan başqa alternativi sadəcə yoxdur.

İqtidar mənsublarının bir fikri ilə razıyam. Azərbaycana sabitlik lazımdır, süni gərginlik ölkəyə əlavə problemlər yarada bilər. Azərbaycanda gərginlikdən başda Ermənistan olmaqla (ən azı cəbhə xəttində vəziyyət gərginləşə bilər – E.Ş),
Tyornborn Yanqland
Rusiya və İrandakı bəlli qüvvələr yararlana bilərlər. Ancaq bu o demək deyil ki, sabitlik ölkə daxilində fərqli düşüncəli insanların sıxışdırılması hesabına baş verməlidir. Belə sabitliyin müvəqqəti olduğunu Tunis, Misir, Liviya və digər ərəb ölkələrin timsalında əyani gördük.

BEYNƏLXALQ ALƏMİN AZƏRBAYCAN HAKİMİYYƏTİNƏ YÖNƏLİK XƏBƏRDARLIQLARI
da bu yöndədir. Məsələn son iki açıqlamaya diqqət yetirək.

Avropa Şurasının Baş katibi Tyornborn Yanqland prezident İlham Əliyevə yazdığı məktubda Azərbaycanda siyasi debatlarda plüralizm, ifadə və sərbəst toplaşma azadlıqlarına riayət olunması ilə bağlı narahatlıqdan söz açıb. O, iki məqamın üzərində xüsusi dayanıb. Birincisi, Azərbaycanda sərbəst toplaşma azadlığına qarşı məhdudlaşdırıcı yanaşma aradan götürülməlidir. İkincisi, həbsdə olan jurnalist Eynulla Fətullayevlə bağlı İnsan Haqları üzrə Avropa Məhkəməsinin qərarı yerinə yetirilməlidir.

Rəsmi Bakıya ikinci xəbərdarlıq açıqlaması ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayzadan gəlib. Avropa Şurasının Baş katibi kimi amerikalı diplomat da Azad Fikir Universitetində çıxışı zamanı iki fikri ilə yadda qalıb.

Brayzanın birinci fikri
: «Müzakirələr açıq şəkildə baş verməsə, onlar qapalı məkanlarda davam edəcək və qapalı məkanlarda konstruktiv düşünən insanlar öz fikirlərini bölüşə bilməyəcək və onların dəlilləri eşidilməyəcək».

Brayzanın ikinci fikri: «Misirin keçmiş prezidenti Hüsni Mübarək dünya ictimaiyyəti qarşısında iki seçim qoymuşdu: ya onun güclü avtoritar hakimiyyəti ya da ki, fundamental islam ekstremizmi. Bu iki ssenari Azərbaycan üçün uyğun deyil və istənilməzdir. Biz ümid edirik ki, Azərbaycan üçüncü yolu - qızıl ortamı seçəcək: bu da liberal-demokratiyadır. Bizə demokratik və
Metyu Brayza
stabil Azərbaycan lazımdır».

Metyu Brayzanın diplomatik tərzdə deməyə çalışdığı fikirləri sadə dilə çevirsək bunlar alınar: «İNSANLARI DÜŞÜNCƏLƏRİNƏ, YAZDIQLARINA GÖRƏ SIXIŞDIRMAYIN. Əks halda, Misirdə baş verənlərin Azərbaycanda təkrarlanması ehtimalı artacaq və bundan radikal islamçı elementlər istifadə edə bilərlər».

Bu ssenari ABŞ-ın maraqlarına uyğun olmadığı kimi, Azərbaycanın da maraqlarına ziddir. Azərbaycanda sabitliyə və inkişafa alternativ yoxdur. Ancaq bu sabitlik və inkişafa ədalətli və demokratik seçkilər, insan haqlarının qorunması, oliqarx nazirlərin neytrallaşdırılması, korrupsiyanın miqyasının azaldılması və ədalətli məhkəmənin formalaşdırılması hesabına nail olmaq mümkündür. Yoxsa indiki sabitliyin ömrü uzun olmaya da bilər. Misal üçün yenə uzağa getmək lazım deyil.

Aydındır ki, hakimiyyətin müxalifətin tələbi əsasında yenidən parlament seçkiləri keçirməsi mümkün görünmür. Ancaq iqtidar heç olmazsa, ilkin mərhələdə bir neçə addımı ilə özünün ehtiyat etdiyi gərginlik ab-havasını bir xeyli yumşalda da bilər. Bu addımlardan bir neçəsini sadalaya da bilərik: Əli Kərimliyə xarici pasportun qaytarılması (bunun qondarma iş olduğunu daxildə və xaricdə böyükdən kiçiyə hamı bilir), Eynulla Fətullayevin azad edilməsi və tutaq ki, «Təbriz» və ya «Nərimanov» kinoteatrları qarşısında mitinqə icazə verilməsi.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG