Keçid linkləri

Təcili xəbərlər

Siyasi okkultizm


Nə qədər rüşvət almayan müəllimin, həkimin, elə məmurun ələ salınmasını, lağ edilməsini görmüşük?
Nə qədər rüşvət almayan müəllimin, həkimin, elə məmurun ələ salınmasını, lağ edilməsini görmüşük?
Siyasətçi cəmiyyəti düşündürən fikirləri deyirsə, onu həyata keçirirsə, bunu normal qəbul etmək lazımdır, çünki ən pis halda isə buna elə populizm deyə bilərlər. Amma siyasətçi fikirlər deyirsə, lakin bunları həyata keçirmək üçün ciddi bir cəhd göstərmirsə, bunu necə adlandırmaq olar? Çətin sualdır, lakin bunun da cavabı məlumdur. Bəli, siyasi texnologiyalarda buna ictimai rəylə manipulyasiya deyirlər, siyasət texnoloqları bunu yaxşı bilirlər, çünki bütün seçki ərəfəsi dövrlərdə belə üsullardan gen – bol istifadə edilir. İndi ölkədə cərəyan edən prosesin – korrupsiya ilə mübarizənin mahiyyətin aşkarlamaq elə də çətin bir problem deyil, çünki avtoritar rejimlərdə korrupsiyaya ciddi təpki göstərməyin iki yolu var: ya totalitar rejimə qayıtmalısan, ya da özünü bir qədər məhdudlaşdırıb demokratiyaya keçməlisən. Totalitar rejimlərdə də korrupsiya olmur, ya da çox az olur. Məsələn, İ.Stalin bir şineldə və nimdaş çəkmələrdə ölmüşdü. Hətta nimdaş çəkmələrinin üstünü güllə örtmüşdülər ki, heç olmasa, görünməsin. Onun villaları və xarici banklarda hesabları yox idi. Amma totalitar rejim bir gün mütləq çat verir. Stalindən sonra SSRİ –nin digər rəhbərləri özlərinin firavan həyatlarını o qədər də məhdudlaşdırmağa cəhd göstərmirdilər, L.Brejnevin hətta zəngin avtomobil kolleksiyası var idi. Brejnevin qızı Q.Brejnevanın ərköyünlüyü və dəbdəbəli həyatı isə elə bütün SSRİ –də məşhur idi.

Bunları niyə görə yada salırıq? Problemin cəmi bir həlli varsa, hətta bu həll müəyyən çətinliklər doğurursa belə artıq seçim yoxdur, mütləq həmin həlli seçmək lazımdır. Totalitarizmi və avtoritarizmi bəşəriyyət min illərdən artıq sınayıb. Demokratiyaların isə ən çoxu bir neçə yüz yaşı var. Amma yaş az olsa da, nəticə böyükdür. Bəzən belə deyirlər ki, demokratiyalar nə verib? Demokratiya ABŞ-ı, Fransanı və İngiltərəni verib dünyaya! Nəticə göz qabağındadır və müqayisə etmək üçün hər cür imkan var! Bəli, bunları nəzərə alanda hökumətin korrupsiya ilə bağlı çağırışlarına (bu çağırışlar həqiqətən də səmimidirsə) qeyri - ironik tərzdəcə yanaşa bilmirsən. Korrupsiyadan başlayıb yumurtada dayandılar. Maraqlısı budur ki, proses bayram ərəfəsinə təsadüf etdi və heç kim demədi ki, bəs, bazarda adi balıq, kütüm 20 manata satılır! Budurmu ucuzlaşma? Ətin qiyməti artıq 8 manat hüdudlarındadır!

Yazının adını da elə buna görə «siyasi okkultizm» qoyduq – insanları böyük vədlərlə məst edirsən, onları reallıqdan ayırırsan və ortalıqda heç bir nəticə olmur... Elə insanların, cəmiyyətin də məsələyə münasibəti bir az mübahisə doğurmaq iqtidarındadır. Təbii ki, ciddi elmi araşdırma, sosioloji sorğu – filan keçirilməyib, ona görə də insanların rüşvət haqqında nə düşündüyünü bir sözlə ifadə etmək çətindir. Amma...

DƏYƏRLƏR İTƏNDƏ

Bir dəfə bir əcnəbi politoloq ilə çeçenlər haqda danışırdıq. Həmin politoloq dedi ki, çeçenlər o qədər azad xalqdırlar ki, onlar dövləti ancaq bircə halda qəbul edə bilərlər – onun Allahdan başlanğıc götürdüyünə əmin olsalar! Fikir məni çox tutdu. Cəmiyyətin problemləri hamıya məlumdur – dəyərlər itib və mənəvi dünyada tam xaos hökm sürür. Və mənə elə gəldi ki, bizim cəmiyyət də o qədər deqradasiya olunub ki, dövləti və onun məmurlarını da ancaq bir halda qəbul edə bilir – onların zor və rüşvətlə işləməsinə əmin olanda! Nə qədər rüşvət almayan müəllimin, həkimin, elə məmurun ələ salınmasını, lağ edilməsini görmüşük? Bizim cəmiyyət belələrini aciz hesab edir, hətta belə insanların peşəkarlığına da şübhə edir. Bəlkə bu da düşünülmüş siyasətin bir nəticəsidir. Bəlkə də qanunlar elə formalaşdırılıb ki, insanlar rüşvət verib onu aşanda özlərini daha rahat hiss edirlər. Aydın məsələdir ki, rüşvət vermək vergi və ya rüsum verməkdən daha sərfəlidirsə, insanlar niyə görə rüşvət verməməlidirlər? Bəlkə yumurta döyüşdürməkdənsə ölkədə qiymət mexanizminə, qiymətlərin necə formalaşmasına, ilkin qiymətlərin harada və necə müəyyən edilməsinə bir aydınlıq gətirmək lazımdır?

KİÇİK SÖZARDI


Sovetlər dönəmində satirik bir film vardı. Bəli, kəndə fokusçu gəlir və sədrlə görüşür. Sədr ondan nə bacardığını soruşur. Fokusçu da bir neçə fokus göstərir. Sədr əlini yelləyib ona boş, şoran tarlaları, az qala skeletə çevrilmiş mal – qaranı göstərir və hər il keçici qırmızı bayraq aldığını deyir! Fokusçu kənddən qaçır! İndi bəzi siyasi şüarlar da elə bunu andırır. Bazar – dükanda qiymətlər kəllə – çarxa vurur, ölkədə isə ucuzluq uğrunda mübarizə gedir...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG