Keçid linkləri

Təcili xəbərlər

Silsilə inqilabların növbəti ünvanı hara olacaq?


İordaniyada etiraz aksiyası, 29 yanvar 2011
İordaniyada etiraz aksiyası, 29 yanvar 2011
Yaxın Şərqdə və Şimali Afrikadakı proseslər özünün bir çox xüsusiyyətləri ilə hamını düşünməyə sövq edir. Bu, yalnız maraqlı sosial – siyasi hadisə deyil, insanlar onlara diqqət yetirəndə, özlərindən asılı olmayaraq müəyyən ekstrapolyasiyalara varır və fikirləşirlər ki, görən, silsilə inqilabların növbəti ünvanı hara olacaq? Suala cavab verməmişdən əvvəl başqa bir suala cavab tapmaq lazımdır. Bu rejimlər üçün xarakterik olan nə idi? Cavab da sadədir: üzücü, yorucu, bəzən 40 ili ötən prezidentlik müddəti, müstəqil parlamentin və məhkəmənin olmaması, despotiya, demokratiyanın boğulması, işsizlik və yüksək həddə çatan korrupsiya! Əlahiddə haldırmı? Təəssüf ki, yox. İndi beynəlxalq təşkilatlar 48 dövləti azad olmayanlar sırasına aid edir. Bunların hamısına diqqət yetirsək, təxminən eyni mənzərə ilə rastlaşarıq. Amma elə regionlar da var ki, sanki Yaxın Şərq və Şimali Afrika regionu ilə identikdir. Bunlardan biri elə vaxtilə geosiyasi ədəbiyyatda «türk zolağı» adlandırılan dövlətlər qrupudur. Bunlar bəzi parametrlərinə görə ərəb dövlətləri ilə tam eyniyyət təşkil edir, hətta iqtisadiyyatlarının xüsusiyyəti də eynidir, demək olar ki, hamısı neft və qaz ölkəsidir və yaxud da təbii ehtiyatların istismarı ilə məşğul olan dövlətlərdir.

Z. BJEZİNSKİ NƏYİ DİQQƏTƏ ÇƏKİRDİ?

«Orta Asiyanın beş yeni dövləti hələ millətin formalaşması mərhələsindədir. Onlarda hələ tayfa və etnik mənsubiyyət ilə bağlı ovqat güclüdür, elə məhz buna da görə də bu dövlətlərdə daxili ziddiyyətlər əsas problemlərdən biri olaraq qalır». Bu sətirlər ABŞ politoloqu Z. Bjezinskiyə məxsusdur. Böyük hesabla o, haqlıdır. Təsadüfi deyil ki, Orta Asiyada bütün həyəcanlanmalar etnik qarşıdurma ilə müşayiət olunub. Yenidənqurmanın ilk illərində də belə olub, məşhur Qırğızıstan inqilabları zamanı da. İndi Qırğızıstanda bir qədər fərqli situasiya yaranıb. Amma Qazaxıstan, Özbəkistan, Türkmənistan, elə Xəzərin bu tərəfində yerləşən Azərbaycan hələ də köhnə, əski bir rejimdə yaşamaqda davam edir.
Qazaxıstan və Özbəkistanda prezidentlər artıq 20 il olar ki, hakimiyyət başındadırlar
Qazaxıstan və Özbəkistanda prezidentlər artıq 20 il olar ki, hakimiyyət başındadırlar. Türkmənistanda və Azərbayсanda həmin ədəd bir qədər az olsa da, niyyət eynidir, hər iki dövlətin başçısı «iki dəfəlik məhdudiyyəti» aşmaq istəyini ciddi şəkildə ortaya qoyub və hətta buna tam qanuni məzmun da veriblər. Üstəlik, dövlətlər bu il özlərinin müstəqilliyinin 20-сi ildönümünü qeyd etməyə hazırlaşırlar. Ərəb dövlətlərinə nəzər salsaq, onların da müstəqillik tarixi o qədər də böyük deyil, onlar da bir vaxt müxtəlif ölkələrin müstəmləkələri olublar. Təbii ki, ərəblərdə milli şüur daha böyük tarixi əhatə edir. Amma bu, demokratik inqilabın baş verməsi üçün ciddi problem deyil, ən azı ona görə ki, «türk zolağı» dövlətlərində artıq bir neçə dəfə buna cəhd olunub. Bir detalı da nəzərə almaq lazımdır ki, ərəblər kimi türklər də beynəlxalq diqqətin azlığından gileylənmirlər. İki region həm də müəyyən mənada biri – birilə rəqib regionlardır, çünki hər ikisi neft hövzəsidir və həmişə biri – birinə alternativ kimi nəzərdə tutulub. Bir sözlə, bölgələrin hər ikisi əhəmiyyətlidir. Elə bu xüsusiyyət müəyyən ümidlər üçün də əsas yaradır.

İNQİLABI PROQNOZLAŞDIRMAĞIN RESEPTİ

Bəli, həqiqətə qalanda, heç kim inqilabın vaxtını və yerini müəyyənləşdirə bilməz. Amma siyasətə, xüsusən on illərlə davam edən siyasətə bir nəzər salanda, müəyyən nəticələrə gəlmək olar. Hakimiyyətin dəyişməsinin dinc yolları yoxdursa, nə baş verməlidir? Seçkilər saxtalaşdırılırsa və seçki bir siyasi mexanizm kimi ölkə siyasətində heç bir rol oynamırsa, onda nə baş verməlidir? Hakimiyyətin dəyişməsinin cəmi ikicə yolu var: seçki və inqilab. Bəşəriyyət hələ başqa alternativ fikirləşib tapmayıb. Bəzən islahatı ayrıca qeyd edirlər, amma o, fərqli məzmun kəsb etmir, çünki bütün islahat tendensiyaları seçkilə müşayiət olunur və yaxud da demokratik seçkilə bitir. Ona görə də resept çox sadədir. Üstəlik, tarix də daim xəbərdarlıq edir. Bu vaxta qədər əbədi rejimlər olmayıb, müstəbid rejimlərin həmişə sonu olub və heç bir rejim özünün millətindən güclü olmayıb. H.Mübarəkin 330 min nəfərlik təkcə polisi vardı. Amma nəticəsi nə oldu?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG