Keçid linkləri

Təcili xəbərlər

2013-cü ildə prezident kim olacaq?


Hakim zümrə əvvəllər nəzərdə tutulan alternativ imkanları da unutmur
Hakim zümrə əvvəllər nəzərdə tutulan alternativ imkanları da unutmur
Bir neçə il bundan əvvəl V.İrvinqin qlobal demokratiya dalğaları haqqındakı yazısını oxuyarkən bu, mənə bir qədər quru və sxematik görünmüşdü. Zira bir müddət keçəndən sonra mən yenidən həmin yazını xatırlamalı oldum və müəllifin arqumentləri bu dəfə mənə daha məntiqli göründü. Bu, 2003-cü ildə, Gürcüstanda «qızılgül inqilabı» baş verərkən olmuşdu. Sonra Ukrayna və daha sonra isə Qırğızıstan gəldi. Azərbayсanda da ümidlər böyük idi. Amma o vaxt «məxməri inqilab»la bağlı bəlli ümidlər özünü doğrultmadı. Hələ bunlar azmış kimi bir – iki ildən sonra konstitusiyaya məlum düzəlişlər edildi və elə bununla da həm hakimiyyət daxilindəki müxtəlif siyasi qruplaşmaların, həm də müxalifət düşərgəsinin planlarına nöqtə qoyuldu. Məlum oldu ki, İ.Əliyev hələ uzun müddət prezident kürsüsünü heç kimə güzəşt etmək niyyətində deyil. Amma məsəl var, deyirlər, şeytan nə ilə zarafat etmir ki?! Tunis, Misir hadisələri bu hakimiyyətin özünə inamını sarsıtdı. İ.Əliyevin ərəb rejimlərinə xüsusi «rəğbəti» vardı, amma zaman göstərdi ki, bu platforma da heç də düşünülən qədər etibarlı və dayanıqlı deyil, hətta «mavrlar» belə nə vaxtsa oyanıb azadlıq və demokratiya tələb edəcəklər. İndi İ.Əliyev də daxil olmaq şərtilə hamı başa düşür ki, konstitusiyanın onlara verdiyi nəzəri üstünlük təcrübədə reallaşmaya bilər. Elə buna görə də 2013-cü ildə prezidentin kim olacağı bir il bundan əvvəlki tək aydın və birmənalı deyil. Bu, hakimiyyətin təbliğat çarxlarında da hiss olunur. Belə ki, hakim zümrə əvvəllər nəzərdə tutulan alternativ imkanları da unutmur və öz təbliğatını kompleks şəkildə aparır, sülalədən bir nəfərin deyil, bütün sülalə üzvlərinin təbliğatını həyata keçirir.

«KORRUPSİYA İLƏ MÜBARİZƏ AYLIĞI» NƏ İLƏ BAĞLIDIR?

Heç kim bu sualın cavabını bilmir. Gündəlikdə də üç ehtimal var: beynəlxalq təşkilatlar qarşısında götürülmüş öhdəlik, adi mövsümi siyasət və hökumət dairələrinin keçirdiyi təlaş. Ən çox maraq kəsb edən sonuncu detaldır. Bəli, Rusiya prezidenti D.Medvedev «Hamı Tunisdən dərs götürməlidir» deyəndə, bu ölkə ilə bağlı avtoritar rejimlərin hamısı bunu bir çağırış kimi qəbul və dərk etdi. Ərəb dünyası Azərbaycana o qədər də yaxın deyil, amma bu ölkə Rusiyadakı proseslərə çox həssasdır. Rusiyada baş vermiş ciddi dəyişiklik dərhal özünü Azərbaycanda və eləcə digər MDB ölkələrində hiss etdirmək iqtidarındadır. Azərbaycan konstitusiyaya düzəlişlər etməklə hakimiyyətin ötürülməsinin Rusiya ssenarisini pozdu, çünki ruslar prezident seçkisi ilə bağlı ikidəfəlik məhdudiyyəti ləğv etməmişdi. Bu məsələdə azərbaycanlılar yenə də Şərq təxəyyülünə üstünlük verdilər. Vaxtilə A.Blok «Bəli, qıyıqgözlü asiyalılarıq biz!» desə də, ruslar öz siyasi satellitlərindən bir az hiyləgər yol tutdular, bir şəxsin deyil, partiyanın siyasi ambisiyalarını təmin etdilər. Çox güman ki, indi YAP –ı da bu məsələ düşündürür.
Azərbaycan konstitusiyaya düzəlişlər etməklə hakimiyyətin ötürülməsinin Rusiya ssenarisini pozdu, çünki ruslar prezident seçkisi ilə bağlı ikidəfəlik məhdudiyyəti ləğv etməmişdi
Sülalənin hakimiyyətinin davam etməsi üçün heç də labüd deyil ki, bir nəfər qeyri – məhdud müddət ərzində hakimiyyətdə olsun, məsələni sülalənin digər üzvlərini önə çəkmək ilə də həll etmək olar. Putinin hakimiyyəti Medvedevə ötürməsini qərblilər «tandemodemokratiya» adlandırmışdılar. Elə Azərbaycanda indi əsl siyasi tandem özünü təzahür etdirir, hakimiyyət getdikcə bir nəfərlə deyil, Əliyev sülaləsi ilə assosiasiyaya yaradır. Amma...

SİYASİ İSLAHATLAR DİLEMMASI

Başqa ölkələrdə baş verən qlobal dəyişiklikləri nə qədər aşağılamağa cəhd etsələr də, insanlar bunun fərqindədirlər. O məsələ ki, Azərbaycanda iki –üç il bundan əvvəl baş verdi, indi hər yerdə ondan imtina etməyə cəhd edilir. Söhbət neo – monarxiya tendensiyasından, bir sülalənin hakimiyyətini tam bərqərar etmək üçün konstitusiyaya edilən düzəlişlərdən gedir. Artıq siyasi iqlim tamam başqa şeyi diktə edir. Bu vaxta qədər Qərbin də ən çox dözüm nümayiş etdirdiyi ölkələr ərəb rejimləri idi, amma artıq onlar tarixə qovuşur. Ən başlıcası Azərbaycandakı siyasi vəziyyətlə bağlı əvvəllər mövcud olan qeyri – rəsmi tabu götürülüb. Artıq ABŞ, Türkiyə və digər ölkə mediaları Azərbaycan haqda ətraflı yazılarla çıxış edirlər və hər şey heç vaxt olmadığı kimi aydın və aşkardır – ölkədə sərt avtoritar sülalə rejimi fəaliyyətdədir. Bu faktı getdikcə daha çox adam bölüşür.

BU HAKİMİYYƏTİ GƏRƏKLİ EDƏN NƏ İDİ?

Bunun səbəbləri neft və Qarabağ idi. Birinci problem artıq həll olunub və hakimiyyət özünün gərəkliyini şərtləndirən əsas amillərdən birini itirib. İndi yeganə amil qalıb. O da Qarabağ problemidir. Amma artıq xarici dairələrə də aydındır ki, digər siyasi qüvvələr hakimiyyətə gələrsə, onlar da Qarabağ problemində tarazlığı gözləyəcək, populizm arxasınca qaçmayacaqlar. Həm də Misir hadisələri maraqlı detalı üzə çıxardı: demokratikləşmə proseslərini uzunmüddətli münaqişələrin əsirinə çevirmək olmaz, onlar da paralel olaraq getməlidir! Ona görə də YAP hakimiyyəti özünün gərəkliyini təmin edən bir amili də itirməkdədir. Məhz bu səbəbdən hakimiyyət çox götür – qoy edərək Qərbi İranla, radikal islamla şantaj etməyə başladı, özünün cənub qonşusu ilə konfrontasiyaya getdi. İndi İrandan ixrac edilə bilən islam inqilabı - ABŞ və digər ölkələr bununla qorxudulur. Bəlkə Misirdə indi islamçıların üstün olmasını Azərbaycan hakimiyyəti qədər heç kim arzulamır! Belə olsa onların «radikal islam»la bağlı nağılları daha inandırıcı görünər. Amma Misirin əsas hissəsi səhralıqdır. Səhrada isə mirajlar daha çox müşahidə olunur...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG