Şahmar Mövsümov
Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov ötən həftə keçirdiyi mətbuat konfransında Fondun gələcək fəaliyyəti ilə bağlı bir sıra maraqlı mülahizələr söyləyib. O deyib ki, Fondun yeni investisiya strategiyası hazırlanır və təsdiq üçün dövlət başçısına təqdim ediləcək. Mövsümov onun nədən ibarət olmasını açıqlamayıb və bildirib ki, İlham Əliyev tərəfindən təsdiq edildikdən sonra təfərrüatları ictimaiyyətə bəlli olacaq. Ancaq bununla belə, Mövsümov yeni strategiyanın məqsədinin Fondun gəlirliyinin artırılmasına xidmət edəcək addımların genişləndirilməsindən ibarət olduğunu qeyd edib. Yəni Fond bundan sonra artan gəlirlərinin bir hissəsini nisbətən riskli layihələrə yönəldə bilər. Təbii ki, risk dərəcəsi yüksəldikcə, gəlirin də artması ona adekvat olur. Bu baxımdan da, Fond mümkündür ki, Azərbaycanın neft və qaz layihələrində, həmçinin tərpənməz əmlak bazarında özünü sınamaq imkanı qazana bilər. FOND DÜZGÜN ADDIM ATIRMI?
Mövsümovun fikirləri səslənər-səslənməz Fondun belə addımlarının yerli iqtisadçılar, şərhçilər tərəfindən müzakirəsinə başlanılıb. Diqqət mərkəzində olan əsas məsələ isə bunlardır:
– riskli layihələr gələcək nəsillərə çatmalı olan vəsaitlərin azalması ilə nəticələnməyəcək ki;
– neft gəlirlərinin yenidən neft layihələrinə yönəldilməsinin əhəmiyyəti nədir?
Bu deyilənləri təhlil etmək üçün bir sıra faktlara diqqət yetirmək gərəkdir. Hazırda Fondun aktivləri $23 mlrd civarındadır və onun gəlirlərinin indiki tempdə xərclənməsi nəzərə alınarsa (orta hesabla gəlirlərin yarısı xərclənir), 2015-ci ilə onun hesabındakı vəsaitlərin həcmi $55 mlrd-a çata bilər, 2020-ci ildə isə $100 mlrd-ı ötüb keçmək ehtimalı var (hesablamaları 1 barel neftin orta qiymətinin $75 şərti ilə aparmışam). Təbii ki, Fondun aktivlərinin $10-20 mlrd arasında olduğu vaxtla, onun təkcə illik gəlirlərinin $15 mlrd-ı örtməsi (2010-un nəticələrinə görə, Fondun gəliri $16.3 mlrd olub) zamanı eyni siyasətin (konservativ) yürüdülməsi düzgün olmazdı...
Demək, Fondun aktivlərinin müəyyən hissəsinin daha çox gəlir gətirən sahələrə yönəldilməsi düzgün addımdır. Əsas məsələ həmin sahələrin və layihələrin zamanında və yerində seçilməsi, həmçinin onların effektiv idarə edilməsini həyata keçirməkdir. Bu isə o zaman mümkündür ki, kim(lər)insə korporativ maraqlarına deyil, biznes planlara üstünlük verəsən.
İkincisi, neftdən gələn gəlirlərin təkrarən neft layihələrinə yönəldilməsinin məqsədəuyğunluğu ilə bağlıdır. Bunun arzuolunmazlığını həm yerli mütəxəssislər, həm də əcnəbilər uzun illər bəridir qeyd edirlər. Əsas kimi də qeyri-neft sektorunun bu zaman diqqətdən kənarda qalması, dövlətin gəlir sahələrinin dar çərçivədə olması ilə əlaqələndirilməsiydi.
Fondun aktivlərinin müəyyən hissəsinin daha çox gəlir gətirən sahələrə yönəldilməsi düzgün addımdır. Əsas məsələ həmin sahələrin və layihələrin zamanında və yerində seçilməsi, həmçinin onların effektiv idarə edilməsini həyata keçirməkdir
Ancaq fakt budur ki, vaxtilə Neft Fondu vəsaitləri hesabına Dövlət Neft Şirkətinin Bakı-Tiflis-Ceyhan neft kəmərindəki payı maliyyələşdirildi (buna Dünya Bankı və Beynəlxalq Valyuta Fondu kəskin etiraz etmişdilər) və nəticədə 297.5 mln manat xərcləməyin qarşılığında cəmi 3 ilə 410 mln manat mənfəət əldə edildi. Bu layihə Neft Fonduna yaxın 10 ildə əlavə olaraq təqribən 2 mlrd manat vəsait də qazandıracaq. Demək, əslində hər şey layihənin biznes-planından asılıdır, nəinki onun fəlsəfəsindən. Bu baxımdan, Neft Fondunun ölkə daxilində və ölkə xarici layihələrdə hansısa iştirakı heç də «arzuolunmaz» sayıla bilməz. Mənim müşahidələrimə görə, dövlət başçısı İlham Əliyevin 2010-cu ilin yekunlarına həsr edilmiş Nazirlər Kabinetinin iclasında hökuməti gələcəkdə Neft Fondunun gəlirlərinə aludə olmamağa çağırması ilə Şahmar Mövsümovun ötən həftədəki açıqlaması arasında bir bağlılıq var. (Azərbaycanda Neft Fondu nə qanunlarla idarə olunur, nə də ictimai müzakirələrlə - onun xərcləri də, vəsaitlərinin yönəldilməsi də yalnız və yalnız dövlət başçısının sərəncamları vasitəsilə həyata keçirilir). Ona görə də hesab edirəm ki, Neft Fondunun Yeni Strategiyasını çox gözləmək lazım gəlməyəcək və ilin II yarısında onun cizgiləri özünü büruzə verəcək. Məsələn, «Ağ şəhər» layihəsi çərçivəsində aktivlərin alınması, Nargin adasında istirahət zonasının inkişafı layihəsi, «Şah-dağ» turizm obyektinin növbəti mərhələsinin payçısı, Sənqəçal-Böyük Kəsik yeni magistral qaz kəmərinin iştirakçısı və s. (təbii ki, bunları sözgəlişi deyirəm).
İDEAL NEFT FONDU
Əslində, Neft Fondundakı vəsaitlərin böyük hissəsinin depozit kimi saxlanmasının onun adına heç aidiyyəti da olmazdı. Elə Mərkəzi Bank həmin vəsaitləri ayrıca hesab şəklində dünyanın ən yüksək reytinqli banklarında saxlamaqla işin öhdəsindən gələ bilərdi: lazım olanda, büdcəyə transfer edərdi, lazımi məbləğləri də gələcək nəsillərə saxlayardı.
Ona görə də mənim nəzərimdə Neft Fondu adlı qurum ideal halda XXI əsrin II onilliyində hökumətə rəqabətdə olan bir qurum kimi gündəmə gəlməliydi. Onun aktiv fəaliyyəti üçün ilk növbədə «Neft Fondu haqqında qanun» qəbul edilməli və Fond parlament qarşısında hesabat verməliydi. Fond isə bütün işini yalnız tenderlər vasitəsilə həyata keçirərdi. Məsələn, 2012-ci ilin dövlət büdcəsinə transfer etmək üçün hökumət Fonda müraciət edir ki, filan qədər vəsaitə ehtiyac var. Fond isə bəyan edir – vəsaitlər ancaq büdcə kəsirini bağlamaq üçün verilir. Bütün investisiya layihələri, o cümlədən sosial obyektlərin tikintisi yalnız Neft Fondunun özünün keçirdiyi tenderlər əsasında qiymətləndirilir və onların icrasına cavabdeh kimi də Fond çıxış edir (indiki halda isə Fond vəsaiti ayırır və bununla da heç bir məsuliyyət daşımır).
Sual oluna bilər ki, onda bu Fond «dövlət içində dövlətə» çevrilər axı... Xeyr, Fond «effektiv bir hökumət» modelini gündəmə gətirərdi, mənim nəzərimdə. Yalnız ilin sonunda məlum olardı ki, kim yaxşı işləyib (tutaq ki, 1000 nəfər işçisi ilə 5 mlrd manatlıq gəlir əldə edən Fond, yoxsa 10 min qulluqçu ilə cəmi 3-4 milyard qazanan hökumət)? Nəticəyə görə də parlament Prezident qarşısında məsələ qaldırardı ki, icra strukturlarının işinin effektivliyinin artırılması məqsədilə ya islahatlara başlayın, ya da belə bacarıqsız hökuməti buraxın. Bax, onda siyasi əqidəsindən asılı olmadan mütəxəssislərə ehtiyac duyulacaqdı və sair.
P.S. Neft hasil edən müsəlman ölkələrinin çoxunda dövlət elə bir nəfərin iradəsinə tabe edilib. Yaponiyada da İmperator var, ancaq hökumətlər «quş buraxan» kimi istefaya gedirlər, nəticəsi isə göz qabağındadır.
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.