Keçid linkləri

Təcili xəbərlər

Hətta diktatorlar da bu dünyadan heç nə aparmır


İnqilab gözəldir, amma bircə şərtlə: o, ancaq və ancaq gözəl məqsədlərə xidmət etməlidir
İnqilab gözəldir, amma bircə şərtlə: o, ancaq və ancaq gözəl məqsədlərə xidmət etməlidir
İndi diqqət 23 illik hakimiyyətdən sonra devrilən 74 yaşlı Tunis diktatoru Bin Əliyə və onun ölkəsinə yönəlib. Bəli, dünyada daha bir diktator devrildi, zira diktaturaların bir ədəd azaldığını isə demək hələ tezdir. Son illərdə iki dəfə inqilab yaşayan Qırğızıstanda parlament seçkisini elə devrilmiş prezidentin tərəfdarları udmadımı? Narıncı inqilabın qalib gəldiyi Ukraynada prezident təkrar seçkilərdə gülünc bir nəticə ilə uduzaraq öz postunu təzədən Rusiya yönümlü siyasətçiyə vermədimi? Ona görə də tələsmək lazım deyil, çünki devirmək asandır, amma seçmək, daim vətəndaş nəzarəti altında saxlamaq çətindir.

Tunis cəmiyyəti özündə demokratiya potensialının olduğunu sübut edə biləcəkmi? Çox mürəkkəb və demokratik ənənələrin bir o qədər inkişaf etmədiyi qitədə demokratik rejim yarada biləcəkmi? Sualların cavabını çox gözləmək lazım gəlməyəcək, çox tez bir vaxtda zaman özü hər şeyi yoluna qoyacaq.

Əsas olan nədir? Heç bir diktator öz millətindən güclü ola bilməz! Nəticə budur. Amma nə yazıqlar ki, diktatura yoluna təzəcə qədəm qoyanlar və ya bu yolda artıq saç ağardanlar tez bir zamanda reallıq hissini itirirlər. Onlara elə gəlir ki, siyasət sadəcə, bir oyundur, özü də təhlükəsiz bir oyun. Oynayırsan, uduzanda da var-dövlətini götürüb dünyanın ən yaxşı, rahat bir ölkəsinə sığınırsan. Amma Fransa öz qapılarını Bin Əlinin üzünə açmadı.

Bu da bir dərs olmalıdır, təbii, tarixdən dərs götürmək istəyən kəslər üçün. Ancaq bu, hələ son deyil. Tunis diktatorunu cəmi 8 min etirazçı yola saldı və bu da özünün kütləvi təşkilat olduğunu iddia edən bəzi aciz siyasi partiyalar üçün də bir dərsdir. Bir sözlə, inqilab gözəldir, amma bircə şərtlə: o, ancaq və ancaq gözəl məqsədlərə xidmət etməlidir, əks təqdirdə onun adını siyasi çevriliş qoyurlar və elə beləcə də yadda saxlayırlar. «Yasəmən inqilabı» da Tunisdə təkcə siyasi çevriliş kimi yadda qalacaq, yoxsa onun həyatında tam yeni bir səhifə açacaq? Sual budur və o, cavabını gözləyir.

DAHA BİR DİKTATOR GÖTÜR – QOY EDİR

Bilmir nə qərar qəbul etsin!
Tunisdə çaxnaşmaların baş verdiyi bir məqamda MDB diktatorları özlərinin mürgülü həyatlarını rahatca davam etdirirlər. İsti qitədə dramatik, soyuq bir qitədə isə komik hadisələr cərəyan edir. Maraqlı detallar çoxdur. Qazaxıstan prezidenti N.Nazarbayev «ziyalılar»ın təklifini, parlamentin qərarını götür-qoy etməklə məşğuldur. Bilmir nə qərar qəbul etsin! Seçkiyə getsin, yoxsa müddətini uzatsın? İndi parlamentin qərarını konstitusiya məhkəməsinə göndərib. Qazax diktatoru çalışır ki, hər şey «xalqın istədiyi kimi və qanuni» olsun. «Millət lideri» titulunu özünə rəsmi olaraq calaq edən bu diktatorun da niyyətinə tez bir zamanda aydınlıq gələcək. Formasından asılı olmayaraq o, yenə də prezident olacaq və bunu iddia etmək üçün elə bir analitik vərdiş tələb olunmur, hər şey aydındır.

NƏYİ GÖSTƏRMƏLİ: TƏBİİ, YOXSA SİYASİ FƏLAKƏTLƏRİ?

Azərbaycanın telekanalları indi dünyadakı təbi fəlakətləri ən çox göstərən kanallardır. Mən doğrusu, bunun əsl səbəbini bilmirəm. Amma görünür, çox dərinə də getməyə ehtiyac yoxdur. İnsanları təkcə siyasətlə deyil, həm də təbiətlə qorxutmaq, öz indiki vəziyyətlərinə «şükranlar» dilətdirmək, o qədər pis düşünülməyib. Amma mənə elə gəlir ki, sadəcə, onlar efir vaxtını nəyə sərf etməyi bilmirlər, çünki rəsmi xəbərlər efir vaxtını tam əhatə etmir, qeyri-rəsmi həyatda isə efirə verməli ciddi heç nə yoxdur. Görünür, əsas səbəb budur. Bunlarda demokratiyaya, siyasi dəyişikliklərə qarşı apatiya da var, insanlarda belə təsəvvür yaratmağa çalışırlar ki, elə başqa yerlər də buralar kimidir. Məsələn, haradasa polis mitinqçilərə qarşı bir zorakılıq yapanda, o saat bunu göstərirlər. Amma bəzi telekanalların hakimiyyəti elə Bin Əlinin diktaturasından uzunömürlü olacaqmı?

KİÇİK SÖZARDI

Kral soruşur: «Bu nədir? Qiyam?». Ona cavab verirlər:«Yox, əlahəzrət, daha pis, inqilab!». Hər on diktatordan biri bu anı yaşamalı olur. Onda yenə də sual yaranır. Bu yolu təkrar etməyə ehtiyac varmı? Bütün diktatorların yolu ya inqilaba, ya da qəbiristanlığa doğru gedir. İkisi də eyni aqibətdir, bütün digər bəndələr kimi onlar da bu dünyadan heç nə aparmırlar, bir tabutdan savayı...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG