Keçid linkləri

Təcili xəbərlər

Azərbaycanın «qaz kompası»


Azərbaycan prezidenti və AK sədrinin imzaladıqları birgə Bəyannamə «Cənub dəhlizi» ilə yadda qaldı
Azərbaycan prezidenti və AK sədrinin imzaladıqları birgə Bəyannamə «Cənub dəhlizi» ilə yadda qaldı
Avropa Komissiyasının (AK) sədri Jose Manuel Barrosonun ötən həftə Azərbaycana və Türkmənistana səfərindən sonra yerli və xarici mətbuatda daban-dabana zidd və fərqli mülahizələrlə zəngin materiallar yer almağa başlayıb və çox güman ki, bu proses hələ davamlı olacaq. Çünki Xəzər regionu ilə əməkdaşlıq məsələlərində mərkəzdə enerji resursları durur və bütün siyasət də onun ətrafında cərəyan etməkdədir. Belə olan halda isə maraqlar çox şeyə üstün gələ bilir və müxtəlif zaman kəsiklərində bir-neçə dəfə də dəyişə bilər, ona görə də mən nəticənin indidən konkretləşdirilməsinin tərəfdarı deyiləm.

BARROSO XƏZƏRİN SAHİLLƏRİNƏ NİYƏ GƏLMİŞDİ?

Yeni il başlayandan KİV Barrosonun Azərbaycana və Türkmənistana planlaşdırılan səfərini aktiv şəkildə müzakirə edirdi və belə nəticə ortaya qoymuşdu ki, gündəlikdə olan əsas məsələ «Nabucco» qaz kəməri üçün bu ölkələrdən mavi yanacaq resurslarının alınması məsələsini həll etməkdir. Özü də bu məsələnin işıqlandırılmasında Qərb mətbuatı daha aktiv idi, nəinki yerli. Ancaq 3 günlük səfər başa çatdı və Bakıda imzalanan hüquqi öhdəliyi olmayan 2 sənəddə «Nabucco»nun adı belə yer almadı.

Çoxlarının gözlədiyi Azərbaycan qazının əsas istiqaməti də qeyri-müəyyən olaraq qaldı. Çünki Azərbaycan prezidenti və AK sədrinin imzaladıqları birgə Bəyannamə «Cənub dəhlizi» ilə yadda qaldı. Bu isə «böyük» (yəni, «Mərhələ-2» layihəsi çərçivəsində ixrac ediləcək 16 milyard kubmetr mavi yanacaq) Azərbaycan qazının əsas ixrac marşrutunu konkretləşdirmək əvəzinə, onu daha da genişləndirdi. Belə ki, «Cənub dəhlizi»nə «Nabucco»dan başqa gündəmdə olan daha 3 kəmər layihəsi daxildir: «Ağ axın» (Gürcüstan-Qara dəniz - Ukrayna), ITGI (Türkiyə-Yunanıstan-İtaliya) və TAP (Albaniya-İtaliya).

Türkmənistanda Barroso heç bir sənəd imzalamadı
Türkmənistanda isə cənab Barroso heç bir sənəd imzalamadı. Baxmayaraq ki, türkmən lideri Qurbanqulu Berdıməhəmmədovla rəsmi görüşdən sonra mətbuata bəyan edildi ki, «Türkmənistan həm sualtı kəmər, həm də tankerlərlə Xəzər vasitəsilə qaz nəqlini nəzərdən keçirməyə hazırdır». Bu azmış kimi, hətta Berdıməhəmmədov onu da əlavə edib ki, «kommersiya, maliyyə və infrastruktur baxımından onların ən cəlbedicisi Xəzərin dibi ilə kəmərin tikintisidir». Vəssalam. Yəni «Nabucco» dalınca gələn, geri «Cənub dəhlizi» ilə döndü.

QƏRB NƏYƏ VƏ NƏYƏ SEVİNİR?

Görünür Barrosonun səfərini hazırlayanlar daha pis varianta hazırlaşmışdılar və yekuna görə «buna da min şükür» deyə özlərini sakitləşdirirlər. Axı necə olmasa da, Azərbaycan qazının Qərb istiqamətində axacağına dair əldə bir sənəd vardı. Türkmənistan lideri də Avropa bazarlarına «N qədər» (həcmi bəlli deyil) qaz verəcəyini KİV qarşısında açıqlamışdı.

Əslində isə, bunlar hamısı köhnədən çalınan havalardan başqa bir şey deyildi. Məgər indiyə qədər Azərbaycan nə vaxtsa «Nabucco»nun əleyhinə çıxdığını bəyan etmişdi? Yoxsa Azərbaycan «Cənub dəhlizi» ilə bağlı ilk sənədi imzalayırdı? Əsla yox! Azərbaycan «Şah-dəniz» qaz yatağı açılandan bəri Avropa qaz bazarında öz yerini tutmaq arzusundadır və bunu «toyda da, yasda da» diplomatik şəkildə daim ifadə edir. Bundan başqa, 2009-cu il mayın 8-də Praqada Avropa Birliyin (AB) «Cənub enerji dəhlizi – İpək yolu» devizi altında keçirilən zirvə toplantısında AB ilə Azərbaycan, Gürcüstan, Türkiyə və Misir arasında «Nabucco» qaz kəmərinin reallaşdırılmasının sürətləndirilməsinə dair Memorandum imzalanmışdı. İndiyə kimi yadımdadır, həmin imzalanma mərasimində çıxış edən Azərbaycan prezidenti bəyan etdi ki, bununla da rəsmi Bakı «Nabucco»ya siyasi dəstək verdiyini bəyan edir,
Azərbaycan «Şah-dəniz» qaz yatağı açılandan bəri Avropa qaz bazarında öz yerini tutmaq arzusundadır və bunu «toyda da, yasda da» diplomatik şəkildə daim ifadə edir
ancaq Azərbaycan öz qazını kommersiya baxımından ən cəlbedici təkliflə çıxış edəcək tərəf(lər)lə bölüşəcək ki, bunun da təyin olunması artıq təsərrüfat subyektlərinin içidir. Yəni bunun açması o deməkdir ki, «kimsə güman etməsin ki, bizim hesabımıza Avropada oturub milyardlar əldə edəcək, biz isə onların risklərini bölüşəcəyik». Məncə kifayət qədər tutarlı mesaj idi rəsmi Brüsselə.

O cümlədən də Türkmənistanın mövqeyində elə bir sensasion dəyişiklik olmayıb ki, bunu Qərbdə «təntənə» ilə qarşılasınlar. İlk dəfə Berdıməhəmmədov türkmən qazının Avropa bazarlarına çıxarılmasının mümkünlüyünü 2007-ci ilin martında dilə gətirib. Sonra 2008-ci ilin mayında Brüsselə səfəri zamanı AB ilə Türkmənistan arasında enerji sahəsində əməkdaşlıq Protokolu imzalanıb və burada göstərilib ki, rəsmi Aşqabad ildə 10 mlrd kubmetr qazın öz sərhədləri hüdudunda Avropaya nəql edilməsini dəstəkləyir. Daha sonra AK enerji komissarı Türkmənistanda 2 dəfə səfərdə olub və hər dəfə də rəsmi Aşqabadın Avropaya qaz satmaqda maraqlı olduğunu qeyd edib. Yəni Berdıməhəmmədovun istəyi budur ki, «ay Avropa, meylin qaz istəyirsə, gəl mənim sərhədimdə al, onu necə aparacaqsan öz işindir – istəyirsən tankerlərlə daşı, istəyirsən Xəzərin dibindən kəmərlə».

QƏRBİN TƏƏCCÜBÜ

Cənab Barrosonun regiona səfəri zamanı Qərbi təəccübləndirən hadisələr də oldu. Məsələn, yanvarın 12-də (səfərdən 1 gün öncə) Azərbaycan qazının 5 illik müqavilə əsasında İrana ixrac edilməsinə dair Bakıda kommersiya sazişi imzalandı. Rəsmi Aşqabad da Barroso və onu müşayiət edən enerji komissarına sürpriz hazırlamışdı. Yanvarın 13-də Türkmənistan hökuməti TAPI layihəsi çərçivəsində (Türkmənistan – Əfqanıstan – Pakistan - Hindistan) resurs bazasının təyin edilməsinə dair qərar qəbul etdi.
Avropaya yaxın olsa da, Tunisdə Qərb demokratiyasından əsər-əlamət olmayıb
Bununla da bəlli oldu ki, cənub-şərq istiqamətində türkmən qazının ixracatı «Cənubi Yolatan» yatağından (hazırda Türkmənistanın ən böyük qaz bloku) baş tutmalıdır. Məncə rəsmi Bakı və Aşqabad istəsəydilər bu addımlarını bir qədər yubada da bilərdilər, ancaq yubatmayıblarsa, demək heç olmasa, qaz diplomatiyasının incəliklərini mənimsədiklərini nümayiş etdirə biliblər.

QƏRBƏ BAĞLILIĞIN TUNİS VARİANTI


Məni təəccübləndirən isə Azərbaycanın siyasi və iqtisadi sahədə fəaliyyət göstərən bir çox təhlilçilərinin «Nabucco»ya olan sevgisiydi. Onların məntiqinə görə, Azərbaycan qazı «Nabucco» ilə ixrac olmasa, ölkə ya İranın, ya da Rusiyanın təsiri altına düşəcək və bununla da demokratiya, insan haqları və sair kimi dünyəvi dəyərlərin bərqərar olması axsayacaq (yaxşı ki, Bakı - Ceyhan, Bakı-Supsa və Bakı-Ərzurum üzü Qərbə axır... görəsən onların istismarı Azərbaycanda insan haqlarının qorunmasını nə qədər inkişaf etdirib?). Yaxşı ki, elə bu vaxt Tunisdəki vəziyyətlə bağlı «Euronews» telekanalı süjetlər yayır və vəziyyətin bu cür dramatik həddə çatmasını təhlil edirdi. Sən demə, son 50 il ərzində ölkənin rəhbərliyi cəmi 2 dəfə dəyişib, ölkə iqtisadiyyatının əsas hissəsi hakim ailənin əlində cəmləşdiyindən və korrupsiyanın tüğyan etməsi ucbatından əhalinin aktiv hissəsi ölkəni tərk etmək məcburiyyətində qalmışdı. Onu da qeyd edirlər ki, Tunis ərəb dünyası içərisində savadlılıq dərəcəsinə görə birinci olub, çünki onun Qərblə əlaqələri çox möhkəm olub. 2009-cu ilin nəticələrinə görə, Tunisin ixracatının 76.3%-i, idxalının isə 73.1%-i Avropa Birliyinin payına düşüb. Tunislilərin Avropa Birliyi ilə gediş-gəlişi də çox aktiv olub və Avropa Birliyinə daxil olan ölkələr rəhbərlərinin çoxu bu ölkədə məzuniyyətlərini də keçiriblər. Ancaq buna baxmayaraq, Tunisdə Qərb demokratiyasından əsər-əlamət də olmayıb.

Yəqin elə buna görədir ki, AK nümayəndə heyətinin Azərbaycanda səfəri zamanı «Euronews» telekanalı rəhbərliyinin Bakıda nəzərlərini çəkən iki şey olub: İçərişəhərdə və Bakı bulvarında elektromobillərin hərəkəti və Sənqəçal terminalında «Azeri Ligth» markalı neftimizi seyr etmək.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG