Keçid linkləri

Təcili xəbərlər

«Şərq» və «Qərb» bir-birinə alternativdirmi?


«Şərq mədəniyyəti» və «qərb mədəniyyəti» anlayışları bir-birlərinə bərabərhüquqlu alternativ deyillər
«Şərq mədəniyyəti» və «qərb mədəniyyəti» anlayışları bir-birlərinə bərabərhüquqlu alternativ deyillər
Əgər var olan hər şeyə təkamül bucağından baxırıqsa, heç nəyin bir-birinə alternativ olmadığını qəbul etməliyik. Ona görə də mədəniyyətlərin bir-birlərinə bərabərhüquqlu alternativ olması fikrini də kökündən yanlış hesab edirəm. Təbiətdəki canlılardan aslan dovşana, zürafə qarışqaya, meymun da insana alternativ olmadığı kimi, inkişafın fərqli pillələrində qərar tutan cəmiyyətlərin mədəniyyət və incəsənətləri də bir-birlərinə alternativ deyil.

Hərb mədəniyyətindən bir misal gətirmək istəyirəm. Orta əsrlərdə qala divarlarını dağıtmaq üçün nəzərdə tutulan daş atan mancanaqlarla müasir artilleriyanı müqayisə etmək olarmı? İlk baxışda hər ikisinin statusu eynidir – qol, qılınc, ya da güllə gücü ilə dağıdılması mümkün olmayan hədəfləri məhv etmək. Amma bununla belə, onlar bir-birlərinə alternativ ola bilərmi? Təbii, xeyr. Çünki mancanaq – artilleriyanın babasıdır; ya da daha ibtidai formasıdır. Müasir toplar isə mancanağın təkamülə uğramış formasıdır. İndi təsəvvür edin ki, hər hansısa bir ordu bu mancanağı indiyədək öz arsenalında saxlasın və ondan istifadə etsin... Nə var, nə var babalarımız bundan istifadə edib. Nə var, nə var dəyərlərimizi qoruyub saxlamalı, gələcək nəsillərə ötürməliyikmiş... Əlbəttə, orta əsr mancanağını qoruyub saxlamaq olar; amma yalnız muzeydə, bir eksponat kimi.

Nəqliyyatdan bir misal: cəmiyyətlərdən biri nə zamansa öz inkişafının müəyyən pilləsində at arabasını kəşf edib, digəri isə inkişafının başqa bir mərhələsində buxar maşınını, sonra isə təyyarəni. İndi bu at arabası kəşf edən xalqın bununla indiyədək qürurlanması nə dərəcədə doğrudur?

Yaxud orta əsrlərin miniatürləri. Bildiyimiz kimi miniatürləri əllə, kitablara illüstrasiya kimi çəkirdilər – bu incəsənət növünün statusu bu idi; indi hansı nəşriyyatda hər kitaba ayrıca əllə miniatür çəkərlər? Eynilə mancanaq kimi, miniatürün də yeri muzeydir. Orta əsrlərə, feodalizmə aid sənət növünün bu gün aktual incəsənət kimi göstərilməsi çox gülməli görünür. Amma təəssüf ki, bunu – öz orta əsrlər incəsənətini özlərinin aktual sənət növü kimi fəxrlə göstərən cəmiyyətlər var. Afrika, Asiyanın böyük bir hissəsində yaşayan cəmiyyətlər elə bununla da məşğuldur. Geridə qalmış cəmiyyətlərin mədəniyyətlərinin əsas alıcısı isə planetin inkişaf etmiş cəmiyyətlərdir. Bunun iki əsas səbəbi var.

İNKİŞAF ETMİŞ CƏMİYYƏTLƏR GERİDƏ QALANLARI NECƏ GÖRMƏK İSTƏYİRLƏR?

Birinci səbəbi şərti olaraq “ibtidailikdən alınan zövq” adlandıra bilərik. Bildiyimiz kimi adətən şəhərdə, xüsusilə də böyük şəhərlərdə yaşayan insanlar öz istirahətlərini maksimum fərqli – vəhşi təbiətdə keçirməyə çalışırlar; meşədə, dəniz sahilində, qayalıqlarda, dağlarda və s. Eləcə də inkişaf etmiş cəmiyyətlərdə yaşayanlar mənəvi istirahətləri zamanı vəhşi cəmiyyətlərin incəsənətindən zövq alırlar – eynən biz ibtidai təbiətdən zövq aldığımız kimi.

İkinci səbəbin adını isə “zaman maşınında səyahət” qoyaq. İnsanlar üçün tək gələcək deyil, həm də keçmiş maraqlı olur. Elə buna görə də turistlər qədim abidələrin xarabalıqlarının yanında foto çəkdirir, buna görə tarixi filmlərə, kitablara həmişə maraq var və olacaq.

Avropanın özündə orta əsrlərdə, təxminən Barokko dövrünə (XVII-XVIII əsrlər) qədər Yaxın Şərqdəki muğama, Hindistandakı raqalara bənzər musiqi mövcud idi. Sadəcə elmi-texniki tərəqqinin inkişafı musiqiçiləri öz sahələrinin inkişaf yollarını axtarmağa sövq etdi. Çünki ola bilməz bir cəmiyyət məsələn hava şarı icad etsin, fəqət musiqisində heç bir yenilik olmasın. Cəmiyyətdəki həqiqi, təbii və əsaslı inkişaf həmişə bütün sahələrdə özünü göstərir. Beləliklə, inkişaf etmiş cəmiyyət üzvləri geridə qalmışların incəsənəti ilə tanışlıq zamanı həm də sanki “zaman maşınında səyahət”ə çıxmış olurlar.

Güman edirəm yuxarıda sadaladığım hər iki səbəb üstün cəmiyyətlərin aşağı cəmiyyətlərə (və təbii, onların mədəniyyətinə, incəsənətinə) münasibətinin qeyri-ciddi olduğunu sübut etməyə kifayət edir. Onlar bu incəsənətə ciddi baxmırlar, ya ibtidailikdən zövq alırlar, ya da öz keçmişlərinə səyahət edirlər.
Beləliklə, əslində “şərq mədəniyyəti” və “qərb mədəniyyəti” anlayışları bir-birlərinə bərabərhüquqlu alternativ deyillər. Sadəcə eyni yolun – təkamül prosesinin fərqli pillələrində oturmuş durumdadırlar.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG