Keçid linkləri

Təcili xəbərlər

Azərbaycanın siyasi sistemi necə dəyişir?


Bu ölkədə müxalifətin lideri U. Çerçill olsaydı, nə baş verərdi? Çox güman ki, sizlər haqlı olaraq başqa bir şərt də irəli sürəcəksiniz. Yəqin düşünüb deyəcəksiniz ki, Azərbaycan İngiltərə, müxalifətin də lideri U.Çerçill olsaydı, bir çox şeylər başqa cür olardı. Sözsüz ki, şərtin birinci hissəsi mühümdür, bununla mən də razıyam. Çerçill Türkmənistanda doğulsaydı, Türkmənbaşı, indiki Azərbaycanda doğulsaydı, YAP-ın sədri olardı.

Görünür, ölkə, millət və bir də siyasi sistem heç də az rol oynamır. Onda bəs mən bu sualı niyə seçdim? Çox sadə səbəbdən. Mənə elə gəlir, siyasətçi müəyyən mənada ambisiyalı olmalıdır, özünün missiyası haqda düşünməlidir, elə Çerçill kimi. İkinci dünya müharibəsi dövründə baş nazir olan, qələbədən dərhal sonra seçkini uduzan, amma siyasi səhnədən çəkilməyən Çerçill! Bir dəfə, artıq qoca vaxtlarında, parlamentin iclasında o gənc bir siyasətçinin onu maraqla süzdüyünü görür. U.Çerçill deyir:

«HƏ, CAVAN OĞLAN, HAKİMİYYƏT EHTİRASI»
«Bizim xalq siyasi deyil», «Bunlar hakimiyyətə can atır!» - bunu axı nə qədər eşitmək olar? Soruşmaq lazımdır ki, əgər siyasətlə məşğul olmaq bu qədər pisdirsə, niyə özünüz bunu nəsillikcə edirsiniz, nəinki özünüz hətta uşaqlarınız bu işlə məşğul olur?


«Bəli, cavan oğlan, siz düşünürsünüz ki, məni bu yaşımda bura nə çəkib gətirir? Hakimiyyət ehtirası, cavan oğlan, hə, hakimiyyət ehtirası!».

Bəli, hakimiyyət ehtirası, siyasi rəqabət, qələbə – siyasəti bunlarsız təsəvvür etmək mümkün deyil. Əks təqdirdə siyasətçi elə bizim bəzi müxalifət liderləri ki, əlli yaşında artıq çarəsiz qocalara çevrilərdi. Yox, mən heç nəyi inkar etmək istəmirəm. Bəli, bu ölkənin tarixində 1998-ci, 2003-cü illər olub. O illər ki, həmin tarixdə müxalifət və xalq bu hakimiyyətə faktiki olaraq yox demişdi. Amma çox adam arzu edir ki, ölkə siyasətində 2013–cü il də olsun. Azərbaycanı indi Mərkəzi Asiya aqibətindən cəmi üç il ayırır. Qazaxıstanda N. Nazarbayev hakimiyyətini daha on il artırmaq üçün referendum, günəşli Azərbaycanda isə İ.Əliyev növbəti dəfə - üçüncü dəfə prezident olmaq üçün 2013 –cü ildə daha bir seçki keçirməyi planlaşdırır. Qazaxıstanda siyasi müxalifət yoxdur, Azərbaycanda isə yox olmaq üzrədir. Burada «siyasi müxalifət» sözünü heç də nahaq yerə yazmadım. Mübaliğə etmədən demək olar ki, Azərbaycanda müxalif fikirli insanlar çoxdur. Sadə insanlar, ziyalılar və gənclər. Amma siyasi müxalifət tamam başqa şeydir – bu partiya, yəni siyasi institutlar, hakimiyyətə iddialı olan siyasi qruplardır. Ona qalsa, bu gün Azərbaycanda ən çox müxalifətçilik edən jurnalistlərdir, amma onlar siyasi müxalifət deyillər, çünki hakimiyyətə iddialı deyillər. Elə buna görə də «Bu gün Azərbaycanda nə baş verir?» sualına «Təkpartiyalı sistem formalaşır» demək çox azdır, çünki ölkədə son on doqquz ildə çox çətinlikdə formalaşan siyasi sistem – çoxpartiyalı və plüralist siyasi rejim artıq dağılmaq üzrədir. Doğrusu, heç də bəlli deyil ki, müxalifət bu prosesin ziyanını nə dərəcədə dərk edir. Demokratik rejimdə bir və iki siyasi partiya sıradan çıxırsa bu, o qədər də qorxulu deyil, çünki onların yerini başqaları tutur, amma avtoritar rejimdə bu boşluğu heç kim doldurmur, siyasi sistem özü – özünü bərpa etmir, siyasi partiyalar sadəcə keçmişə gedir. On bir il ərzində az – çox siyasi fəaliyyət mədəniyyəti formalaşmışdı, siyasi proses institutlaşmışdı. Bu, heç də az məsələ deyil. Fikir verin, indi dünya birliyi çalışır ki, İraqda, Əfqanıstanda siyasi prosesləri bir məcraya salsın, amma buna nail ola bilmirlər, çünki orada assosiativ siyasi fəaliyyət vərdişi itirilib. Azərbaycan da bu yolu gedəcəkmi? Bu gün bu suala heç kim cavab vermək istəmir, o cümlədən də ölkə müxalifəti...

HAKİMİYYƏTƏ CAN ATMAQ UTANC GƏTİRİRMİ?

Əsla yox. Elə U. Çerçilli və onun həyatının kiçik bir epizodunu həm də buna görə xatırladıq. Bu hakimiyyət hətta siyasi psixologiyaya korrektlər etmək istəyir. «Bizim xalq siyasi deyil», «Bunlar hakimiyyətə can atır!» - bunu axı nə qədər eşitmək olar? Soruşmaq lazımdır ki, əgər siyasətlə məşğul olmaq bu qədər pisdirsə niyə özünüz bunu nəsillikcə edirsiniz, nəinki özünüz hətta uşaqlarınız bu işlə məşğul olur? Doğrudanmı, siyasi fəaliyyət də artıq hüquq deyil, kiməsə verilmiş bir imtiyazdır? İnsan təkcə individual mikro-vərdişlər ilə xarakterizə olunmur, onun həm də böyük ictimai vərdişləri olur. Bunun bir nümunəsi də siyasətlə maraqlanmaq və onunla məşğul olmaq vərdişidir. Bu vərdişi itirmək olmaz, çünki bizim cəmiyyətimiz yetmiş il bu vərdişdən məhrum olub və nəticəsini görmüşük. Siyasi təşkilatlanmaq məharəti siyasi mədəniyyətin bir elementidir. Görən ailə bir institut kimi dağılsa cəmiyyətdə nə baş verər? Siyasi partiyalar da elə siyasi həyatda ailə institutu kimidir, onlarsız siyasi həyatı təsəvvür etmək belə mümkün deyil. Elə isə müxalifət liderləri nə tez yoruldular? Nə tez boyunlarına düşən borcu unutdular? Axı cərgələri tərk edən təkcə nəfərlər deyil, bütöv bir sistem sıradan çıxır...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG