Keçid linkləri

Təcili xəbərlər

Köhnə ilin son həftəsi


Həftə süst keçdi. Ağıllarda WikiLeaksin dedikləri dolaşır. Bu olayı, heç şübhəsiz, 2010-cu ilin ən yaddaqalan olayı saymaq olar. Saytın keyləşdirdiyi beyinlər, çətin ki, tam gücüylə başqa xəbərə köklənə bilə…

KAMERAMANIN DÜŞMƏKLİYİ…


Həftənin ən sarsıdıcı xəbəri bəlkə də bu oldu. Rumıniya parlamentində iş başında olan Dövlət TV-sinin kameramanı özünü balkondan Məclisin üstünə atdı... Hökumətin iqtisadi islahatlar paketinə etiraz olaraq, Məclisin böhran səbəbindən qəbul etdiyi bir qərarla bağlı. Həmin qərarda əngəllilərə verilən müavinət ləğv olunurdu. 40 yaşlı kameramanın övladı da əngəlli idi. Və sinəsinə buna etiraz sözləri yazılmış kameraman çarəni özünü 7 metrlik bir hündürlükdən atmaqda gördü. Bərk əzilib, həyatda qalıb-qalmayacağı sual altında.
Ey gidi dünya! Son ucu ölümlü dünya! Bizim Milli Məclis bu iki onillikdə nələr görüb, nələrə şahid olub? Amma yuxarı bir yana, heç aşağıdan da etiraz əlaməti olaraq özünü atmağa heç kəs cürət etməyib…

EVSİZ ALİMLƏRƏ XARİCİLƏR KÖMƏK EDƏCƏK?!

Milli Elmlər Akademiyası evsiz alimlərin mənzil və digər sosial təminatlarının həlli ilə bağlı təkliflər hazırlayacağını bildirdi. Akademiyanın prezidenti bu təkliflərin elmin inkişafı strategiyasının tərkib hissəsi olduğunu bəyan etdi. Bu məqsədlə UNESCO ilə AMEA arasında müqavilə imzalandığını da bildirən prezident Yaponiya hökumətinin 100 min avro ayırdığını söylədi. Anlamaq olmur, bu qədər neft gəlirləri olan ölkədə evsiz alimlərə niyə xarici ölkələr kömək etməlidir? Hə, Akademiyanın prezidenti xarici ölkələrdə oxuyan tələbələrin Vətənə dönməsi üçün stimul olmalıdır mesajını da verib. Amma bu stimulu Yaponiya, yoxsa Azərbaycan hökumətinin yaradacağını söyləməyib. Bircə onu deyib ki, ümidini Elmin İnkişafı Fonduna bağlayıb…

MƏFTUNUN MƏFTUNLUĞU…


Bakıda 4 ay əvvəl təcridxanadan qaçan residivist tutulub. Məftun adlı bu şəxs, hələlik, bu 4 ayın içində törətdiyi 2 qorxunc əməlini boynuna alıb: Bakıda 19 yaşlı bir qızla nişanlanıb. Qızın ata-anası tanımadığı oğlana qızını məmnuniyyətlə verib, hətta toy tədarükü də görüb, dəvətnamələr paylayıb. Məftun məftun olduğu qıza “toy”dan bir az əvvəl təcavüz edib və qaçıb… Düz Sumqayıta. Orada özünü kosmetika firmasının əməkdaşı kimi qələmə verib. Bir qadınla tanış olub. Kirayə ev tutub. O qadınla da yaşayıb. Hətta bu dul qadını arabir döyüb də… Ah, bizim qadınlar! Ah, bizim mentalitet! Görəsən, Məftun yaxalanmasaydı, ölkədə nə qədər toy çaldıracaq və daha kimlərə toy tutacaqdı?

CAN, CAN, AZƏRBAYCAN…AXIRI BADIMCAN…

Şanson Fərhad Bakinski rus dilində buraxdığı bir alboma Azərbaycan haqqında mahnı salıb. Mahnıda Azərbaycan sözü can-can və badımcan sözləri ilə qafiyələndirilib. “Vesti.az” saytında mahnının sözləri də verilib. Oxuyun:

Баку-Баку-Азербайджан- джан-джан-джан
Помидоры, виноград и бадымжан
Осетрина, наршераб, кабаб-люля
Тебя без этих прелестей, не мыслю я…

HACININ TƏƏCCÜBÜ: “BAŞQA HƏYAT”


Hacı Zeynalabdin Tağıyevə həsr olunmuş kitab-albom bu həftə axır ki, Hacının adına layiq təntənə ilə təqdim olundu. Mərasimə Azərbaycan cəmiyyətinin seçkinləri toplanmışdı. Tədbirdə çıxış edən Hamlet İsaxanlı Hacının həyatından maraqlı bir faktı xatırlatdı (bir dəfə bu əhvalatı “Can Bakı”nın canlı efirindən mən də danışmışam). Deyir, Hacı Paris səfərlərinin birində harasa vacib bir görüşə gecikirmiş. Minir faytona və faytonçunun sağa yox, sola burulduğunu görən Hacı əlindəki çətiri faytonçunun çiyninə toxundurur ki, sola dönsün. Faytonçu faytonu saxlayıb yerə düşür və qışqırmağa başlayır. Hacı soruşur ki, bu niyə qışqırır? Cavab verirlər ki, öz hüququnun pozulduğunu söyləyir və deyir ki, Siz nə cəsarətlə onun çiyninə toxunmusunuz!... Hacı yerində donub qalır. Geri gələndə, Bakıda bunu qəzet müxbirlərinə də danışır və deyir ki, mən oradakı camaata təəccüb qaldım və hər şeyi başa düşdüm. Bizdə adamın lap boynuna da vursan, sənə baş əyəcək. Nə vaxt bizim də insanımız öz haqqını beləcə qoruyacaq, onda başqa həyat olacaq...

HƏFTƏNİN SƏTRİ XƏBƏRLƏRİ:

-- Keçmiş Travmatologiya Xəstəxanasının binası hirsindən (ona olan ədalətsizlikdən) yanıb-töküldü.
-- YAP üzvlərinin sayı yarım milyonu ötdü.
-- Gəncədə Azərbaycan prezidentinin şərəfinə 49 metrlik tort -- Qafqazın ən böyük tortu bişirildi (yerli TV-lərə görə Avropanın ən böyük tortunu)!
-- Ölkə prezidenti “Jurnalistlərin dostu” sayıldı (yəni bizim).
-- Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə keçmiş həmməruzəçisi Andres Herkelin Estoniyada “Azərbaycan məktubları” adlı kitabı çıxdı.
-- Daha bir diktator cəzasına çatdı-- Argentina məhkəməsi keçmiş diktator Xorxe Videli insanlıq əleyhinə cinayətlər törətməkdə suçlayaraq azadlıqdan ömürlük məhrum etdi...
İlin sonuna lap az qalıb...

Gələn həftə köhnə ildə başlayıb Təzə İldə bitəcək.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG