Keçid linkləri

Təcili xəbərlər

Gənclərə iş yeri - avtomobillərə sərnişin səsləmək


«Xəzər! Xəəzəər!.. Kombinat! Radio zavoduu!!!». Elə metrodan çıxan kimi bu səslər səni öz ağuşuna alır. Bir tərəfdən öz malını müştərilərə bəyəndirmək istəyən ticarət köşklərinin satıcılarının, o bir tərəfdən də ən son milli estrada musiqisinin səsi onların səsinə qarışır və qəribə uğultu yaradır və bu uğultu səni oralardan uzaqlaşana qədər təqib edir. Güman etmirəm ki, hansısa bir Qərb ölkəsində belə bir mənzərə olsun, bunları mən ancaq Şərq ölkələrinə həsr edilmiş filmlərdə və bir də indiki Bakıda görmüşəm. Bir də deyilənlərə görə qədimlərdə belə carçılar varmış, indi biz qədimlərə getmişik, yoxsa da gələcəkdəyik, bax, bunu da bilmirəm – qışqıran gənclərin əyin – başına tamaşa edirəm. Çox kasıb geyiniblər. Elə hiss olunur ki, qazancaları da bir o qədər yaxşı deyil. Onların vəzifəsi marşrut taksilərini sərnişinlə doldurmaq, bir sözlə, maşını dolu yola salmaqdır. Bunun müqabilində pul alırlar, hər bir sürücüdən iyirmi qəpik, bəziləri hətta bunu da vermək istəmir. Belə qışqıran oğlanlardan birilə ayaqüstü söhbət edirəm. Maraqlı elə bir şey yoxdur, elə dediklərimdir, sadəcə arzusu elə bu marşrutların birində sürücü işləməkdir, ümid edir ki, gec – tez bu arzusuna çatacaq. Mən də ona uğurlar arzulayıb marşrut avtobusuna əyləşirəm. Əyləşirəm deyəndə ki, ayaq üstə dururam, oturmağa yer yoxdur.
Televiziya ilə növbəti əmək yarmarkasından danışırlar, guya 1200 manatlıq işləri təklif edirlər yarmarkada. Adam inansın, ya inanmasın? Axı biz də bu ölkədə yaşayırıq, işləyən və işsiz çoxlu tanışlarımız var. Onlar bu fürsəti əldən verərdilərmi?


«Maşını doldurmaq» ifadəsini də yəqin hamıdan yaxşı elə Bakıda bilirlər, maşına adamlar lap sıxlaşana qədər sərnişin mindirirlər, ancaq bundan sonra hərəkət edirlər. Deyirdilər kiçik avtobuslar yığışacaq, marşrutlara böyük avtobuslar buraxılacaq. İndi böyük avtobuslar var, amma bəzi marşrutlarda... Beləcə, bu gün Bakıda avtomobili olanlar piyadalara, sonuncular isə avtomobil sahiblərinə qibtə edirlər. Avtomobil sahiblərinin də problemi var – bu da tıxaclardır... Qayıdaq mövzuya. Müasir carçılardan danışırdım axı. Bir tərəfdən ölkədə çörək pulu qazanmaq üçün mövcud olan istənilən imkan adamı sevindirir, o biri tərəfdən isə... Elə həmin axşam da televiziya ilə növbəti əmək yarmarkasından danışırlar, guya 1200 manatlıq işləri təklif edirlər yarmarkada. Adam inansın, ya inanmasın? Axı biz də bu ölkədə yaşayırıq, işləyən və işsiz çoxlu tanışlarımız var. Onlar bu fürsəti əldən verərdilərmi? Təbii ki, əgər belə fürsət varsa... Burada bir mühəndisin söhbəti yadıma düşür. Deyirdi ki, onların idarəsində boş yer yoxdur, hətta maaşın azlığından öz işçiləri işi atır, amma onları da məcbur edirlər ki, əmək yarmarkasında iştirak etsinlər... Beləcə, bu gün Bakıda təkcə təzə və köhnə binalar biri – birinə qarışmayıb, hər şey belədir – bilmirsən ki, kimə və nəyə inanasan, eşitdiyini qəbul edəsən, yoxsa gördüyünü...

MİLYARDÇI FORD NƏ ETMİŞDİ?


Gənclər arasında işsizlik yenə də artıb. Xüsusən də rayonlarda. Hamı Bakı – Ceyhan layihəsini həvəslə xatırlayır, o vaxt bir çox rayonların sakinləri işlə təmin olunmuşdular, müvəqqəti olsa da. İndi belə böyük layihələr yoxdur. Lap doğrusunu deyəndə planda bir neçə layihə var. Məsələn, Bakı ətrafında yaşayan gənclər yeni limanın tikintisinin başlanmasını böyük bir intizarla gözləyirlər. Seçki vaxtı bu layihənin bünövrəsinin qoyulması mərasimi də keçirildi, hətta prezident də burada iştirak etdi. Amma buna baxmayaraq hələ işlər başlamayıb, gənclər isə gözləyir... İndiki iqtisadi reallıqlar şəraitində isə işsiz qalmağın çətinliyini ancaq işsizlər bilirlər – qiymətlərin artım sürəti adamı heyrətləndirməkdə davam edir. Mən iqtisadçı deyiləm. Ancaq bəzi detallar məni da maraqlandırır. Məsələn, Ford nə etmişdi? O, avtomobilin kütləvi istehsalını təşkil etmişdi. Əvvəllər avtomobillər az istehsal olunur və baha satılırdı. Ford isə çox istehsal etməyə və ucuz satmağa başladı ki, daha çox adam avtomobil ala bilsin. Azərbaycanda məhz bu çatışmır. Adi bazar məntiqi deyir ki, nəyisə ucuz və çox satmaqla da çox qazanmaq olar. Azərbaycanda hər şeyi baha və az miqdarda satmağa cəhd edirlər, məhz ona görə də qiymətlər belə artır, inhisarçılıq da buna çox kömək edir, əgər inhisarçılıq olmasaydı, tələblə – təklif arasındakı indiki nisbət çox dəyişərdi, ölkə mal ilə dolardı və təbii ki, qiymətlər də aşağı düşərdi. Amma imkan vermirlər ki, iqtisadiyyat öz qanunları əsasında işləməyə başlasın. Elə ona görə də gənclər carçılıqla – avtomobillərə sərnişin səsləməklə məşğul olur. Normal bir şəraitdə bununla yeniyetmələr yay tətilləri zamanı məşğul ola bilərdilər, kiçik xərclərini yola vermək üçün...

Ən son yazılan

XS
SM
MD
LG