Keçid linkləri

Təcili xəbərlər

«Wikileaks» Qərb stereotiplərini dəyişəcəkmi?


Uzun müddət Azərbaycan siyasətini təhlil edənlər belə spekulyasiyalara baş vurmalı olurdular: “Qərb düşünür ki”, yaxud “Qərb bilir ki” və s. Wikileaks bu spekulyasiyalara ehtiyacı aradan qaldırdı. Bu şəbəkə ən iri Qərb dövlətinin – ABŞ-ın diplomatik xidmətinin daxili yazışmalarını ortaya qoyub və bütün dünyanın belə bir imkanı yaranıb ki, iri bir Qərb dövlətinin nə düşündüyü və necə düşündüyünü birbaşa müşahidə etsin.

BİRİNCİ SUAL: QƏRB NƏ DÜŞÜNÜR?

Azərbaycana münasibətdə Wikileaks sənədləri göstərir ki, ABŞ diplomatları ... lap yerli müxalifət qəzetləri kimi düşünürlər. Bu bəyanatı hakim YAP-ın icraçı katibi Əli Əhmədov verib. İnsafən Azərbaycan hökumət rəsmilərinin “Xaç Atası” filmi qəhrəmanları ilə müqayisələri, Kəmaləddin Heydərovun, Paşayevlərin, Ziya Məmmədovun kölgə iqtisadi imperiyalarının təsviri göstərir ki, Qərb diplomatları Azərbaycanda baş verənləri olduğu kimi təsvir edə bilirlər... lap müxalifət qəzetləri kimi.

İKİNCİ SUAL: QƏRB KİMİ NƏYƏ GÖRƏ DƏSTƏKLƏYİR?


Lakin dərhal ikinci sual yaranır: Nəyə görə yerli hökuməti mafiya kimi təsvir edən, korrupsiya ilə yığılan var-dövlət üstündə qurulan klan hakimiyyətinin mövcudluğunu görən Qərb diplomatları zaman-zaman Azərbaycandakı rejimin dəstəkçisi qismində görünürlər? Sualın cavabı üçün bir daha Wikileaks yazışmalarına diqqət etmək lazımdır. Yazışmalar açıq-aydın göstərir ki, təhlil bütünlüklə “kim hansı gücə sahibdir, konkret bu ərazidə hansı köməyi edə bilər, yaxud hansı maneələri yarada bilər” müstəvisində gedir. Bu reallıqlar xoşagəlməz ola bilər, ancaq onlarla hesablaşmamaq mümkündürmü?

Təsəvvür edin ki, Qərbin hakim dairələrinin təmsilçisi lap elə siz özünüzsünüz. Bir tərəfdə əzilməyə məhkum və periodik olaraq məğlub edilən və yaxın gələcəkdə də məğlub ediləcəyi asanlıqla proqnozlaşdırılan bir qüvvə dayanıb, digər tərəfdə isə qayda-qanun tanımayan, amma bu ərazidə real gücə sahib olan, ən əsası isə, hakimiyyətinin sarsıdılacağı ehtimalı az olan bir hökumət durub. Seçki ilidir. Baş verən pozuntulardan narazısınız, amma bu raundun da kimin qələbəsi ilə bitəcəyi sizə də, elə hamıya da indidən məlumdur. Hansı qərarı verərdiniz?

Oxşar situasiyada Qərb diplomatlarından biri öz ölkəsindən olan aktiv seçki müşahidəçilərindən birinə təqribən elə belə də demişdi: “Bilirəm, saxtakarlıqlar olacaq. Həqiqəti deyin. Amma unutmayın ki, sabah, seçkilərdən sonra, biz bu hökumətlə işləməli olacağıq. Ona görə də sərhədi aşmayın”.

Bu fikirlərə ikili standart da demək olar, demokratiya ideallarına xəyanət də. Ancaq insafla düşünsək, məntiq var axı bu fikirdə.

ÜÇÜNCÜ SUAL: ƏVVƏL QƏRB DƏSTƏYİ, SONRA GÜCLÜ HƏRƏKAT, YOXSA...

Wikileaks yazışmalarının ortaya çıxardığı üçüncü sual isə demokratik hərəkata Qərbin nə zaman dəstək verib-verməməsi məsələsidir. Uzun müddət Azərbaycanda Qərbin əleyhinə bəzən açıq, bəzən isə üstüörtülü səslənən ittihamların biri də bu olub ki, Qərb Gürcüstanda, Ukraynada demokratik hərəkatlara kömək etdi, ona görə də onlar qalib gəldilər, amma Azərbaycanda demokratik qüvvələrə eyni dəstək sərgilənmədi. Wikileaks sənədləri göstərir ki, Azərbaycan hökumətinin mahiyyətinə verilən qiymətləndirmə Ukrayna və Gürcüstandakından daha sərtdir ki, yumşaq deyil. Bu sənədlər Azərbaycan hökumətinə heç diktator Samosaya olan Amerika sevgisini də sərgiləmir ki, düşünəsən ki, yəqin, ABŞ fikirləşir ki, nə olsun demokrat deyil, əvəzində bizim adamdır. Ortada bu da yoxdur. Bəs nə var? Bəlkə, əvvəldə qoyduğumuz suala tərsinə baxaq? Bəlkə, Gürcüstanda və Ukraynadakı demokratik dəyişikliklərə aid etdiyimiz səbəb-nəticə əlaqəsi səhvdir? Mümkündür ki, Qərb Ukraynada və Gürcüstanda demokratik hərəkatlara tam gücü ilə dəstəyi ona görə verib ki, o hərəkatların qələbəyə şansı olduğuna inanıb. Təqribən biznes investisiyası kimi – uğur şansı olan işə yatırım edilir, şanssız işə isə yox. Təbii ki, şanssız işə də var gücü ilə stavka etmək olar – Belarusda demokratik hərəkata edilən dəstək kimi. Amma belə edəndə Qərb nə əldə edir? Heç nə.

Wikileaks göstərdi ki, Qərb də çox qınanası deyil. Məşhur bir məsəldə deyildiyi kimi, Allah da özünə kömək edənə kömək edir.
XS
SM
MD
LG