Keçid linkləri

Təcili xəbərlər

Astana «Wikileaks»in kölgəsində qaldı


Astana sammiti
Astana sammiti
ATƏT-in Astana zirvə toplantısı adı çəkilən qurumun ən sönük toplantısı kimi tarixə düşə bilər. Yenə 1996-cı ildəki ATƏT-in Lissabon zirvə toplantısında Azərbaycan və Ermənistan prezidentlərinin veto qalmaqalı dünya liderlərini bir qədər hərəkətləndirmişdi, ayrıca qurumun o zamankı sədrinin adından Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlik bəyanatı var idi. Doğrudur, həmin 3 maddəlik bəyanat Azərbaycan hakimiyyətinin tərifinə səbəb olsa da, sənədin münaqişənin həllini sürətləndirmədiyi və adi kağız parçası olduğu aydınlaşdı. ATƏT-in 1999-cu ildə İstanbulda keçirdiyi zirvə toplantısı da ajiotajla başlamışdı. Bir neçə ay öncə Ermənistan parlamenti gülləboran olunmasaydı, çox güman ki, İstanbulda Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlik saziş imzalanacaqdı. Azərbaycan hakimiyyətinin bir gündə 3 rəsmisinin Qarabağla bağlı istefası da İstanbuldakı toplantıya marağı artırmışdı.

QAZAXISTAN HEÇ BİR PROBLEMİ HƏLL ETMƏDİ

Astana zirvə toplantısında isə maraqlı heç nə yaşanmadı. Heç bir sıra ölkənin dövlət başçısı toplantıya qatılmağı belə lazım bilmədi. ATƏT-də haqqında çox danışılan islahatlar yenə soz olaraq qaldı. Əvvəlcədən proqnozlaşdırıldığı kimi Qarabağla bağlı ciddi sənəd qəbul olunmadı. Azərbaycanla Ermənistan arasında mərhələli həllə paket həll arasındakı prinsipial fərq varlığını qoruyur.

Bu sammitdən tək qazanan yalnız Qazaxıstan oldu ki, ölkə və paytaxt Astananı bir az daha tanıtdıra bildilər. Ancaq Qazaxıstanın çox böyük həvəslə ATƏT sədrliyinə qovuşması beynəlxalq aləmə keyfiyyətcə yeni heç nə gətirmədi. Qazaxıstan Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya, Dnest münaqişələrinin həllində aciz qaldı.

Sədrlik Litvaya keçdi. Vaxtilə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin söylədiyi fikdi ində də Litva prezidenti Daliya Qribauskayte təkrarlayıb: «ATƏT-ə sədrlik etdiyi dövrdə Litvanın əsas prioritetlərindən biri dondurulmuş münaqişələrin nizamlanması olacaq».

TÜRKİYƏ İLHAM ƏLİYEVƏ, YOXSA «WIKILEAKS»Ə İNANACAQ?

Əslində ATƏT-in Astana zirvə toplantısı «Wikileaks»in yayımladığı diplomatik məktubların kölgəsində qaldı. Elə zirvə toplantısı sırasında dövlət başçıları və baş nazirlər ikitərəfli görüşlərdə ATƏT-in gələcəyindən çox məktublarda onlara aid yazılanları müzakirə edirdilər. Təsadüfi deyil ki, Azərbaycan dövlət başçısı İlham Əliyev türkiyəli həmkarı Abdullah Güllə görüşərək, diplomatik yazışmalarda ona aid olduğu iddia edilən sözləri söyləmədiyini vurğulayıb. Həmin diplomatik yazışmalarda İlham Əliyevin amerikalı diplomata Türkiyənin enerji mərkəzinə çevrilməsində maraqlı olmadığı ifadəsi yer almışdı. Bu ifadə Türkiyədə əsl qalmaqala səbəb olub.
İlham Əliyev və Abdulla Gül
Türkiyənin milyon tirajlı qəzetləri həmin iddia əsasında «Azərbaycan bizi arxadan vurdu», «bu da «qardaş» dövlət» kimi başlıqlara yer veriblər. Görünür, hadisələrin bu istiqamətdə mənfi inkişafı İlham Əliyevi narahat etdiyindən o birbaşa Gülə izahat vermək məcburiyyətində qaldı. Türkiyə prezidenti də öz növbəsində diplomatik yazışmalarda keçən dedi-qodulara inanmadığını, Azərbaycanla dost və qardaş münasibətlərin davam edəcəyin əminliklə dilə gətirib.

Əslində diplomatik yazışmalarda İlham Əliyevin Türkiyə əleyhinə söylədiyi (diplomatik məktublarda Əliyevin Türkiyənin dinçi hökumətini həzm etmədiyi fikri də yer almışdı) iddia edilən ifadə Azərbaycan prezidenti üçün bir sınaqdır. Deyilənlərin yalan olduğunu Türkiyənin siyasi və ictimai dairələrinə inandırmaq üçün dövlət başçısının bir yolu var: Türkiyə ilə viza rejimini qısa müddətdə ortadan qaldırmaq və sentyabrda Türkiyənin baş naziri Rəcəb Təyyub Ərdoğanla İstanbulda imzalanan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasını hərəkətə gətirmək. Bu işlər görülməsə İlham Əliyevin Türkiyə ilə münasibətlərdə məsafə saxlamağa çalışdığı iddiaları beyinlərə hakim olacaq.

Rəsmi Bakı 3 ildir müxtəlif bəhanələrlə Türkiyə ilə viza rejimini ortadan qaldırmır. Çeynənmiş ifadələr səslənir: «bürokratik məsələlər öyrənilir», «bu məsələ daxili proseduralardan keçməlidir» və s. Azərbaycanın hakimiyyət mənsublarının 3 ildir ifadə etdikləri bu əsaslandırmaları təkrarlamaları çətinləşib. «Wikileaks» olayından sonra Türkiyədə heç kim bu əsaslandırmalara inanmayacaq. O biri tərəfdən Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurası hələ oktyabr ayında toplanmalı idi. Şuranın alt komitələri qurulmalı və fəaliyyət istiqamətləri müəyyənləşməliydi. Bu günə qədər nə toplantı keçirilib, nə də fəaliyyət istiqamətlərindən xəbər var. Bu işlərin gecikdirilməsi halında türkiyəli rəsmilər və diplomatlar hər dəfə «Wikileaks»i xatırlamaq məcburiyyətində qalacaqlar.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG