Keçid linkləri

Təcili xəbərlər

Dilənmək eyib deyilmi?


Dilənçilər
Dilənçilər
Mən onu tez –tez görürəm, qoca qadını deyirəm. Hava ala – babat olan kimi metronun girişində, soyuq asfaltın üstündə bardaş qurub oturur və dilənir. Düzdür, Bakıda dilənçi ilə heç kimi təəccübləndirmək mümkün deyil, adda – budda hər yanda onlara rast gəlmək olur. Mənim diqqətimi başqa bir detal çəkir. Qadını tez –tez kimlərləsə hal – əhval tutan, söhbətləşən görürəm və hiss olunur ki, haradasa yaxınlıqda yaşayır. Maraqlıdır ki, tanışlarını onun dilənməyi heç təəccübləndirmir, sanki ətrafdakı adamlar kimi o da işə çıxıb. «İşə çıxıb» - dedim daha bir detal yadıma düşdü. Bir dəfə gördüm ki, qoca qadın bir bükülü metal pulu söhbət etdiyi nisbətən cavan qadına verdi. Və mən, necə deyərlər, «barmağımı dişlədim». Çox vaxt fikirləşirik ki, dilənmək ancaq kimsəsizlərin qismətidir, amma belə deyil, bir çox kimsəlilər var ki, öz yaxınlarını dilənməyə təhrik edirlər və heç bir əzab çəkmədən bu peşənin gətirdiyi pulları xərcləyirlər.

DİLƏNÇİLİK SOSİAL PROBLEMDİR, YOXSA PSİXOLOJİ?

Başqa bir misal da bilirəm. Nisbətən cavan digər bir qadın da tanıyıram. Əri tamam şikəstdir, ancaq əlil arabası ilə hərəkət edə bilir. Qonşuları kömək etmək istəyəndə acığı tutur, bir neçə yerdə işləyir, süpürgəçilik edir, özü də zarafatla deyir ki, bütün Bakını mən süpürürəm... Bu misalları niyə çəkirəm? Bilirsiniz, çox az və nadir ölkələr var ki, orada çörək, paltar pulu qazanmaq müşkül olsun, ticarət mafiyası problemlər yaratsa da Bakıya da çox ucuz paltarlar daxil ola bilir, imkansızlar bundan istifadə edə bilərlər. Çörəyin isə ilin əvvəlindən bahalaşacağını desələr də hələki məqbul qiymətə satılır. Ona görə mənə elə gəlir ki, dilənçilik daha çox psixoloji problemdir, nəinki sırf sosial. Düzdür, iki misaldan birincisində qadın yaşlıdır. Bu problemi etiraf etmək lazımdır – təqaüdlər çox azdır, bəzən hətta dəhşətli dərəcədə az olur və təbii ki, yaşlıların işləmək imkanları da çox məhdud olur. Bununla razı olmamaq qeyri – mümkündür. Amma həmin yaşlı dilənçilərin yığdıqları pulu heç bir əzab çəkmədən xərcləyən «himayədarları» da yada salın. Məgər bir yaşlı qadını saxlamaq, onu yola vermək bu qədər çətin problemdirmi?

MENTALİTETİN DİLƏNÇİYƏ ÇEVİRDİYİ İNSANLAR

Çox – çox tanış və adi bir mənzərə. İnsanlar sıraya düzülüblər. Bir imkanlı adam Qurban bayramı və yaxud başqa bir tədbir münasibətilə insanlara ət paylatdırır, bir – iki kiloqram, insanlar da buna görə cərgəyə düzülürlər. Bu dilənçilik deyilmi? Budurmu mərhəmət? Biz niyə problemləri olduğu kimi demirik? İldə üç dəfə qiymətlər «ceyran belinə çıxır» - Orucluq, Qurban və Novruz zamanı. Çox maraqlıdır ki, bu ərəfələr mərhəmətdən, səxavətdən ən çox danışılan dövrlər olur. Gündəlik həyatı müşahidə edəndə və gündəlik söhbətləri eşidəndə adamda ikrah yaranır. Səxavət, yaxud mərhəmət varmı? Bilirsiniz, ya bazar özünü tənzimləməlidir, ya da dövlət özü bunu etməlidir. Bu ölkədə tələb – təklif qanunu işləmir, dövlət tənzimlənməsi yoxdur... Və nə baş verir? İnsanların bu gün ətə ehtiyacı varsa, deməli onun qiymətini qaldırmaq lazımdır! Məntiq budur... Bu məntiq də insanları kütləvi dilənçiyə çevirir. Dünyanın hansı ölkəsində deputat seçilmək istəyənlər ət paylayır? Belə gülünc iş olarmı? Amma Azərbaycanda bu, baş verir... Hər şey sanki düzəlmək, yaxşılaşmaq əvəzinə, əksinə pisləşir. Sovet hakimiyyəti kimi bir idbar hakimiyyət elə ilk illərində özünün birinci vəzifəsi kimi kimsəsiz, yetim uşaqların problemlərinin həllini elan etdi. Müharibədən sonra da belə oldu. Suvorov hərbi litseyləri, sənət məktəblərinin geniş şəbəkəsi məhz bu cür yarandı. İndi nə olub? Doğrudanmı, Azərbaycan və azərbaycanlılar öz uşaq və qocalarının problemlərini həll etmək iqtidarında deyillər?

ƏMƏYƏ MÜNASİBƏT

Nə sirdirsə, kapitalizmin yaxşı xüsusiyyətləri bu ölkəyə gəlmədi. Düzdür, bu, ağır və mürəkkəb quruluşdur, amma onun yaxşı xüsusiyyətləri də var. Elə biri əməyə münasibətdir – işləmək, fərqi yoxdur, harada, eyib deyil, zəhmət çəkmək eyib deyil, dilənmək eyibdir... Və bir də zəhməti qiymətləndirməyi bacarmaq lazımdır. Mən «müəssisə» tanıyıram ki, işçiləri aylarla qəpik – quruş ala bilmirlər, amma onun sahibi ən bahalı xarici maşında gəzir, aylıq xırda xərcləri işçilərin cəmi əmək haqqından qat – qat çoxdur. Bunun adı «vəhşi kapitalizmdir» - bəlkə də o, on səkkizinci əsrdə olub, artıq heç yerdə yoxdur. Əcnəbilər hətta çalışırlar ki, kapitalizm sözünü işlətməsinlər, çünki o, insanların bəzisində mənfi assosiasiyalar yaradır – hətta bu, nəzərə alınır.

Ən son yazılan

XS
SM
MD
LG