Keçid linkləri

Təcili xəbərlər

İran Xəzəri girov saxlayır


Xəzər dənizi ilə bağlı görüşlər son həftələr intensivləşib. Xəzəryanı ölkələrin təmsilçiləri bir neçə gün öncə Bakıda, bu həftə isə Tehranda toplaşıblar. Tələskənliyin səbəbi bəllidir. Xəzəryanı dövlət başçılarının noyabrın 18-də Bakıda keçirəcəkləri zirvə toplantısına bir neçə gün qalıb. Buna görə də beş Xəzəryanı dövlətin diplomatları ortaq sənəd üzərində çalışmalarını sürətləndirib ki, Bakı zirvəsində nəsə imzalansın. Ancaq həmin “nəsə”nin sıradan bir sənəd olacağı, Xəzərin hüquqi statusunu müəyyənləşdirməli olan prinsipin yenə gələcək illərə saxlanacağı ehtimalı böyükdür. Çünki Tehran Xəzərin sahilyanı dövlətlər arasında beş bərabər hissəyə bölünməsi istəyindən əl çəkmək fikrində deyil.

TEHRAN BEŞDƏ BİRİNİ İSTƏYİR


İranın xarici işlər nazirinin müavini, prezidentin Xəzər məsələləri üzrə müşaviri Məhəmməd Mehdi Axundzadə nazir müavinlərinin Bakı toplantısında hazırkı mərhələdə hüquqi status məsələsinin həllini tapmasının vacib olduğunu bu sözlərlə ifadə etmişdi:
“İran razı olmasa, Xəzərin hüquqi statusunu həll etmək mümkün deyil. İran Sovet İttifaqı ilə Xəzərlə bağlı razılaşmaya əsaslanır və bu mövqedən bir addım belə geri çəkilməyəcəyik”


“Hövzədə əməkdaşlığa heç nə mane ola bilməz. Bu region onun ərazisində yaşayan insanlara məxsusdur və həmin insanların hamısı yaxın qonşuluq və dostluq əsasında qurulan möhkəm əməkdaşlıq istəyir”. Axundzadə nazir müavinlərinin bu həftəki Tehran toplantısında isə səs tonunu sərtləşdirərək, İranın Xəzərin hüquqi statusunun müzakirəsində hər kəsi insaflı olmağa dəvət edib:

“İran indiyədək müəyyən çərçivədə hərəkət edib. İran razı olmasa, Xəzərin hüquqi statusunu həll etmək mümkün deyil. Biz 1921-1940-cı illərdə İran və Sovet İttifaqı ilə Xəzərlə bağlı razılaşmaya əsaslanırıq və bu mövqedən bir addım belə geri çəkilməyəcəyik”.

Tehranın 1921-1940-cı illərdəki razılaşmaya əsaslanması o deməkdir ki, İran dənizin bərabər hissələrə bölünməsi prinsipindən başqa heç bir təklifi qəbul etmir.

Xarici işlər nazirləri müavinlərinin Tehran toplantısı sayca 27-cidir. Bu illərdə Xəzərlə bağlı zirvə toplantıları da az keçirilməyib. Bu toplantılarda ekologiyadan tutmuş, nadir balıq növlərinin qorunmasına qədər müxtəlif məsələlər razılaşdırılıb, anlaşmalar imzalanıb, bircə əsas məsələ - status həll olunmayıb. Bu ilin ortalarında İran XİN-in mətbuat katibi Ramin Mehmanpərəst açıqlama verərək, Xəzərin hüquqi statusu ilə bağlı məsələlərin 70 faizinin həll olunduğunu söyləmişdi.

PREZİDENTLƏR NƏ İMZALAYACAQ?

Lap tutaq ki, ötən aylarda diplomatlar bir az da irəli gedərək daha 20-25 faizi məsələni razılaşdırıblar. Ancaq, görünür, Dağlıq Qarabağ münaqişəsinin həllində olduğu kimi prinsipial məsələ yerdə qalan 5 faizdə gizlənir və bu, Xəzərin hüquqi statusunun müəyyənləşməsinə mane olan başlıca rəqəmdir.

Durum belədirsə, prezidentlər Bakıdakı zirvə toplantısında nə imzalayacaqlar?

Müxtəlif vektorlu geosiyasi maraqlar statusa maneədir

Bakıda beş ölkənin prezidenti Xəzərdə təhlükəsizliyə dair sənəd imzalamağa hazırlaşırlar. Diplomatlar məhz bu anlaşma üzərində işləri yekunlaşdırmağa çalışırlar. Sənəddə dənizdə hərbi qüvvələr saxlamağın limiti, terrorizmlə ortaq mübarizə və birgə təlimlər məsələləri əks olunub. Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov imzalanacaq bu anlaşmanın Xəzərdə hüquqi rejimin təkmilləşdirəcəyinə gətirib çıxaracağını bildirib. Söhbət Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanmasından gedir. Ancaq buna inam azdır.

Tehran statusla bağlı danışıqları uzatmaqla əslində Xəzərdən daha çox pay qoparmağı qarşısına məqsəd qoymayıb. Onsuz da Xəzərin ona aid olan hissəsində zəngin yataqlar da yoxdur ki, Tehran Türkmənistan kimi onların uğrunda mübarizə aparsın. Əsas məqsəd ABŞ və Avropa Birliyi ölkələrinin Xəzər üzərindən Mərkəzi Asiyanın zəngin enerji resurslarına yol tapmasını əngəlləməkdir. Bəllidir ki, “Nabukko” layihəsi ilkin mərhələdə Azərbaycan və Türkmənistanın qaz ehtiyatlarının Avropaya daşınması məqsədini güdürdü. Ancaq Türkmənistan qazının bu xətt üzrə Avropaya daşınması üçün Xəzərin dibindən boru xətti çəkilməlidir. Xəzərin statusu müəyyənləşmədən isə bu xəttin çəkilməsi mümkün deyil. Çünki, Xəzəryanı dövlət başçıları əvvəl imzaladıqları sənədlərdə status müəyyənləşmədən dənizin dibi ilə bu kimi xətlərin çəkilməsini qadağan edirlər. Odur ki, Tehran bu imkandan gen-bol istifadə edir.

Əslinə qalsa, hazırkı durum Rusiyanın da xeyrinədir. Moskvanın Xəzər dənizinin bölüşdürülməsi ilə bağlı Azərbaycan və Qazaxıstanla ikitərəfli sazişlər imzalamasına baxmayaraq, o, ümumi statusun müəyyənləşməsinə ciddi maraq göstərmir və gizli də olsa, Tehranın inadkarlığını dəstəkləyir. Çünki Kreml də Tehran kimi rəqib gözü ilə baxdığı “Nabukko” layihəsinin əleyhinədir. Statusun müəyyənləşməsi isə bu layihənin gerçəkləşməsini sürətləndirə bilər. Bu baxımdan Xəzərin statusunun müəyyənləşməsinin uzanmasının beynəlxalq hüquqla bir əlaqəsi yoxdur, əsas maneə müxtəlif vektorlu geosiyasi maraqlardır.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG