Keçid linkləri

Təcili xəbərlər

Qışın astanasında enerji söhbəti


Hacıbala Abutalıbov
Hacıbala Abutalıbov
Sinoptiklər həyəcan təbili çalırlar: qarşıdan gələn qış çox soyuq olacaq. Avropa və Rusiyada buna ciddi hazırlıq gedir. Məsələn, Moskvada buzun qarşısını almaq üçün ilk dəfə olaraq yollara xüsusi məhlul çiləyəcəklər.

Avropada isə bu sahədə o qədər yenilik var ki, onları sadalamaqla bitməz. Mənim diqqətimi çəkən isə nanotexnologiyanın tətbiqi ilə yaradılan xüsusi lövhəciklərin məişətdə tətbiqi oldu. Onları evlərin şüşələrinə (Avropada çoxlu fərdi evlərin tavanlarında da şüşə olur – çünki təbii işıqlanmaya orada bir sevgi var) bərkitməklə şüşələrdə qarın və buzun əmələ gəlməsinin qarşısını almaq olar

Azərbaycanda da bütün müvafiq qurumlar artıq rəsmən bəyan ediblər ki, qışa hazırdırlar. Bakı merı Hacıbala müəllim isə hətta alınmış yeni texnikanın Azadlıq meydanında fərdi sərgisini də keçirib.

Ancaq bu ərəfədə mətbuata xəbərlər də sızdırılır ki, bəs parlament seçkilərindən sonra Azərbaycanda elektrik enerjisinin qiyməti artırıla bilər.

QONŞULARDA “İŞIĞIN” QİYMƏTİ

Hazırda Azərbaycanda bütün elektrik istifadəçiləri eyni tarifdən (hər kVt\saat üçün 6 qəpik və ya hazırkı kursla $0,075) istifadə edirlər (Rusiyada isə gündüz və gecə tarifləri, Gürcüstanda və Qazaxıstanda isə işlətdiyin enerjinin miqdarına görə müxtəlif tariflər mövcuddur). Onu deyim ki, Azərbaycanda elektrik enerjisinin tarifləri heç də ucuz deyil. Mərkəzi Asiyada əhali 1 kVt\saat üçün $0,03-0,05 ödəyir. Rusiyada orta qiymət $0,07, Ukraynada - $0,05-dir. Qonşu Ermənistanda “gündüz” tarifı 30 dram ($0,08), “gecə” tarifi isə $0,05-dir. Yalnız Gürcüstanda tariflər Azərbaycandan yüksəkdir.

Azərbaycan elektrik enerjisinə olan tələbatını özü ödəyir və artıq bir neçə ildir ki, qonşu ölkələrə də “işıq” satır.

Ölkənin istehsal etdiyi elektrik enerjisinin 85%-i istilik elektrik stansiyalarının (İES), təqribən 15%-i isə su elektrik stansiyalarının (SES) payına düşür.

Etibar Pirverdiyev
“Azərenerji” ASC idarə heyətinin sədri Etibar Pirverdiyevin son açıqlamasına görə, ötən il İES-da hasil edilən elektrik enerjisi əsasən təbii qazın və qismən də mazut yandırılması hesabına başa gəlir.

Hazırda İES-lərdə yalnız mavi yanacaqdan istifadə edilir. Bu isə iki baxımdan ölkəyə sərfəlidir: birincisi, elektrik enerjisinin maya dəyəri azdır, ikincisi, mazuta nisbətən ekoloji cəhətdən daha təmizdir.

RƏSMİ STATİSTİKA VƏ BAZAR

“Azərenerji” rəhbərinin bəyanatını rəsmi statistika ilə tutuşdurub hazırda Azərbaycanın elektrik enerjisi bazarındakı vəziyyəti təhlil edək.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2010-cu ilin birinci yarısında “Azərenerji” İES-da elektrik enerjisinin hasil edilməsi məqsədi ilə Dövlət Neft Şirkətindən 1 mlrd 901,7 mln m3 qaz alıb.

“Azərenerji” qazı daxili qiymətlərlə alır - 1000 m3 üçün 100 manat.

Bunun müqabilində İES-da 6 mlrd 925,7 mln kVt/saat elektrik enerjisi istehsal edilib. Yəni hər kVt/saat elektrik enerjisi üçün “Azərenerji” 0,27 m3 qaz sərf edib ki, bunun da dəyəri 2,7 qəpik təşkil edib.

Manatın indiki kursu ilə “Azərenerji”nin istehsal etdiyi enerjinin maya dəyəri 0,034 ABŞ dolları edir.

“Azərenerji” özünün hasil etdiyi elektrik enerjisini topdansatış qiyməti ilə (3,5 qəpik) enrji paylıayıcı şirkətlərə (“Bakıelektrikşəbəkə”, “Sumqayıtelektrikşəbəkə” və “Azərenerji”nin özünün regionlarda fəaliyyət göstərən satış qurumları) satır.

Enerji paylayıcı şirkətlər də “Azərenerji”dən aldıqları elektrik enerjisini abonentlərə 6 qəpikdən təklif edirlər (təəssüf ki, abonentin hələ də seçim imkanı yoxdur – hansı qiymətə təklifdirsə, o qiymətə də almağa məcburdur, çünki bazarda real rəqabət yoxdur).

Başqa sözlə, Azərbaycanın elektrik enerjisi bazarında mövcud olan tariflər imkan verir ki, həm elektrik enerjisi istehsal edən, həm də onu paylayan şirkətlər kifayət qədər gəlirlə fəaliyyətlərini davam etdirsinlər.

Əlbəttə, bu qurumların da xərcləri olur, məsələn, yeni-yeni elektrik stansiyaları tikilir, paylayıcı şəbəkələri yeniləyir, təmir və yenidənqurma işləri görürlər.

Həm də elektrik şirkətləri hələ də müştərilərdən pulun hamısını ala bilmirlər. Məmurlar hətta bu xərcləri əldə bayraq tutaraq Tarif Şurası qarşısında elektrik enerjisinin qiymətinin artırılması məsələsini qaldırırlar.

MONOPOLİYA OLAN YERDƏ

Bu ilin avqustunda Nazirlər Kabinetinin qərarı ilə “Azərenerji”nin Dövlət Neft Şirkətinə olan 1,555 mlrd manatlıq borcu silindi
Əlbəttə, monopoliya olan yerdə istənilən təklifi gündəliyə gətirmək mümkündür. Ancaq ilkin hesablamalar göstərir ki, qiymət artırılması üçün nə iqtisadi, nə sosial, nə də başqa əsas var.

Bunu başqa faktlar da sübut edir.

Bu ilin avqustunda Nazirlər Kabinetinin qərarı ilə “Azərenerji”nin Dövlət Neft Şirkətinə olan 1,555 mlrd manatlıq ($2 mlrd-dan çox) borcu silindi. Yəni, “Azərenerji” illər boyu aldığı qaz və mazutun pulunu heç də vaxtlı-vaxtında ödəməmişdi.

Bundan əlavə heç paylayıcı şirkətlər də borclarını 100% ödəmirlər.

Dövlət isə öz büdcəsindən enerji qurumlarının inkişafı üçün kifayət qədər vəsait xərcləyir.

Belə xərclərə misal olaraq aşağıdakıları göstərmək olar.

Son 5 ildə “Azərenerji”yə dövlət büdcəsindən investisiya xərcləri maddəsi ilə ayrılan vəsaitlər (mln. manatla):

2006 ildə - 272,5
2007 – 116,8
2008 – 318,1
2009 – 240,5
2010- 72

Son 4 ildə “Bakıelektrikşəbəkə” və “Sumqayıtelektrikşəbəkə”yə dövlət büdcəsindən investisiya xərcləri maddəsi ilə ayrılan vəsaitlər (mln manatla):

2007- 57,9
2008 – 120
2009 – 50
2010 – 55

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG