Keçid linkləri

Təcili xəbərlər

Cavankən qocalanlar...


Uzaq Qərb ölkələri bizləri təəccübləndirməkdə davam edirlər. Bu günlərdə xəbər verildi ki, Meksikanın ən qorxulu şəhərlərindən birinə 20 yaşlı gənc tələbə qız polis rəisi təyin edilib. Hamı şimali və cənubi Amerika ölkələrinin kriminogen baxımdan nə qədər mürəkkəb ölkələr olduğunu bilir. Amma həmişə bizləri qeyri – standart qərarları və çıxış yolları ilə təəccübləndirən bu ölkələrin daha bir siyasi sürprizinə sadəcə təəccüb etməkdən savayı çarə tapmadıq. «Əşşi, oralarda hər şey mümkündür» - deyərək yenidən gündəlik qayğılarımıza qapıldıq, daha özümüzü «Bəs burada niyə heç nə mümkün deyil?» kimi suallarla yormadıq. Ancaq maraq adamı heç rahat buraxmır ki, buraxmır. Doğrudan da, görən, belə hadisə Azərbaycanda baş versəydi, buna qarşı «milli reaksiya» necə olardı? Güman ki, həmin tələbə yüksək çinli məmurların övladı olsaydı, böyük əksəriyyət buna etinasızlıqla yanaşacaqdı, yəni «bizlik deyil» - deyib bir kənara çəkiləcəkdi. Yox, əgər bu, indikindən fərqli, demokratik hakimiyyətin dövründə baş versəydi, hamı səriştədən, təcrübədən, «uşaqlar»ın aləmi bürüməsindən dəm vuracaqdı.

M. SAAKAŞVİLİ BİRİNCİDİRMİ?


Gürcüstan prezidentinin böyük marağa səbəb olan müsahibəsindən daha bir detal yadımda qalıb. O, demişdi ki, xarici işlər nazirindən başqa vəzifə adamlarının hamısının yaşı 40-dan azdır. Bunu oxuyanda yadıma 92-93 –cü illər düşdü. O vaxt Azərbaycanda da belə idi. Amma başqa yeniliklər kimi bu da həzm edilmədi, hamı «uşaqlar ölkəni dağıtdı» - deyib haray çəkdi.

BU MİLLƏT NİYƏ QOCALARI SEVİR?


Bəlkə? səbəb mühafizəkarlıqdır. Ola bilsin ki, bir qədər etirazla qarşılanacaq, amma azərbaycanlılar çox mühafizəkardır. Bu mühafizəkarlıq özünü hər cür yeniliyə münasibətdə təzahür etdirir, yeniliyi çətin qəbul edirik, ona o ki var, əngəllər törədirik. Hərdən adama elə gəlir ki, «Ölülər» ancaq Azərbaycanda yazıla bilərdi. Kor mühafizəkarlıq problemi bəlkə də ilk dəfə məhz bu əsərdə qoyulub. Təsəvvür edin, heç bir təhsili olmayan, ömrü boyu öz kəndindən kənara çıxmayan «ağsaqqallar» dünyəvi təhsil almış, başqa ölkələr görmüş İsgəndər kimi cavanlardan daha təcrübəli və daha səriştəli hesab edilirdilər. Əcəba, bunlar bu biliyi və təcrübəni harada qazanmışdılar, belə mərtəbəyə necə və nəyin hesabına çatmışdılar? Bir dəfə Vaqif Mustafazadə haqda verilişə baxırdım. Verilişdə iştirak edən bir neçə bəstəkarın sözündən belə çıxırdı ki, Vaqifin Bəstəkarlar İttifaqının üzvü olmamasının səbəbi təkcə onun diplomunun olmaması olub. Həmin bəstəkarların sifətlərinə diqqətlə tamaşa edəndə görürdün ki, bunlar əsl «ölü canlar» idi. Bəli, onların diplom problemi yox idi, İttifaqın üzvü idilər, amma adları elə həmin Birliyin köhnə siyahılarında qalmışdı, bu gün onları nə anan var, nə də xatırlayan, sanki heç bu dünyada yaşamayıblarmış. Vaqif Mustafazadə isə yada salınır, anılır.

Qayıdaq siyasətə. Çox maraqlıdır ki, ölkə siyasətində yaşca cavan olanlar da az deyil, hətta birincilər arasında belələri var. Amma min təəssüf ki, bu insanlar yaşca cavan olsalar da, ruhən qocadırlar. Siyasətçinin cavanlığı ölkəyə gətirilmiş taksilərə çevikliklə əyləşib onları böyük sürətlə idarə etməsində deyil. Bəlkə də çoxu bilmir ki, L. Brejnev böyük maşın həvəskarı olub, hətta özünün avtomobil kolleksiyası var imiş. Onun üçün ayrılan yerdə o avtomobili o qədər böyük sürətlə sürürmüş ki, yanında əyləşənlər qorxudan tir – tir əsirlərmiş. Amma Brejnev kim idi? Sovetlər Birliyinin ən mühafizəkar rəhbərlərindən biri, sonradan durğunluq adlandırılan dövrün arxitektoru. Hakimiyyət hərisliyi, hətta siyasi ehtiras belə heç də həmişə cavanlığa dəlalət etmir, bu keyfiyyətlərinə görə hamını geridə qoyan çox qoca siyasətçilər görmüşük...

MDB – NİN ƏN QOCA SİYASƏTÇİSİ – PUTİN!


MDB-də hamı tək onu yamsılamağa çalışır, onun siyasətə gətirdiyi üsulları təkrar etməyə cəhd edir. Amma o nə etdi? Nəyə nail oldu? Yeltsinin Rusiya siyasətinə gətirdiyi azacıq demokratiyanın kökünə balta vurdu. Haradasa maraqlı fikir oxumuşdum:

«Effektiv dövlətçilik axtarışlarının sonu həmişə totalitarizmlə bitib».

Putin «effektiv dövlətçilik»dən danışan ilk MDB lideri oldu. Nəticəsi də göz önündədir – o, ölkədə əsl islahatların qarşısında bir «siyasi kötüyə» bənzəyir, hətta D. Medvedyev də nəsə etmək istəyir, amma hələ bacarmır ki, bacarmır...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG