Keçid linkləri

Təcili xəbərlər

Yenə «exit-poll»?


2005-ci il seçkiləri göstərdi ki, «exit-poll»un böyük səs çoxluğu elan etdiyi qalib seçki nəticələrinə görə məğlub da ola bilər
2005-ci il seçkiləri göstərdi ki, «exit-poll»un böyük səs çoxluğu elan etdiyi qalib seçki nəticələrinə görə məğlub da ola bilər
Mərkəzi Seçki Komissiyası parlament seçkilərində yerli təşkilatın «exit-poll» keçirəcəyini açıqlayıb. 2005-ci il parlament seçkilərində daha çox təşkilat «exit-poll» keçirməyə qərar vermişdi. Bu dəfə isə söhbət yalnız bir yerli qurumdan gedir. Halbuki, ötən dəfə həm yerli, həm xarici, həm də qarışıq qurumlar «exit-poll» keçirmişdilər. Bunun özü də budəfəki parlament seçkilərinin 5 il öncəki parlament seçkilərinin rəqabət mühitindən və ajiotajından geri qaldığını göstərir.

«EXIT- POLL»UN BANİSİ AZƏRBAYCANDAKI SEÇKİLƏRƏ DÖZMƏDİ

2005-ci ilin iyununda İsveçrənin «Renaissance Associates» şirkəti Azərbaycandakı parlament seçkilərində «exit-poll» təşkil etmək təklifi ilə ABŞ-ın «Mitofski/Edison» şirkətinə üz tutur. Ancaq yerli və xarici media orqanları adıçəkilən İsveçrə şirkətinə sifarişin və maliyyənin kim tərəfindən verildiyini müəyyənləşdirə bilmirlər. «Mitofski/Edison» şirkətinin qurucusu Uorren Mitofskinin tərəfdaşı kimi Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) seçildiyi açıqlandıqda, bu «exit-poll»un arxasında hakimiyyətin dayandığına dair şübhələr artır.

Uorren Mitofski sıradan bir mütəxəssis deyildi. O, seçkilərin nəticələrini əvvəlcədən müəyyənləşdirmək üçün «exit-poll»dan istifadə edən ilk sosioloq olub. Mitofski bu üsulu ilk dəfə 1967-ci ildə Kentukki ştatında qubernator seçkiləri zamanı tətbiq etmişdi. 1972-ci ildən isə «exit-poll» bütün ABŞ-da tətbiq olunmağa başlayıb. SBS telekanalında işləyərkən Mitofski həmkarı Cozef Vaksberqlə birgə əhali arasında telefon sorğusu keçirmək metodunu da kəşf etmişdi.

Azərbaycan ABŞ-dan həm də ona görə fərqlənir ki, burada «exit-poll»u da «milliləşdirmək» mümkündür. Deməli, Mitofski əllərini çırmalayaraq işə başladı. Seçkilərə qədərki proses və seçkilər günü Mitofskinin işi rahat getdi. Həmişə olduğu kimi aləm seçkidən sonra bir-birinə qarışdı.
Uorren Mitofski sıradan bir mütəxəssis deyildi
«Exit-poll»ar arasındakı fərqlər və «exit-poll»un seçildiyini göstərən bir qrup namizəd Dairə Seçki Komissiyalarında məğlub elan edildilər. Ən dəhşətlisi o idi ki, «Mitofsky International» təşkilatının keçirtdiyi «exit-poll»un nəticələrinə kənar müdaxilələr də edilmişdi. Odur ki, bu cür seçkilərdən sonra Mitofski başını götürüb qaçdı.

Seçkidən iki ay sonra Mitofski ABŞ-da «Bakı macəraları» adlı məqalə çap etdi. Sifarişçilərin ona Azərbaycanda şəffaf və ədalətli seçkilər vəd etdiyini deyən Mitofski tam əksi ilə üzləşdiyini belə izah edirdi: «Fikirləşdik ki, əgər biz öz işimizi qərəzsiz görsək və seçki gününə qədər heç bir təsirlə üzləşməsək, hər şey yaxşı olacaq. Ancaq elə ki, seçki məntəqələri bağlandı və nəticələri elan etməyin vaxtı çatdı, məsələ başqa cür oldu. Əvvəlcə nəticələr barədə AVCİYA-nın sorğuçularından telefonla məlumatlar alındı və rəqəmlər kompüterə daxil edilirdi. Ancaq bunlar sorğuya nəzarət edən supervayzerlərin sonradan göndərdikləri məlumatlarla üst-üstə düşmürdü. Bu, AVCİYA-nın bizim üçün gördüyü işlə bağlı narahatlığımızın başlanğıcı idi. Sonradan anketləri araşdıranda, bəzi məlumatların həqiqətən yanlış olduğu bilindi. Anketlərin harada olması ilə bağlı sorğu göndərəndə, onların başqa yerlərdə olduğunu dedilər. Bu anketlər bizə gəlib çatmadı».

Mitofski yazısının sonunda Azərbaycana dəvət almalarının əsl səbəbini hələ də başa düşmədiyini bu şəkildə vurğulayırdı: «Bizim üçün anlaşılmaz qalan odur ki, nəyə görə «exit-poll»u bizə sifariş vermişdilər. Düşünürdük ki, Azərbaycanda seçkilər ədalətli və şəffaf keçəcək. Əks təqdirdə? şübhə doğuran yerlərdə anketləri yenidən yoxlayacağımızı bilə-bilə heç kim bu işi bizə tapşırmazdı...».

Təcrübəli mütəxəssis bu sualına cavab tapmadan Azərbaycanda parlament seçkilərindən bir il sonra 77 yaşında vəfat etdi.

BU DƏFƏ HEÇ KİMİ DƏVƏT ETMƏDİLƏR

Elmi əsaslarla keçirilən «exit-poll»lar seçki nəticələrindən cüzi fərqlənməlidir. Yəni «exit-poll» qalibi və məğlubu müəyyənləşdirir, sadəcə aralarındakı fərqdə müəyyən xətalara yol verilməsi mümkündür. Azərbaycanda 2005-ci il parlament seçkiləri isə göstərdi ki, «exit-poll»un böyük səs çoxluğu elan etdiyi qalib seçki nəticələrinə görə məğlub da ola bilər. Və o zaman bir kimsə bizə izah etmədi ki, sosiologiya elminə əsaslanan «exit-poll»la seçki nəticələri arasındakı fərq niyə bu qədər böyükdür? Görünür, bu izahın mürəkkəb olduğunu düşünənlər artıq bu dəfə xaricdən «exit-poll» keçirməyə mütəxəssis dəvət etmədilər.
XS
SM
MD
LG