AÇG-dən çıxarıla biləcək neft ehtiyatlarının həcmi 6.8 milyard bareldir
Azərbaycanın xarici şirkətlərlə 1994-cü ildə imzaladığı ilk neft müqaviləsi – «Azəri-Çıraq-Günəşli» dəniz yataqlarından artıq 200 milyonuncu neft dünya bazarlarına yola salınıb. Bu həcmin az və ya çox olmağını fərqə varmaq və ümumiyyətlə, layihə haqda bilgilərimizi artırmaq üçün bir sıra faktlara diqqət yetirmək lazımdır:
- «Əsrin müqaviləsi» adlandırılan bu layihə çərçivəsində ilk neft 7 noyabr 1997-ci ildə hasil edilməyə başlayıb;
- stabil ixrac əməliyyatlarına 1998-ci ilin martından Rusiyanın Novorossiysk limanından başlanılıb;
- hazırda ixrac əməliyyatları 3 marşrut üzrə həyata keçirilir ki, bunların 2-si boru kəmərləri (Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa) vasitəsilə, 1-i isə dəmiryoldur (Bakı-Batumi, bu yoldan ancaq Amerikanın «ExxonMobil» şirkəti istifadə edir, ona görə ki, vaxtilə dünyanın neft nəhənginin strateqləri ciddi səhv buraxaraq Ceyhan istiqamətindəki boru xəttini maliyyələşdirməkdən imtina etdilər və hazırda boru xətti ilə daşıma xərcləri onlar üçün daha baha olduğundan dəmiryoldan istifadəyə məcburdurlar);
- AÇG səhmdarları ixracatda Bakı-Novorossiys boru xəttindən 2009-cu ilin əvvəlindən imtina ediblər və hazırda bu boru xətti SOCAR-ın balansındadır;
- 2009-cu ilin nəticələrinə əsasən, ilk dəfə olaraq AÇG yataqlarından 40 milyondan artıq neft hasil edildi və cari ildə bu rəqəm 42 milyona çatacaq. Yaxın 5 ildə hasilatın 45-46 milyon ton ətrafında stabilləşməsi planlaşdırılır. Çox güman ki, 2019-cu ilə kimi müqavilə sahəsində hasilat 40 milyon tondan aşağı düşməyəcək;
- BP-nin hesablamalarına görə, müqavilə müddətinin tam başa çatdığı dövrə qədər (12 dekabr 2029-cu il, müqavilə 30 ilə bağlanıb və 5 il də artırıla bilər) AÇG-dən 5.4 milyard barel (730 milyon ton) neft hasil etmək mümkündür;
- SOCAR geoloqlarının hesablamalarına görə isə, AÇG-dən çıxarıla biləcək neft ehtiyatlarının həcmi 6.8 milyard bareldir (923 milyon ton ). Yəni yerli mütəxəssislər hesab edir ki, buradan daha 10 il müddətində təqribən əlavə 1.4 milyard «qara qızıl» hasil etmək olar.
AZƏRBAYCAN «QAZ VURUB QAZAN DOLDURUB»
Bəs təkcə bir müqavilə çərçivəsində 200 milyon neftini dünya bazarına çıxaran Azərbaycanın qazancı nə olub? Bu sualın dəqiq cavabını nə yaxşı ki, SOCAR-ın 1-ci vitse-prezidenti qocaman neftçi Xoşbəxt Yusifzadə açıqlayıb. O deyib ki, AŞG-nin işlənməsinə çəkilən xərcləri və xarici neft şirkətlərinin payını çıxdıqdan sonra Azərbaycanın qazancı natural ifadədə düz 85 milyon ton (630 milyon barel) «qara qızıl» olub.
Qeyd edim ki, 2008-ci ilin 1 iyulundan AÇG çərçivəsində mənfəət neftinin (xərclər çıxılandan sonra şirkətlərlə Azərbaycan hökuməti arasında bölüşdürülən pay) bölgüsü aşağıdakı nisbətdə bölünür: 20% - şirkətlər, 80% - Azərbaycan. Məsələn, cari ildə 300 milyon barel neft hasilatı gözlənilir. Neftin orta satış qiyməti $75 olarsa, demək ümumi gəlir $22.5 milyard edər. 2010-cu ildə AÇG çərçivəsində ümumi xərclər isə $2 milyard 171 milyon planlaşdırılıb, yəni natural ifadədə 28.9 milyon barel. Demək, mənfəət neftinin dəyəri $20 milyard 329 milyondur. Bunun Azərbaycana düşən hissəsi isə $16 milyard 263 milyon olur. Bundan əlavə, xarici şirkətlər layihə çərçivəsində qazanclarının 25%-dən mənfəət vergisi ödəyirlər ki, bu da Azərbaycan tərəfi üçün əlavə olaraq daha $1 milyard 16 milyon gəlir deməkdir.
İndi özünüz düşünün Azərbaycan vətəndaşları, bu gəlir azdır və ya çox? Ancaq bir şeyi deyim ki, dövlət büdcəmizin xərc hissəsi artıq $15 milyard ətrafında stabilləşib, yəni dövlət AÇG-dən gələn gəlir hesabına faktiki olaraq öz xərclərini ödəyir. Onda elə isə məmurların rəsmi və qeyri-rəsmi yığdıqları vəsaitlər hara gedir?