Keçid linkləri

Təcili xəbərlər

Terrorizmə əlac axtarışı


Niyazi Mehdi
Niyazi Mehdi
Bu yaxınlarda ATV-nin «El içində» verilişində biz iştirakçılara Elçin Əlibəyli sual verdi: Nədən Azərbaycanda terrorist dini qruplar yaranır?

Dinlərdə kədərli ziddiyyətlər

Suala cavablardan birini verim. Bütün təriqətlərdə, məzhəblərdə, hətta bütün dinlərdə də inananların tam çoxluğu özlərini ən doğru biliklərin, ən yüksək əxlaqın daşıyıcıları sayırlar. İnamları belədir, hamı əyri yoldadır, bizdən başqa! Şiələr, beləcə, özlərini düz, sünniləri əyri sayırlar. Sünnilər də, vahabilər də eləcə. Eyni ziddiyyət Xristianlıqda katoliklər, protestantlar, pravoslavlar arasındadır.

Şiəliyin tarixində çoxsaylı möcüzələr var. Sanki bu möcüzələr (İslama görə daha dəqiq olar «Allahın kəraməti» demək) şiələrin öz inanışlarını bircə düz saymasına əsas verir. Axı, şiəlik yanlış olsaydı, onun müqəddəsləri ilə ilgili necə möcüzələr olardı?! Şiələr belə sayırlar. Ancaq bu məntiqi o heçə çevirir ki, belənçi möcüzələr sünni tarixində də, vahabi tarixində də var. Katolisizmin, Protestantlığın, Pravoslavlığın, Buddizmin, Hinduizmin tarixi də möcüzələrlə doludur. Deməli, heç bir təriqətdə, heç bir dində möcüzələr bircə onun düz olmasına arqument ola bilməz. Möcüzələr, sadəcə, onların da haqlı, düz olmasına tanıq ola bilər, vəssalam!

Dini gerçəkləri «özəlləşdirmək» olarmı?


Dini təriqətlər, yollar öz Doğrularını, Gerçəklərini təkcə düz sayanda, özlərini başqalarından fərqli olaraq Absolyut həqiqətin daşıyıcıları biləndə bundan məntiqi bir nəticə çıxır: kim belədirsə, Allahın əsgəridir. Uyğun olaraq başqaları Allahın yolundan azanlara, Allahın bəyənmədiklərinə və ən qorxulusu, Allahın düşmənlərinə çevrilir. Deməli, Azərbaycanda, eləcə də Çeçenistanda, Əfqanıstanda şəhidlik, terrorizm əqidəsində birləşənlərin bu birliyinin əsasında o inam durur ki, dini gerçəyə yalnız onlar tam yiyədirlər.

Bu inamın yanlış və primitiv, qorxulu və ziyanlı olmasına çoxlu arqumentlər var. Birini irəlidə dedim: hər dində və təriqətdə çoxlu möcüzələr və möcüzəvi müqəddəslər olub və var. Yanlış dində təsadüflər olardı, möcüzələr yox. Hinduizm yanlış olsaydı, onun dərinliklərindən Yoqa çıxardımı?! Xristianlıq yanlış olsaydı, Batı dünyasının və mədəniyyətinin bu qədər uğurları olardımı?

Bizim şüurumuzda olan Allaha təsəvvürü Allahın özündən sonsuz uzaqlıqdadır. Ancaq biz başımızdakı Allahı Onun özü sayanda bu təsəvvürü büt edərək Ona şərik qoşuruq...
Fransadan, Britaniyadan, Amerikadan tək-tük Şərq fədailəri ərəblərin arasında yaşamağa gedirlər. Ərəblərdən isə milyonlarla adam Avropaya can atır. Mən demirəm, bu İslamın yanlışlığına arqumentdir. Ancaq bu ona arqumentdir ki, dinləri düz və əyriyə bölmək adekvat bölgü deyil. Dinlər, təriqətlər arasında ilişgilər başqa kateqoriyalarda, başqa koordinatlarda və ölçülərdə düşünülməlidir. Bu inqilabi baxışa, yanaşmaya bütün dinlərdə cəhd olub. Hindistanda Əkbər şah dinləri sintez etmək istəyib. İslamda Fərabi, Tusi söyləmişdilər ki, düz və yanlış dinlər yoxdur. Allah-təala Onu bilmək üçün hər irqin (əslində, ulusun) ruhuna uyğun yolu vermişdir, Çağımızdan örnək. Öldürülmüş pravoslav keşişi Aleksandr Men Qurani-Kərimi Allahın kitabı sayırdı və bu, onun xristian olmasına əngəl olmurdu.

Allaha şərik qoşanlar

Beləliklə, dinlərdə terrorist hörgütlərin, qurumların yaranmasına əsas səbəb «Allahı biz bilirik, başqaları bilmir», «Allahın sevimli bəndələri yalnız bizlərik» kimi aksiomatik inamlardır. Demokratiyanın dini azadlıqla bağlı baş prinsipi odur ki, hər kəsin istədiyi kimi ibadət etmək və ya etməmək haqqı var. Siyasətdə olduğu kimi dində də plyuralizm olmalıdır. Qurumların, baxışların plyuralizmi! Müsəlmanların çoxu, Xristianların nisbətən az çoxlu bu prinsipi yaxın buraxmaq istəmirlər.

İslam Allaha şərik qoşmağı bəyənməyən dindir. Ancaq çox qəribədir ki, müsəlmanların arasında şırka yol verənlər yaman çoxdur. Bizim şüurumuzda olan Allaha təsəvvürü Allahın özündən sonsuz uzaqlıqdadır. Ancaq biz başımızdakı Allahı Onun özü sayanda bu təsəvvürü büt edərək Ona şərik qoşuruq. Deməli, şırka yol verməməyin bir prinsipi odur ki, İslamda öz təriqətini necə dəhşətli sevsən də, başındakı Allah təsəvvürünə necə bağlı olsan da bir qırnıq düşüncəyə yer saxla: onlar Allahın Özü deyil. Deməli, sən başındakı Allah təsəvvürünün əsgəri oluban şəhid kəməri taxanda və ya adamları terror edəndə Allahın yox, başındakı bütün əsgəri olursan.

Azərbaycanda, məncə, dinçilərimiz, gənclərimiz nə qədər dini plyuralizmi mənimsəsələr, nə qədər ona yer qoysalar ki, başlarındakı Allah təsəvvürü Onun özü deyil, o qədər də İslam terrorizmi üçün mühit yaranmaz.

Məqalədəki fikirlər müəllifin şəxsi düşüncələridir.
XS
SM
MD
LG