Keçid linkləri

Təcili xəbərlər

Deyəsən, seçki başladı axı?!


Bu parlament seçkisi müəyyən mənada gələcək üçün məşq olacaq
Bu parlament seçkisi müəyyən mənada gələcək üçün məşq olacaq
Bu gün parlament seçkisinin birinci mərhələsi – deputatlığa namizədlərin irəli sürülməsi prosesi başlayır. Cəmi bircə ay vaxt ayrılan bu proses bəlkə də elə seçkinin ən mühüm mərhələsidir, çünki bu intervalda əsas məsələlər, qeydiyyat məsələsi, siyasi blokların, seçki siyahılarının elan edilməsi baş verir. Əvvəlki seçkilərdə hakimiyyət elə bu mərhələdə seçki haqda dürüst təsəvvür yaradan addımlar atırdı – kimlərsə elə bəri başdan qeydiyyatdan keçirilir, kimlərə isə «yox» - deyilirdi, bununla da gələcək parlamentin və ən başlıcası seçkinin özünün mahiyyəti aydınlaşırdı. Amma ötən parlament seçkisində bir qədər fərqli taktika seçildi, demək olar ki, bütün namizədlər qeydiyyatdan keçirildi. Yada salaq ki, 1995-ci və 2000-ci illərdə heç də belə olmamışdı – o vaxt toplanmış imzaları «saxta» elan etmək və bununla da imzaların sayını zəruri həddən – 2000 imzadan aşağı salmaq çox dəbdə idi.

Bəlkə də, bu, indi çətinləşib, axı indi qeydiyyatdan keçmək üçün cəmi 400 imza tələb olunur. Təbii ki, bu qədər imza toplamaq heç bir namizəd üçün problem deyil. Digər tərəfdən, ola bilsin, hakimiyyət namizədlərin bəzisini «seçki imtahanının elə birinci mərhələsində kəsməməklə» bir qədər fərqli, mürəkkəb situasiya yaratmaq, seçkiyə demokratik forma vermək istəyir. Axı müxalif və müstəqil namizədlərin axıra qədər iştirak etdiyi seçkini azad, ədalətli və demokratik seçki kimi təqdim etmək daha asandır.

YAP-IN SİYAHISI ÇOX ŞEY DEYƏCƏK

Hakimiyyətdə olan Yeni Azərbaycan Partiyası hələ siyahısını açıqlamayıb. Bu onunla izah edilir ki, siyahı üzərində hələ iş gedir. Amma çox güman ki, YAP hələ ən azı əsas müxalifət düşərgəsindəki prosesləri, onların siyahısını izləməklə məşğuldur.
YAP-ın missiyası çox qəlizdir – axı bu siyasi partiya təkcə özünün parlamentə düşəcək üzvlərinin siyahısını tutmur, həm də hakimiyyətyönümlü, hətta radikal müxalifət adlı partiyaların belə parlamentə seçiləcək təmsilçilərini müəyyənləşdirməyə çalışır
Və bütün problem də ondadır ki, YAP-ın missiyası çox qəlizdir – axı bu siyasi partiya təkcə özünün parlamentə düşəcək üzvlərinin siyahısını tutmur, həm də hakimiyyətyönümlü, hətta radikal müxalifət adlı partiyaların belə parlamentə seçiləcək təmsilçilərini müəyyənləşdirməyə çalışır. YAP-ın və müxalifətin siyahılarına baxmaqla ən azı siyasi müxalifətin hansı üzvlərinin parlamentə düşəcəyinin proqnozlaşdırmaq mümkündür.

Amma burada kiçik bir nüans var. Bəzən YAP müxalifət liderlərinin öz namizədliklərini irəli sürdükləri dairələrdən güclü namizədlər vermir və bu, belə təsəvvür yaradır ki, hakim partiya həmin namizədlərin seçilməsini asanlaşdırır. Amma son nəticədə hansısa tanınmayan namizəd müxalifət liderini seçkidə udur. Məsələn, ötən parlament seçkisində İsa Qəmbərlə bağlı belə olmuşdu.

BLOKLAR, AY BLOKLAR!

Bu seçkinin bir özəlliyi də olacaq. Bəlkə də, bu, müxalifətin ən pərakəndə şəkildə iştirak etdiyi seçkidir. Görünür, bu da siyasətin ironiyası, gülüşüdür – nə vaxt ki, birlik haqda, müxalifətin məsuliyyəti haqda çox danışılır, o vaxt müxalifət ən zəif siyasi «oyun» nümayiş etdirir. Artıq indi demək olar ki, seçkidə ən azı dörd – beş müxalifət bloku iştirak edəcək. Hələ qeydiyyatdan keçməsələr də onlar artıq özlərini bəyan ediblər. 2005-ci ilin parlament seçkisində blokların sayı indikindən qat – qat az idi.

2010-CU İLDƏN 2013-CÜ İLƏ

Bu parlament seçkisi müəyyən mənada gələcək üçün məşq olacaq. Söhbət nədən gedir?

2013 ildə ölkənin dəyişdirilmiş, «islah edilmiş» ali qanununa görə iki dəfəlik məhdudiyyətin olmayacağı prezident postuna seçkilər keçiriləcək. Etiraf edək, nə müxalifət partiyaları, nə də cəmiyyət ali qanuna edilən mürtəce dəyişikliklərin qarşısını ala bilmədi. İndi ölkə qeyri – rəsmi monarxiyaya doğru addımlamaqda davam edir.

2010–cu ilin parlament seçkisi ölkədə müxalifətin olub–olmamasına və cəmiyyətin nə qədər ayıq – sayıq olmasına aydınlıq gətirəcək. Bu baxımdan demək olar ki, 2013-cü ilin prezident seçkisi 2010–cu ilin parlament seçkisinin bir qədər irəliyə, yaxın gələcəyə doğru proyeksiyası olacaq – bir seçki o birisinin taleyini həll edəcək. İki dəfəlik məhdudiyyət götürülsə də, hələ təcrübədə heç kimə üç dəfə prezident seçilmək nəsib olmayıb. Elə ola bilər ki, qanuna edilmiş düzəliş təcrübədə özünü təsdiq etməz, seçkidə müxalifət nümayəndəsi və ya hansısa müstəqil namizəd seçilər. Bu isə cəmiyyətdən və müxalifətdən asılı olacaq. Bunları ona görə qeyd edirik ki, bəli, artıq seçki başlayır. Görəsən, hamının xəbəri varmı?
XS
SM
MD
LG