Keçid linkləri

Təcili xəbərlər

«Nabucco» da Rusiyaya qurban, Qəbələ RLS də...


Dmitri Medvedev və İlham Əliyev - 3 sentybar 2010, Bakı
Dmitri Medvedev və İlham Əliyev - 3 sentybar 2010, Bakı
Rusiya prezidenti Dmitri Medvedev Bakıdakı açıqlamasında Azərbaycan ictimaiyyətini sakitləşdirməyə çalışdı ki, Ermənistanla imzaladığı hərbi sazişin nə elə bir əhəmiyyəti, nə də əvvəlki sənəddən fərqi var. Halbuki, yeni sənəddə Rusiyanın Gümrüdəki hərbi bazasının Ermənistanın təhlükəsizlik maraqlarına da xidmət edəcəyi vurğulanıb.

Medvedev daha sonra bizi inandırmağa çalışdı ki, Ermənistandakı hərbi saziş Qafqazda sülh və əmin-amanlığa xidmət edir. Qeyri-diplomatik dildə bu açıqlamanı belə oxumaq olardı:

«Biz Ermənistanla hərbi sazişi ona görə yenilədik ki, Azərbaycan işğal altındakı torpaqları hərbi yolla işğaldan azad etməyə həvəslənməsin, əks halda qarşısında bizi görəcək».

Ən gülməlisi odur ki, Cənubi Qafqazda barış və əmin-amanlıqdan danışan Rusiya prezidenti Cənubi Qafqazın dövləti – Gürcüstanı parçalayaraq separatçıları tanıyıb, onları silah və sursatla təmin edib.

«RUSİYA AZƏRBAYCANIN STRATEJİ TƏRƏFDAŞIDIR(?!)»

Torpaqlarımızı işğal edən dövlətin strateji müttəfiqi Azərbaycanın strateji tərəfdaşı ola bilərmi? «Ola bilər» deyir Azərbaycan rəsmiləri. Yerevanda hərbi saziş imzalayan, «Ermənistan strateji müttəfiqimizdir» deyən Rusiya prezidentinə iki həftə sonra Bakı Dövlət Universitetinin fəxri doktoru adı verilməsində də qəbahətli heç nə görmürlər rəsmilərimiz.

Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Medvedevin Bakıya gəlişindən bir neçə gün öncə açıqlama verərək,
Torpaqlarımızı işğal edən dövlətin strateji müttəfiqi Azərbaycanın strateji tərəfdaşı ola bilərmi?
Rusiyanın Ermənistana verəcəyi silahların ATƏT-in Cənubi Qafqaz dövlətləri üçün müəyyənləşdirdiyi kvotanı pozub-pozmayacağını hesablayacaqlarını söyləmişdi. İqtidar rəsmisi araşdırma başa çatdıqdan sonra Azərbaycan hökumətinin bu məsələyə münasibət açıqlayacağını bildirmişdi.

Qorxuram, Medvedevin Bakı səfərindən sonra rəsmi Bakı nə silah kvotasının pozulub-pozulmadığını, nə də onun nəticələrini açıqlamağa həvəsli olsun. Ötən dəfə də belə olmuşdu.

Rusiyanın 1996-cı ildə Ermənistana qeyri-qanuni olaraq 1 milyard dollar silah ötürdüyü məlumatı yayıldıqdan sonra rəsmi Bakı çox sərt şəkildə Kremldən izahat tələb etdi. Dövlət başçısı Heydər Əliyev Moskvaya gedərək, rusiyalı həmkarı Boris Yeltsinin məsələyə müdaxilə etməsini istədi. Yeltsin bu görüşdən sonra məsələni araşdıracaq ortaq komissiyanın yaradılmasına razılıq vermək məcburiyyətində qaldı.

Bəs sonra nə oldu? Nə komissiya toplantı, nə də ötürülən silahlardan xəbər çıxdı. 2000-ci ildə Rusiyada hakimiyyət başına gələn Vladimir Putinlə dostlaşan Azərbaycan hakimiyyəti isə həmin o silahlar məsələsinə bir daha qayıtmadı. İndi də Medvedevlə dostluq edirlər.

MEDVEDEVİN AZƏRBAYCANDAN İKİ UMACAĞI VAR

Bakı Dövlət Universitetinin fəxri doktoru olan Dmitri Medvedev Azərbaycan hakimiyyəti ilə daha iki sövdələşməyə ümidlidir. Kreml sahibi ilk növbədə rəsmi Bakının «Nabucco» layihəsində iştirakını heçə endirməyə çalışır. Medvedev bu istiqamətdə artıq müəyyən uğura imza atıb.

Rusiya prezidenti Bakıya ötənilki səfərində əgər Azərbaycandan 1 milyard kubmetr qaz alacağına dair anlaşma imzalamışdısa, bu dəfə bu rəqəm 2 milyarda çatdı və bu hələ son rəqəm deyil.

Belə getsə Rusiya «Nabucco» üçün lazım olan qazın önəmli hissəsini Azərbaycandan alacaq
Belə getsə Rusiya «Nabucco» üçün lazım olan qazın önəmli hissəsini Azərbaycandan alacaq. Burada Azərbaycana münasib qiymət təklif edən Rusiyanın çevikliyini, «Nabucco»da maraqlı olan Avropa Birliyinin isə ləngliyini vurğulamaq lazım gəlir.

Kremlin Bakıdan ikinci istəyi Qəbələ RLS-in icarə müddətinin uzadılması ilə bağlıdır. İcarə müddəti iki il sonra bitir. Ona görə də Kremlin məsələni yoluna qoymaq üçün elə də çox vaxtı qalmayıb. Düşünürəm ki, Rusiyanın bir çox istəyinə müsbət cavab verən Azərbaycan hakimiyyəti Qəbələ RLS-in icarə müddətinin uzadılması məsələsində də Kremlə «yox» deməyəcək.

Bunların qarşılığında da rəsmi Bakı Kreml sahibindən Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində fəallığını davam etdirməsini istəyir. İlham Əliyev mətbuat konfransında Azərbaycan və Ermənistan prezidentlərini qısa zaman kəsiyində 6 dəfə bir araya gətirən Medvedevin bu fəallığının bənzərinin olmadığını xatırlatdı.

Fəal olmağına fəaldır, ancaq Medvedevin təşkil etdiyi son Sankt-Peterburq görüşündən daha çox Ermənistanın dövlət başçısı Serj Sarkisyan razı qayıtmışdı. Niyə də razı qalmayaydı? Həmin görüşdə Medvedev işğal altındakı torpaqların boşaldılmasını faktiki Dağlıq Qarabağa veriləcək statusa bağladı. Bu da Ermənistanın maraqlarına tam uyğundur. Bundan sonra Azərbaycanda hələ də Rusiyanın vasitəçiliyindən mədət umanları anlamaq çətindir.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG