Keçid linkləri

Təcili xəbərlər

Bu ölkə nə vaxt müasirləşəcək?


Əgər məsələ «suyu rəqs etməyə» məcbur etməkdədirsə, deyilənə görə, qədim Şirvanda bundan da irəli gediblərmiş
Əgər məsələ «suyu rəqs etməyə» məcbur etməkdədirsə, deyilənə görə, qədim Şirvanda bundan da irəli gediblərmiş
Yox, müasirlik nə ətrafı tozlu-torpaqlı, liftsiz, qazsız və işıqsız uca binalar, nə adamın bürkü içində boğulduğu metro, nə keçmiş heykəllərin yerində quraşdırılan fəvvarələr, nə də «xidməti» artıq lətifələrin mövzusu olan yeni hava limanı demək deyil.

Hətta nə qədər qəribə olsa da, Qəbələ musiqi festivalı belə müasirliyin göstəricisi deyil. Əgər məsələ daşları bir yerə komalamaqdadırsa, bunu min illər bundan əvvəl Misir fironları hamıdan yaxşı bacarıblar. Əgər məsələ tunel qazmaqdadırsa, qədim Bakıda yeraltı yollar çox olub. Əgər məsələ «suyu rəqs etməyə» məcbur etməkdədirsə, deyilənə görə, qədim Şirvanda bundan da irəli gediblərmiş, Məlhəm Pirində ruhi xəstələri suyun səsilə və su prosedurları ilə müalicə edirlərmiş.

Hətta nə qədər qəribə olsa da, Qəbələ musiqi festivalı belə müasirliyin göstəricisi deyil

Əgər söhbət hava limanından gedirsə, bununla bağlı mənim özəl təəssüratım var. Bir neçə il bundan əvvəl hava limanındaydıq. Təyyarəyə qədərki punktların birində aeroport xidmətçisi mənə dedi: «Hüseynbala, səhərdir, hələ siftə etməmişik, bizə nə qədər pul verəcəksən?». Üstündən bir neçə il ötsə də, hələ bunu unutmamışam – buna heç yeni təəssüratlar da macal vermir, gələnlər, gedənlər o qədər yeni şeylər danışır ki, adam bilmir buna gülsün, ya ağlasın!...

Qəbələ musiqi festivalına gəldikdə isə, düzdür, klassik musiqi həmişə elitar maraq sferası olub, amma hətta bizim elita adamlarının xüsusiyyətləri onların klassik musiqini başa düşməsinə dəlalət etmir.

HAKİMİYYƏTİN MODERNLƏŞMƏ SİYASƏTİ

Modernləşmə bir ideoloji prinsipə dönüb. Rusiyanın siyasi elitasından əxz olunan bu anlayış «böyük fəlsəfi məqalələr»in predmetinə çevrilib. Amma həmin rus siyasi elitasına Almaniyanın kansleri A.Merkel dedi ki, cənablar, demokratiyasız modernləşmə olmur.

Rusiya siyasətçiləri də buna cavab tapa bilmədilər. Amma görünür onlar bu məsələnin cavabını tapmağı qonşu Azərbaycanın siyasi elitasına həvalə ediblər, sonuncular modernləşməni demokratiyanın alternativinə çevirmək üçün lap dəridən – qabıqdan çıxırlar.

Nədir modernləşmə? Bunu ölkənin siyasi elitiası necə dərk edir? Hələ yüz il bundan əvvəl Ə.Hüseynzadə «türkçülük, islam, müasirlik» demişdi. O, «müasirlik» deyəndə Qərbdəki ictimai-siyasi dəyərləri, elmi və texnoloji mədəniyyəti əxz etməyi nəzərdə tuturdu.

İndiki «ideoloqlar» ancaq elmin və texnologiyanın üzərində diqqət cəmləşdirirlər. Amma bütün bunların hələ hər hansı bir göstəricisi yoxdur – ölkədə dünya təsəvvürlərinə uyğun universitet, elmi təşkilat, zavod, yaxud fabrik hələ üfüqdə belə görünmür.

Hər şey vəd və quru ideologiya - təbliğatdır. Yaxşı nümunə üçün isə uzağa getmək lazım deyil. Qonşuluqda Gürcüstan var. Adi misal. Sərhəd–gömrük məntəqəsində Gürcüstan tərəfdə zəruri prosedurlara bir neçə dəqiqə, Azərbaycan tərəfdə isə bir neçə saat sərf olunur. Bax, müasirliyi burada axtarmaq lazımdır. Gürcüstanda xarici pasport almaq bir neçə saat çəkir. Bəs Azərbaycanda? Bax, müasirliyi burada axtarmaq lazımdır. Mən bir neçə xarici ölkədə olmuşam, oralarda polis gözümə dəyməyib. İndi bizdə hər yerdə vizual – müşahidə cihazları quraşdırılıb, amma buna baxmayaraq hər yan polislə doludur. Budurmu «modernləşmə»?

Görünür, bizlərdə modern dedikdə polis dəyənəklərinin ən müasir üsullarla hazırlanması və tətbiqi nəzərdə tutulur.

SÖZARDI

Mən xaricdə bir neçə meydan görmüşəm – hamısına daş döşənib. Amma Azadlıq meydanına asfalt döşənib

Bu ölkə nə vaxt müasir olacaq? Bilmirəm. Bunlar hətta şəhərdən kənarda magistral yolların arasına daş döşəyirlər. Parklara, bulvarlara daş salırlar. Mən xaricdə bir neçə meydan görmüşəm – hamısına daş döşənib. Amma Azadlıq meydanına asfalt döşənib. Bəlkə daşı bura döşəmək lazımdır?

Xarici ölkələrdə universitet şəhərcikləri olur. Bəlkə bu haqda düşünmək lazımdır? Tələbələrin böyük əksəriyyəti kirayədə yaşamağa məcburdur, çünki yataqxana yoxdur, köhnə yataqxanaların demək olar ki, hamısında məcburi köçkünlər məskunlaşıblar. Axı universitet şəhərcikləri olsaydı, belə problem yaranmazdı.

Sadalamaqla problemlər bitirmi? Yox, bitmir, necə ki, bizim «modern» məmurların tamahı bitib - tükənmir, onlar bitməyincə isə problemlər də bitməyəcək və biz də «modern» - müasir ola bilməyəcəyik...

Məqalədəki fikirlər müəllifin şəxsi düşüncələridir.

Ən son yazılan

XS
SM
MD
LG