Keçid linkləri

Təcili xəbərlər

«Bax indi azərbaycanlı olduğuma görə fəxr edə bildim»


«Qarabağ» FC
«Qarabağ» FC
İyulun 29-u UEFA Avropa Liqasında 3-cü təsnifat mərəhələsinin oyunları idi.

Bu mərhələdə adətən güclü komandaların gözəl oyunlarını görmək olmur deyə, ancaq azarkeşlik elədiyim komandalara baxıram.

Mənim bəxtimdən həmin gün «Qalatasaray» «evdə» OFK Belqradla oynayırdı.

Bir başqa dostumun da bəxti gətirmişdi. Türkiyənin başqa bir klubu – «Beşiktaş» Praqaya gəlmişdi. «Viktoriya» Plzenlə oynayacaqdı.

Həmin gün ortaq marağımızın birləşdiyi bir oyun da var idi: «Qarabağ» səfərdə «Visla» Krakovla görüşürdü. Üç oyunun üçü də, demək olar ki, eyni vaxta təsadüf edirdi.

Düzü, əvəlki illərin təcrübələrini nəzərə alanda, «Qarabağ»ın oyununa baxmaq üçün Krakova səfər etmək fikrindən daşındıq. O qədər olub ki, iş-gücünü atıb, başqa bir şəhərə gedirsən. Amma hər dəfə adı Azərbaycanın, dadı isə xarici legionerlərin olan klubların acı məğlubiyyətinin şahidi olursan.

FUTBOL BİZDƏN ÖZ QİSASINI ALDI

Mən evdə oturub «Qalatasaray»a baxdım, dostlarım «Beşiktaş»ın oyununu izləmək üçün Praqanın Letnany stadionuna üz tutdular.

90 dəqiqə bitəndən sonra bu «etibarsızılığımıza» cavab olaraq futbol bizdən öz qisasını aldı.

Milyonlarla dollarlıq oyunçular transfer eləyib Praqaya gələn «Beşiktaş» o qədər biabırçı oynadı ki, qapıçısının ağlasığmaz reaksiyası olmasaydı, böyük hesabla uduzması heç kəsi təəccübləndirməzdi.

O boyda Raykardın məşqçilik elədiyi «Qalatasaray» isə öz meydançasında, İstanbulda Belqradın cırtdan komandalarından olan OFK Belqradla ancaq 2-2 eləyə bildi.

Bizim oyununa getmədiyimiz, telekanallarımızın da bizlərə (xaricdə yaşayanlara) göstərmədiyi oyunda isə «Qarabağ» səfərdə OFK Belqraddan da, «Viktoriya» Plzendən də güclü olan «Visla»nı məğlub elədi. Özü də təsadüf nəticəsində yox, halalca qələbəylə, rəqibindən yaxşı oyunla.

Halaldır! Səhifədə şərh yazanlardan biri, Turgut demişkən, «Bax, indi Azerbaycanli olduguma gore fexr ede bilerem!».
XS
SM
MD
LG