Keçid linkləri

Təcili xəbərlər

Unudulmuşlar və unutdurulmuşlar


İ.Əliyevin çıxışından yadda təkcə bir cümlə qaldı: «mətbuat böyük yol keçib...».
İ.Əliyevin çıxışından yadda təkcə bir cümlə qaldı: «mətbuat böyük yol keçib...».
Nəhayət ki, milli mətubuatın 135 illiyi ilə bağlı keçirilən bayram tədbirləri də bitdi. O insanlar ki, mətbuatda həqiqətən də əziyyətləri var, o insanlar ki, onların sayəsində bu ölkədə hələ də azad mətbuat yaşayır, onlar onsuz da bayram tədbirlərini televiziya ekranlarından seyr etməli oldular.

Bütün bayramlarda olduğu kimi bu dəfə də çoxlu sayda yeni jurnalist çöhrələri gördük. Bir tərəfdən yenilik yaxşıdır, amma bu çöhrələrin ancaq bayramdan – bayrama, tədbirdən – tədbirə görünməsi adama bir qədər qəribə gəlir.

İ.Əliyevin çıxışından yadda təkcə bir cümlə qaldı: «mətbuat böyük yol keçib...». Bu, yeganə fikirdirdir ki, onunla razılaşmaq olar - mətbuat həqiqətən də böyük yol keçib, amma bu yolda o, kimlərin təpkilərini dəf etməli olub, hansı çətinliklərlə qarşılaşıb, bu yol neçə dəfə təhqirlərdən, məhbəslərdən keçib... Təbii ki, bu haqda danışılmadı. Elə çöhrələrində bayram sevinci olan jurnalistlər də bunu yada salmadılar. Amma bunun sorağında olanlar vardı.

ƏFV OLMADI


Üç jurnalist bayramı məhbəsdə qarşılamalı oldu. Bəli, fəxri adlar, mükafatlar, birdəfəlik yardımlar – inanın ki, bunlar heç kimi təəccübləndirmək gücündə deyil. Neft gəlirlərinin indiki vaxtında, böyük sərvətlərə necə gəldi sərəncam verildiyi və milyonların hesabının verilmədiyi bir vaxtda bir neçə milyonun səxavətlə mətbuata hədiyyə edilməsi də ən azı ağıllı adamlara təəccüblü görünmədi. Təəccüb doğuran başqa məqamdır. Yazılı sözə qarşı nə qədər böyük nifrətin olmalıdır ki, bu qədər tələbdən, xahişdən sonra belə üç gənci azad etməyəsən? Bax, düşündürücü məqam budur.

MƏTBUAT ŞURASI ÖZÜNÜ UNUTMADI

Bəli, belə oldu – Mətbuat Şurası yeni bina aldı! Amma təkcə bumu? Xeyr. Mətbuat Şurasının sədri Ə.Amaşov həm də əməkdar jurnalist oldu. Böyük hadisədirmi? Onun özü üçün güman ki, hə.Yeni dövrdə müstəqil mətbuatın banilərindən biri olan N. Nəcəfov və eləcə də digərləri bu ada layiq görülməmişdilər. Həmçinin də Elmar... Nə demək olar? Bu ölkədə hamı özü üçün çalışır. Burada təmənnasızlıq bacarıqsızlıq kimi qəbul edilir.
Mətbuat Şurası yeni bina aldı! Amma təkcə bumu? Xeyr. Mətbuat Şurasının sədri Ə.Amaşov həm də əməkdar jurnalist oldu
O biri tərəfdən də deyirlər ki, H. Zərdabi «Əkinçi»ni nəşr etmək üçün öz evini satmışdı. Həqiqətən də maraqlı təzaddır, çox maraqlı...

YAP-IN AZAD MƏTBUATA TÖHFƏSİ


Mətbuat Şurasının yeni binasında ilk baxışdan nəzərə çarpan H.Əliyevlə bağlı detallar idi – onun aforizmləri, şəkilləri... Güman ki, bu, İ.Əliyevə çox xoş gəldi, o, bunu çox sevir.

Bayramla bağlı süjetlərdən, reportajlardan yadda qalan bu oldu ki, sən demə, müstəqil mətbuatın yaranmasında ən böyük rol YAP-a məxsusdur. Bəli, çoxsaylı, israrlı tələblərdən sonra 1998-ci ildə senzura ləğv olunmuşdu. Amma senzuranın ləğvindən sonra mətbuat üzücü məhkəmə proseslərindən nə qədər əziyyət çəkdi və indi də çəkməkdə davam edir! Senzuranın ləğvinin ardınca mətbuata qarşı həm də çox incə təzyiqlərin əsası qoyuldu – iqtisadi cəhətdən zəiflətmək, məhkəmələr vasitəsilə qapatmaq, bəraət vermədən günahsız jurnalistlərin «humanist»cəsinə əfv edilməsi... Sadalamaqla da bitmir...

135 İL ƏVVƏL VƏ İNDİ


İndi əsl jurnalistlər unudulmuşlara aiddirlər, onların üzünə hər yer bağlıdır, təmtəraqlı qəbullarda, bayram şənliklərində görünmür, təltif olunmurlar. Amma nə olsun ki? Əsas odur ki, onlar ölkənin aparıcı mətbu orqanlarının yazarlarıdır – bunu ki, heç kim inkar edə bilməz! Elə «Əkinçi»dən başqa da o vaxt çoxlu qəzetlər olmuşdu – bunlar rusdilli qəzetlər idi. Bəlkə də, həmin vaxt jurnalistika elitasını bu nəşrlərin əməkdaşları təşkil edirdi və ola bilsin, «Əkinçi»yə bir əyalət qəzeti kimi baxırdılar. Qoy, indi Mətbuat Şurası bu haqda fikirləşsin ki, prezident olandan sonra İ.Əliyev hansı yerli qəzetə müsahibə verib? Bütün dünyada dövlət başçıları görüşlərdən sonra mətbuat konfransı keçirib jurnalistlərin suallarına cavab verirlər. İ.Əliyev mətbuat konfransları keçirmir. Niyə? Ona görə ki o, yerli mətbuatı saymır, ona əyalət nəşri kimi baxır. Bəli, səbəb budur - 135 il bundan əvvəl olduğu kimi...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG