Keçid linkləri

Təcili xəbərlər

İqdır-Naxçıvan qaz kəmərinin gizlin məqamları


Boru xəttinin illik buraxıcılıq gücü 500 milyon kubmetr olacaq
Boru xəttinin illik buraxıcılıq gücü 500 milyon kubmetr olacaq
Azərbaycanla Türkiyə arasında qaz əməkdaşlığı inkişaf etməkdədir. Bu günlərdə Naxçıvanda imzalanan sənəd rəsmi Bakı və Ankaranın 7 iyun 2010-cu il tarixdə imzaladıqları iki ölkə arasındakı paket qaz sazişinin bəzi detallarının çözülməsinə də imkan verir.

Beləliklə, 17 iyulda Türkiyənin təbii sərvətlər və enerji naziri Taner Yıldızın Naxçıvan Muxtar Respublikasına (NMR) səfəri çərçivəsində Azərbaycan və Türkiyə arasında qaz əməkdaşlığına dair növbəti addım atıldı: hər iki ölkənin təsərrüfat subyektləri – Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Türkiyə Dövlət Boru Xətti şirkəti (BOTAŞ) müqavilə imzaladılar. İmzalanan sənəd Azərbaycan qazının Türkiyə üzərindən NMR-na nəqlini nəzərdə tutur. Taner Yıldızın türkiyəli jurnalistlərə açıqlamasına görə, boru xəttinin illik buraxıcılıq gücü 500 milyon kubmetr olacaq (hazırda NMR-nın tələbatı ildə 300 milyon kubmetrdir). Bu sənədin maraqlı cəhəti odur ki, tərəflər bir-birlərinə qarşılıqlı güzəşt edirlər: Türkiyə NMR-na ötürüləcək qaza görə Azərbaycan tərəfindən tranzit haqqı almayacaq, Azərbaycan tərəfi isə yaradılacaq yeni infrastrukturun - İqdır-Naxçıvan qaz kəmərinin tikinti xərclərini tamamilə öz boynuna götürəcək. Özü də bu kəmər 2011-ci ilin sonu-2012-ci ilin əvvəlində reallaşmalıdır (elə bu zaman kəsiyində nəhayət ki, tikintisinə 2007-ci ildə start verilən Bakı-Tbilisi-Qars dəmir yolu da işə düşməlidir).

AZƏRBAYCANIN ÜMİDLƏRİNİ DOĞRULTMAYAN İRAN

2006-cı ilin 5 noyabrından NMR-nın təbii qazla təminatı başladı. Bunun üçün SOCAR Astaradan İrana müəyyən həcmdə qaz verir və bundan 15% az miqdarda mavi yanacağı Naxçıvanın Culfa şəhərində almağa başladı (qazın nəqli Xoy-Culfa kəməri ilə həyata keçirilir). Professional dildə bu cür qaz mübadiləsinə SWAP-nəql deyirlər. Yəni bu gün NMR-da istifadə edilən mavi yanacaq molekulyar baxımdan Azərbaycan qazı deyil. SOCAR-ın hasil etdiyi neft İranın şimal bölgələrinə (Cənubi Azərbaycana) verilir və adekvat həcmdəki (tranzit xərcləri çıxılmaq şərti ilə) İran qazı Naxçıvana ötürülür.

Artıq 4 ilə yaxındır ki, bu sxem üzrə NMR təbii qazla təchiz edilir. Bəs onda nədən rəsmi Bakı yenidən çoxmilyonluq (bəzi məlumatlara görə, İqdır-Naxçıvan qaz kəmərinin çəkilişi nasos stansiyalar da nəzərə alınmaqla SOCAR-a $150-200 milyona başa gələ bilər) xərclərə gedir və İran marşrutuna alternativ bir infrastruktur yaratmağa qərar verir. Bunun bir-neçə səbəbi ola bilər.

Əvvəla, İranın blokada şəraitində olan NMR üçün qaz göndərilməsinə görə Azərbaycandan 15% tranzit haqqı istəməsi. Tranzit haqqına görə bu faiz dərəcəsi çox böyük bir rəqəmdir. Avropada həmin göstərici 5-7% arasında dəyişir, Asiyanın özündə belə ən yüksəyi 10%-dir: Gürcüstan Rusiya qazının Ermənistana ötürülməsinə görə «Qazprom» şirkətində bu cür tranzit haqqı müəyyənləşdirib.
Yerevan üçün 1000 kubmetr İran qazı $90 –a başa gəlir
Bu isə ümumiyyətlə, Gürcüstan və Rusiyanın müstəqillik illərində demək olar ki, bir-birləri ilə «düşmən» münasibətlərinin nəticəsində gündəmə gəlmişdi. Bu baxımdan NMR-a SWAP-nəqlə görə Azərbaycandan 15% «zəhmət haqqı» kimi tutulması gec-tez bu layihənin gündəmdən çıxmasına dəlalət edirdi. Təbii ki, Azərbaycan rəsmi Tehranın ona bu cür münasibətini çox yaxşı başa düşürdü və onu da anlayırdı ki, İran Ermənistana barterlə (mübadilə) necə ucuz qaz satmağa razı olub. Belə ki, 1000 kubmetr qazın əvəzində 3000 kVt/saat elektrik enerjisi və ya rəsmi Yerevan üçün 1000 kubmetr İran qazı $90 –a başa gəlir (Ermənistanda sərhəddə elektrik enerjisinin ötürülməsi hər kilovat üçün 3 sentdən çox deyil, ona görə ki, bu ölkənin elektrik enerjisi əsasən atom və hidrogeneratorlarda istehsal olduğundan maya dəyəri çox aşağıdır), halbuki 2010-cu ildən Ermənistan «Qazprom»a analoji həcmlər üçün $184 ödəyir. Ona görə də rəsmi Bakı da imkan düşən kimi İrana öz «isti» münasibətini bildirməyi unutmurdu. Məsələn, 2008-ci ilin əvvəlində Türkmənistan qəflətən İranın şimal əyalətlərinə qaz ixracını dayandırdığı zaman SOCAR bu ölkəyə qısamüddətli (30 günlük) mavi yanacaq göndərilməsini kommersiya qiymətləri ilə həyata keçirməyə razı oldu: 1000 kubmetr qaz üçün İran $295 ödədi.

İkincisi, rəsmi Bakı özünə hesabat verir ki, İran hansı maraqlardan çıxış edərək Ermənistana bu cür iqtisadi yardımlar edir. Təbii ki, heç kəsə gizli deyil ki, Azərbaycanın işğal olunmuş kənd və şəhərləri ermənilər tərəfindən viran edilərkən evlərin qapı-pəncərələrindən tutmuş ta dam örtükləri və daşlarınadək hamısı İrana satılıb (Ermənistanda kim idi onlara para verən) və bu günədək meşə işğaldakı zonaları qırılaraq İrandakı ağac emalı fabrikinə daşınmaqdadır. Bundan əlavə hazırda İran-Ermənistan qaz kəmərinin ikinci hissəsinin inşası davam etdirilir ki, birdən Rusiyadan gələn qaz Gürcüstanda tam kəsilsə, onda İran qazı hesabına ölkənin mavi yanacağa olan tələbatını tam ödəmək mümkün olsun. Həmçinin hazırda Ermənistan İranla müştərək Araz çayı üzərində (Mehri yaxınlığında) gücü 140 MVt olan yeni su elektrik stansiyasının tikintisinə hazırlaşır və Təbriz neft emalı zavodundan Mehriyə neft məhsulları kəmərinin tikintisi ilə bağlı layihə işləri həyata keçirir (mənbə: Ermənistanın enerji naziri Armen Movsisyanın ötən həftə mətbuat konfransında bəyan etdiyi fikirlər). Bir sözlə, İran hazırda Ermənistan üçün bir «nəfəslik» rolunu oynamaqdadır və Dağlıq Qarabağ məsələsinin ədalətli həllində heç «din qardaşlığı» prinsiplərinə də yaxın durmur.

Üçüncüsü, İran qaz ehtiyatlarına görə dünyanın ikinci dövlətidir və təbii ki, onun Azərbaycandan uzunmüddətli müqavilə şərti ilə «Şah-dəniz»dən qaz alma niyyətinin arxasında hansı siyasətin durduğunu da (Avropaya niyə Azərbaycan qazı getməlidir?) Bakıda çox gözəl ehtimal edirlər.

NƏTİCƏ

Bakıda belə bir riski də nəzərə alırlar ki, NMR-ın gələcək stabil qaz təminatında rəsmi Tehrana o qədər də ümid etmək yetərli deyil və nə qədər gec deyil alternativ layihələri gündəmə gətirmək lazımdır. Demək bu haqda Azərbaycanla Türkiyə arasında məsləhətləşmələr 7 iyun paket qaz anlaşmasından da əvvəl müzakirə obyektinə çevrilib və Ankara rəsmilərinin «Naxçıvanın problemləri bizim problemlərdir» deyimi heç də boşdan yaranmayıb. Elə isə görəsən rəsmi Tehran hansı təkliflərlə bu ilin payızında Bakıdan qaz almağa gəlməyi planlaşdırır?
XS
SM
MD
LG