Keçid linkləri

Təcili xəbərlər

Qloballaşmanın özü-özünə olan təhlükələrindən


Professor Niyazi Mehdi
Professor Niyazi Mehdi
GÖRMƏMİŞ OLMAYAN MİLLƏTLƏRİN TƏHLÜKƏLƏRİNDƏN

Dünyada bu gün yeni durum yaranıb. Qloballaşmanın sonucunda tavarlar bolluğunda («tavar» da türkün sözüdür axı) hətta Afrikadan da görməmişlik gedir. Binə, Sədərək bazarları Azərbaycan insanını görməmişlikdən çıxarır. Ancaq bir məsələ də var. İngiltərədə böyüyüb sonra metroda bomba partlatmışlar görməmiş olmayanların dünyaya sürprizidir. Bunu da düşünməliyik, çünki Azərbaycanda da belə görməmiş olmayan nəslin gələcəyini gümanlamaq olar.

QLOBALLAŞMANIN QAÇILMAZLIĞI


Bütün canlılar yayılmağa, ekspansiya etməyə can atırlar. Beləcə, viruslar, kültürlər, dövlətlər, fərdlər bir ortaq eyləmdə açılırlar: hamısı yayılmaq, epidemiyaya çevrilmək istəyirlər. Qloballaşma Nuh əyyamındakı su daşqını kimi heç bir əngələ, dağlara, uçurumlara baxmadan hamısını aşıb keçir. Keçə-keçə yerli mədəniyyətləri, yerli dünyaları yuyub aparır. Qloballaşma Batının epidemiyası, pandemiyasıdır. Hind raqaları, türk yoqurtları da qloballaşmaq üçün öncə Qərbin «testindən» keçib «həri»sini almalı olmuşdular.
Batı qloballaşma eyləminə girişəndə quyruğundan özünü yeyən ilana oxşayır, çünki bu ilanın özünüyemə çevrəsini, dairəsini cızır

QLOBALLAŞMANIN QİYAMÇILARI

…Ancaq bütün dünyaya Batının az qala «yırtıcı» gücünü göstərən kürəsəlləşmənin bir paradoksu var. O, yerdə qalan dünya görməmiş olduqca gücünü saxlayır və artırır. Ancaq o biri yandan Qərb özünün tavarlarını, demokratiyasını, insan özgürlüklərini-azadlıqlarını, öz kültür dəyərlərini və məhsullarını yaydıqca yerdə qalan dünya görməmişlikdən görmüşlüyə doğru, tamarzılıqdan gözütoxluğa doğru dəyişir. Belə dəyişəndə isə o, artıq Batı dünyasına, Batı insanına aşağıdan yuxarı baxmır. Asiyada 1980-90-da iqtisad irəliləyiş olanda bir jurnalist demişdi: Amerika asqıranda bizə soyuq dəyən çağlar keçib getdi.

QUYRUĞUNDAN ÖZÜNÜ YEYƏN İLAN?

İnsan millət və mədəniyyət adamı kimi görməmiş olmayanda mənliyi, qüruru işləməyə başlayır. O zaman Batı kültürü, Batı insanı qarşısında şəstini duyur, dikbaş olur. Paradoksun ssenarisi odur ki, Batı o biri ölkələrinin görməmişliyindən özünə yayım gücünü qazanır, yayılanda isə yerdə qalan dünyanı özü kimi geyindirib özü kimi yaşatdığı üçün o dünyadan üstünlüyünü itirir. Üstünlüyünü itirəndə isə yayılma gücünü itirir. Beləcə, Batı qloballaşma eyləminə girişəndə quyruğundan özünü yeyən ilana oxşayır, çünki bu ilanın özünüyemə çevrəsini, dairəsini cızır.

CAVABINI BİLMƏDIYIM SUALLAR

Hələ ki görməmişliyinə görə Batı kültürünün, kürəsəl yayımının qarşısında miskin görünən, «zənci rəpçisinin» əcayib jestlərini Azərbaycan «daley-daley»ində yamsılayan Azərbaycan səhnə ulduzları, ofis telefonlarında səsinə ingilissayağı yapışıq, musiqi verib firmalarının adını çəkən azəri ofis-menecerləri, fransıza, amerikana ərə getməyi ən böyük uğur sayan milli qızlarımız və sairələrimiz özümüzü alçalmışlıqda, görməmiş yazıqlığında bilməyimizə səbəb olurlar. Ancaq elə bu gün də, artıq, sayı artan görməmiş olmayanlarımız görünür. Onlar böyük çoxluğa çevriləndə Azərbaycandan nə yapacaqlar? Bu ölkəni və bu xalqı Batıya qarşı vuruşanlara qoşmaq üçün nəsə fundamentalist təriqət yolunu tutacaqlar, yoxsa Batı qarşısında əskiklik duymamaq üçün Yapon yolunu sevəcəklər? Qloballaşmaya nifrət edib Doğu kəndçisini sevəcəklər, yoxsa kürəsəl oyunların müstəqil oyunçusu olmaq istəyəcəklər?! Bütün bunlar hamısı gələcək azərbaycanlılar üçün mümkün variantlardır.

Beləcə, ekspansiyasını, yayımını intensivlikdə saxlamaq istəyən Qərbin indi qarşısında bir ciddi problem durur, necə görməmiş olmayan Şərq insanına təsir mexanizmini formalaşdırsın, necə bu insanı özünə düşmən etməsin. Bax, bu məsələ çözümünü, bu soru cavabını hələ tapmayıb.
XS
SM
MD
LG