Keçid linkləri

Təcili xəbərlər

Sərbəst insanlar ölkəsində


Düz 80 il öncə, iyunun 4-də Ankaranın Keçiörən məhəlləsində Azərbaycanın görkəmli fikir adamı Əhməd bəy Ağaoğlu növbəti kitabını tamamladı.

Əsərin adı «Sərbəst insanlar ölkəsində» idi.

Sorbon universitetini bitirmiş tanınmış bir yazar olan Əhməd bəy Bakıdan əsrin əvvəllərində köç etməyə məcbur olmuşdu. Onu Bakıdan qaçırmışdılar...

O, Azərbaycanın, yəqin ki, ilk mühacir jurnalisti sayıla bilər.

Köçdüyü ölkədə də çox böyük işlərə imza atmışdı. Türkiyə Mətbuat İdarəsinin baş müdiri olmuşdu. Parlamentin üzvü, millət vəkili seçilmişdi. İstanbul və Ankara universitetlərinin professoru idi. Mustafa Kamal Atatürkün dostu sayılırdı.

Maraqlı həyat yaşamışdı Əhməd bəy. Çoxlu övladları olmuşdu. Onun yazıçı oğluna--Səməd Ağaoğluna Türkiyənin Kafkası deyirmişlər. Söz verirəm ki, onun barəsində - istər Şuşa, istər Paris, istər Bakı, istərsə də İstanbul-Ankara həyatı haqqında nə vaxtsa geniş danışacağam.
Bu dəfə söhbət onun 80 il öncə bitirdiyi bir əsərdən gedir.

AZADLIQ MƏLƏYİNİN MƏCNUNU...

Əhməd bəy son cümlələri yazdı: «İndən belə Sərbəst İnsanlar Ölkəsinin vətəndaşı sayılacaqdım...Anladım ki, bütün varlığımla Azadlıq mələyinə vurulmuşam!!!» Tarix: 4 iyun 1930-cu il. Keçiörən, Ankara.

Əsər öncə «Cümhuriyyət» qəzetində çıxdı. Özü demiş, «Xalqımızın göstərdiyi rəğbət və aldığım bir çox çağırış məktubları bu dəfə onu bir kitab şəklində diqqətinizə yetirmək cürətini verdi».

Əsər həmin il İstanbulda nəşr olundu.


Aradan 70 il keçəndən sonra həmin kitab Bakıya gəldi.

Kitabı Bakıya mərhum Vəli Axundovun qızı Nigar xanım Axundova gətirmişdi. Nigar xanımın anası Ağaoğlulardandı...

2001-ci ilin yenə isti yay günlərində Azərbaycanın qərbində «dincələn» bu sətirlərin müəllifi öz ömür yoldaşıyla həmin kitabın tərcüməsinə başladı. Kitabın işlək dilə uyğunlaşdırma təklifi prof. Rəhman Bədəlov və tanınmış naşir və rəssam Tərlan Qorçudan gəlmişdi.

1930-cu ildə çıxan nəşr sapsarı saralmış, yıpranmışdı.

Onunla lap balaca körpə kimi davranırdıq...

Dili ərəb-fars tərkibləriylə süslənmişdi.

Kitab elə həmin il «Tutu» nəşriyyatında çapdan çıxdı.

Bu gərəkli kitabı ABŞ səfirliyi maliyyələşdirdi...

Kitaba geniş giriş sözünü prof. Rəhman Bədəlov yazdı. Məqsəd gənc nəslə Əhməd bəyi daha yaxından tanıtmaq, «Sərbəst insanlar ölkəsində» əsərini oxuyanlara bir yol göstərməkdi.

Professorun giriş sözü oxunmağa dəyərdi.

Daha sonra kitab Əhməd bəyin özünün yazdığı Önsözlə davam edirdi...

İSTİBDAD ŞƏRƏFƏ DAYANIR!


Əhməd bəy kitabını Monteskyenin bu sözü ilə açırdı: İstibdad - yəni şəxsi hakimiyyət şərəfə, respublika da – ləyaqətə dayanır.
Əhməd bəyə görə, bu bölgü hələ də əhəmiyyətini itirməyib. Şəxsi hakimiyyət zamanı xalq tək şəxsin şıltaq və həvəsinə tabe olduğundan, itaət üçün yeganə çarə xalqı qorxutmaq və xof içində saxlamaqdır. O üzdən də, istibdad hər şeydə qorxu aşılamağa söykənir...
Konstitusiyalı monarxiya zamanı hakimiyyət hökmdarla imtiyazlı bir sinfin əlindədir. Odur ki, bu ortaq hakimiyyətin yaşaması üçün hər iki tərəf bir-birinə sədaqətli və bağlı olmalıdır. Yəni şərəf şərtdir.

RESPUBLİKA LƏYAQƏTƏ...


Respublikada hakimiyyət xalqın əlindədir.

Hər kəsin idarəçiliyə qatılmaq haqqı var.

Və bu idarəçiliyin sürməsi və bəyənilməsi üçün bu insanlar yüksək vəzifə və məsuliyyət duyğularına, üstün əxlaqi dəyərlərə yiyələnməlidirlər. Yəni respublikada vətəndaşların ləyaqətli olmaları şərtdir.
Bu ləyaqət nədən ibarətdir? Özünü necə göstərir? Əhməd bəy «Sərbəst insanlar ölkəsində» əsərini məhz bu suallara cavab verməkdən ötrü yazdığını vurğulayır...

MƏN BİR ƏSİR İDİM, AZAD OLMAQ İSTƏDİM...


Kitab bu epiqrafla başlayır.

İstibdad zəncirlərini qıran bir nəfər iki yolun ayrıcında qalır:

Sol tərəfə gedən yol Azadlıq yoludur.

Sağ tərəfə gedən yol köləlik yoludur.

Əhməd bəyin qəhrəmanı haranı tutur? Əlbəttə, Azadlıq yolunu!

AZAD OLMAQ NƏ QƏDƏR ÇƏTİNMİŞ!


Əhməd bəy Ağaoğlu
Bunu da Əhməd bəy deyir və hətta başlığa çıxarır.

Sərbəst İnsanlar Ölkəsində qəhrəmanı elə sərhəddəcə sorğu-sualla tuturlar. Görürük, -deyirlər, - əsarətin bağlarını qırmısan, amma iç zəncirlərini də qırmısanmı?

İÇ ZƏNCİRLƏRİNİ DƏ QIRMISANMI?


Anlamadım - deyir Əhməd bəyin qəhrəmanı...Onda ona: bu suallara cavab ver--deyirlər:

1. Tamahına yiyə durursanmı?
2. Doğrunu sevirsənmi?
3. Həqiqətə dözümün varmı?
4. Ləyaqət sahibisənmi?

Əlacı nə idi? «Hə» cavabını verir qəhrəmanımız.
Onu Sərbəst İnsanlar Ölkəsinə buraxırlar...

YENİ BİR VƏTƏNDAŞ

Bu yeni vətəndaş azad ölkənin bütün qayda-qanunları ilə tanış olmağa başlayır. Əhməd bəy Azad İnsanlar Ölkəsini xırdalıqlarınadək təsvir edir. Qəhrəman təəccübdən çaşıb qalır. Yuxarıda dediyim kimi, «azad olmaq nə qədər çətinmiş», —söyləyir. Onu ölkənin pirləri (müdrikləri) ilə görüşdürürlər. Pirlər ona ölkənin Ana Yasasını - Konstitusiyasını verirlər. Ana Yasada yazılanlar qəhrəmanı lap mat-məəttəl qoyur:

Fikir təmizliyi, söz təmizliyi və əməl təmizliyi azadlığın əsaslarıdır.
Tamahına yiyə durmayanlar azad ola bilməzlər.
Azadlıq doğruya və cəsarətə söykənir.
Yalan sərbəst insanlar ölkəsində yasaqdır. Bu azara tutulan ölkə xaricinə çıxarılır.
İkiüzlülük və yaltaqlıq ən ağır günahdır. Bu günaha batanlar daşa tutulurlar.
Qorxaqlıqla sərbəst ölkə vətəndaşı bir araya sığmaz.
Haqqı qorumaq vəzifədir.
Ölkə işlərini görmək yalnız təcrübə və ixtisas sahiblərinin haqqıdır.
Hər bir vətəndaş ölkə məmurlarının fəaliyyətini yoxlaya bilər.
Hər bir məmur... əlindəki sərvət haqqında hər an hesab verməyə hazır olmalıdır və s.

İSTİBDAD RUHA VƏ QƏLBƏ ÇÖKÜR!


Bu sözləri də qəhrəmana pirlər deyirlər. İstibdada alışmış insana azadlıq aşılamağın heç də asan olmadığını anladırlar. İstibdad insanın ruhunda və qəlbində yerləşir. Bəzən sizə elə gələ bilər ki, istibdad yıxılıb. Diqqətlə baxanda onun hələ də yaşadığını görə bilərsən. Ola bilər ki, ağzı köpüklənə-köpüklənə «Azadlıq» bağıranlar qonşunun azadlığına dözə bilməsin. Özləri başqasının azadlığı ilə toqquşan kimi qarşısındakını məhv etməyə hazır olanlar da görəcəksən. Demək, istibdad taxtı sınmayıb! Bax, elə yerlərdə azadlıq özbaşınalığa çevrilir. Ancaq azad ölkənin qanunu camaatı bu faciədən qoruya bilər.

AZAD İNSAN AC QALMAZ!

Və beləcə, köləlikdən qurtulmuş qəhrəman əsərin sonunacan Azad İnsanlar Ölkəsinin bütün qayda – qanunlarını görür-götürür, mənimsəyir. Kitabın yarımbaşlıqlarına diqqət edin:

Azadlıq və çuğulçuluq
Burada vətəndaşlıq bir tordur ki, içinə girən insanlar bir-birinə bitişik halqalara bənzəyirlər.
Xalqın yönəltdiyi dövlət
Sərbəst ölkədə nəzarət işi
Həqiqət və dözüm
Ləyaqət sahibisənmi?
Ziyalı zümrənin mövqeyi
Azadlıq və fikir ayrılığı
Parlamentdə nələr gördüm?
Hüquqların qorunması bir vəzifədi.
Azad insan ac qalmaz! Və s.

DÖVLƏT HAMINI DÜŞÜNÜR...

Hər şeylə tanışlıqdan sonra keçmiş kölə bu qərara gəlir ki, buralar qardaşlıq yurdudur. Hər kəs bir-birini və dövlət də hamını düşünür. Vətənsevərlik hesabına hər hansı bir insana Vətəni və vətəndaşları uğrunda fədakarlıq aşılamaq yetərli deyil. Gərək öz növbəsində Vətən də orada yaşayan insana maddi və mədəni nemətlər, sevinclər versin. Azadlıq deyilən dirilik suyu nə qədər bərəkətli və hərəkətlidir. Onsuz kainat da, kainatın şüuru olan insan da heçlik səviyyəsinə enər...

AZADLIQ MƏLƏYİNİN QANADI ALTINDA

Pirlərdən daha 10-15 gün fikirləşmək üçün möhlət alan qəhrəman, sonda Sərbəst İnsanlar ölkəsinin vətəndaşlığını qəbul edir! Və bu keçid müəllif tərəfindən çox maraqlı və gülməli dillə təsvir olunur. Köhnə vərdişlərindən qurtula bilməyən qəhrəman vəzifəli adam görərkən yenə yaltaqlıq duyğusunu güclə boğduğunu, zəif və iradəsiz olduğunu, hərdən yalan danışmaq istədiyini hiss edir. Hətta özünə qəsd haqqında düşünür...
Sonda Sərbəst İnsanlar Ölkəsinin də vaxtilə istibdad quruluşu olduğunu yadına salıb qərara gəlir:

«Axı, niyə bunlar dəyişə bilsinlər, amma bizlər yox ? Onlar da başladıqları zaman çox əziyyət çəkiblər, qeyrət göstəriblər və axırda istədiklərini bacarıblar».

Əlini Azadlıq mələyinin başına qoyub and içir. İçdiyi andın sözləri yazılmış vərəqi də imzalayır! Azadlığa əbədi sadiq olacağına and içir.

BU KİTAB İKİ VƏTƏN ÜÇÜN YAZILDI...

Əhməd bəy Ağaoğlu son sözləri yazır: İndən belə Sərbəst İnsanlar Ölkəsinin vətəndaşı sayılacaqdım, - deyir.

Gözlərimdə hər şey dəyişmişdi, - yazır. Hər şeydə bir gözəllik görürdüm, hər şey məni yaşamağa səsləyirdi.

Və bir etirafda bulunur: Anladım ki, bütün varlığımla Azadlıq mələyinə vurulmuşam!

Tarix qoyur: 4 iyun, 1930-cu il. Keçiörən.

Ömrün qürubuna cəmi bir neçə il qalırdı...

O Bakını, ən önəmlisi doğulduğu Şuşanı görmədən bu dünyadan köç edəcəkdi...

O özü də, milləti üçün kitabda yazdığı pirlərdən—müdriklərdən biri idi.
Əhməd bəy azadlığını təzəcə əldə etmiş bir ölkədə yaşayırdı.

Sərhədin o tayında isə öz Vətəni istibdad altında idi.

Əhməd bəy bu kitabı iki Vətən üçün yazdı.

İnanırdı ki, nə vaxtsa bu yazdıqları o sərhədi keçəcək.

Düz bilirdi. 70 ildən sonra o kitab saralıb-solmuş halı ilə Vətənə çatdı.

Vətən azadlığını əldə etmişdi.

Amma iç zəncirlərini qıra bilmişdimi?

İstibdadın çökdüyü qəlbini, taxt qurduğu ruhunu azad edə bilmişdimi?

Haqqı qorumaq vəzifədir - gerçəkliyinə əməl edə bilmişdimi? Sizdən soruşuram, bilmişdimi?..

Ən son yazılan

XS
SM
MD
LG