Keçid linkləri

Təcili xəbərlər

Pivə, futbol və hökumət


Braziliya hökuməti pivəyə gömrük haqqını 8 dəfə azaltdı. 16 faizdən 2 faizə saldı.

Hökumət deyir ki, iyunda futbol üzrə dünya birinciliyi başlanır. Braziliyalılar da xoşlayırlar futbola baxa-baxa pivə içməyi. Qoy camaat cibindəki pula daha çox pivə ala bilsin. Bir sözlə, futbol əhli bir ay kef eləsin.

Bu xəbəri görəndən bəri fikirləşirəm ki, Azərbaycan hökuməti bilsə ki, pivə içən çoxalır, neyləyər? Gömrükdə haqq qalxar, ya düşər?

NİYƏ MƏHZ BRAZİLİYA?


Futbol azarkeşliyinə görə? (Prezident Lula dəhşətli futbol azarkeşidir).

Yoxsa pivə içməyi xoşladıqlarına görə? (Braziliya pivə içməyə görə, dünyada dördüncü yerdədir).

Yəqin ki, yox. Eləyə qalsa, azərbaycanlılar azarkeşlikdə ya pivə içməkdə braziliyalılarla azı heç-heçə oynayarlar.

Söhbət hökumətin elədiyindən gedir. Niyə orda hökumət edir? Başqa yerdə etmirlər?

Söhbət hökumətdə də yox, onun hakimiyyətə necə gəldiyi seçkidədir.

SEÇKİ VƏ PİVƏ

Seçki məsələsində Braziliya elə-belə ölkə deyil. Seçkinin aşkarlığına görə, Braziliya nəinki dünya lideridir, hətta bütün dünyanı az qala yarım əsr qabaqlayır.

Braziliyada seçici yeşiyə bülleten atmır.
O, kompüterdə düyməni basır.
Seçici kompüterdə düyməni basıb səs verən kimi Mərkəzi Seçki Komissiyasına qoyulan və hamının gördüyü monitorda o səs əks olunur.

Ən ucqar dağ kəndində, ən bisavad adamın qabağında səyyar kompüter qoyulur, oxuya bilməyən həmin adam prezidentliyə xoşladığı namizədin şəklinin üstünə barmağını basır və onun səsinin dəyişdirdiyi nəticəni paytaxtdakı həmin o MSK-dakı kompüterdə hamı görür.

Braziliyada səs verib, oturub gözləmirlər MSK bunu necə sayacaq.

Xalqın beləcə seçdiyi hökumət də sonra futbol olanda pivəni ucuzlaşdırır.

Xalq hamılıqla özü seçəndə çətin yanılır.
XS
SM
MD
LG