Keçid linkləri

Təcili xəbərlər

Hər şey dünyadakı kimi olsaydı


Polşadakı daşqından, Varşava, 24May2010
Polşadakı daşqından, Varşava, 24May2010
Bu vaxta qədər Azərbaycan bir tərəfdə idi, dünya başqa tərəfdə. Ölkədə nə var idisə, hamısına bir «analoqsuz» epiteti yapışdırılırdı – «analoqu olmayan iqtisadi artım və inkişaf», «analoqsuz siyasi intibah» və «analoqsuz transmilli layihələr». Bir sözlə, dünya bir həyat yaşayırdı, Azərbaycan başqa.

İngiltərə kraliçası ölkəsinə qarşı Avropa İnsan Haqları məhkəməsində bir neçə prosesi udan hüquqşünası xüsusi mükafat ilə təltif etmişdi. Kraliçanın qənaəti belə olmuşdu ki, həmin hüquqçu onun təbəələrinin hüquqlarını yerli məhkəmələrdən daha yaxsı qoruyur
İndi bir qədər fərqli və həm də gülməli vəziyyət yaranıb, sel-su aləmi bürüyüb, amma hakimiyyətə yaxın telekanallar ölkədəki ağır olayları göstərmək əvəzinə, dünyadakı daşqınları, yanğınları və selləri göstərirlər. Belə çıxır ki, Azərbaycan dünyanın ancaq dərd yoldaşıdır. Bəli, qəribə məntiqdən qəribə nəticə çıxır. Dünyada nə dərd – bəla varsa, Azərbaycanda ola bilər, amma dünyadakı xoşbəxt həyat, ümidli gələcək və harmoniya bu ölkədə ola bilməz.

Təbii və texnogen fəlakətlər bir o qədər də ürəkaçan hadisə deyil. Ancaq adamın daxilində bir etiraz baş qaldırır. Qoy Azərbaycanda da hər şey dünyadakı kimi olsun. Təbii ki, bunun mənfi tərəfləri də var, fəqət müsbət cəhətlər daha çoxdur. Dünyada daşqına və selə məruz qalan insan əmindir ki, dövlət onu yalqız qoymayacaq, hətta zəruri kompensasiyanı da ödəyəcək. Amma azərbaycanlı insan buna ümid edə bilərmi? Təbii ki, yox.

Bu ölkədə hakimiyyətin öz vətəndaşına ödəyəcəyi yeganə kompensasiya ancaq quru ümiddir, elə bir ümid ki, heç vaxt bu ölkədə «cücərmir»...

ÖHDƏLİYİ YERİNƏ YETİRMƏK DƏ MƏDƏNİYYƏTDİR

Bir neçə il bundan əvvəl İngiltərə kraliçası ölkəsinə qarşı Avropa İnsan Haqları məhkəməsində bir neçə prosesi udan hüquqşünası xüsusi mükafat ilə təltif etmişdi. Müdrik kraliçanın qənaəti belə olmuşdu ki, həmin hüquqçu onun təbəələrinin hüquqlarını yerli məhkəmələrdən daha yaxsı qoruyur.

Bu, çox güclü məntiq və həm də mədəniyyətdir. Azərbaycan Avropa Şurasının üzvü olsa da, bütün parametrlərinə görə bu quruma yaddır. Ölkədəki siyasi vəziyyət bir tərəfə, ən başlıcası dövlət rəsmiləri Şuranın ruhundan irəli gələn məntiqi qəbul etməkdən çox-çox uzaqdır. Avropa İnsan Haqları məhkəməsinə müraciət edən hər bir vətəndaşa az qala dövlətin düşməni kimi baxırlar. Sadə bir həqiqət unudulur ki, son nəticədə hüququ qorunan bu dövlətin vətəndaşıdır. Nədənsə vaxtilə «bütün vətəndaşların prezidenti olmaq» iddiası ilə siyasi fəaliyyətə başlayan İlham Əliyev indi bunu unudub.

Avropa İnsan Haqları məhkəməsi jurnalistin azad olunması ilə bağlı qərar çıxarıb. Dövlət rəsmiləri indi bütün vasitələrlə bundan yayınmağa çalışır.

Gah iddia olunur ki, Məhkəmə səlahiyyətlərini aşıb, gah da deyilir ki, yuxarı palataya şikayət olunacaq. Yenə də dünya bir tərəfdədir, Azərbaycan başqa. Yenə də Azərbaycan dünyaya bənzəmir. Başqa ölkələrdə konvensiya ilə götürülən öhdəlik bir tərəfə, məhkəmənin qərarını yerinə yetirmək mədəniyyət sayılır. Digər ölkələrdə məhkəmənin qərarını yerinə yetirməmək insanların heç ağlına belə gəlmir.

Bəs Azərbaycan niyə istisna olmalıdır? Niyə hər şey dünyada olduğu kimi deyil?

ŞƏRQ MÜSTƏBİDLİYİ

Şərqin gözəl xüsusiyyətləri var. Bunu heç kim inkar etmir. Bu xüsusiyyətləri dünya da əxz edib, onu öz mədəniyyətinin bir hissəsi elan edib. Ancaq Şərqin qüsurlu cəhətləri də çoxdur. Bəzi filosoflar nahaq yerə demirdilər ki, Şərqdə heç vaxt azadlıq olmayıb, Şərqdə ancaq hökmdarlar azad olublar.

Elə problem də bundadır. Əvvəldə İngiltərə kraliçasından misal gətirdik. O da hökmdardır. Amma qərbli hökmdardır. Görünür, fərq də bundadır. Niyə görə Azərbaycanda heç nə dünyada olduğu kimi deyil? Cavab çox sadədir. Ona görə ki bura Şərqdir. Və buradakı hakimiyyət adamları Avropanın iclas salonlarında otursalar da, zahirən qərblilərə oxşasalar da, şərqlidirlər.

Qərbli Oskar Uayldın «Xoşbəxt şahzadə» əsərində maraqlı bir hissə var. Şahzadə deyir:

«Kefi xoşbəxtlik adlandırmaq olarsa, mən o zaman çox xoşbəxt olmuşam. Mən eləcə yaşayıb, eləcə də öldüm. Öləndən sonra onlar məni bax bura, elə hündür yerə qoyublar ki, buradan şəhərimin bütün eybəcərliyini, çirkinliyini indi aydın görürəm. Bu səbəbdən, ürəyim qurğuşundan olsa da, ağlamaya bilmirəm»...

Ən son yazılan

XS
SM
MD
LG