Keçid linkləri

Təcili xəbərlər

Azərbaycanın axırı: guya 2028-də neftimiz quruyacaq?


Dövlət Neft Fondunun gəlirləri 2015-ci ildə $97.662 mlrd-a çata bilər
Dövlət Neft Fondunun gəlirləri 2015-ci ildə $97.662 mlrd-a çata bilər
QƏRBİN PROQNOZLARI

Ötən həftə Beynəlxalq Valyuta Fondu (IMF) və «Fitch Ratings» Agentliyi Azərbaycanla bağlı maraqlı proqnozlar açıqlayıblar.

IMF bildirib ki, Azərbaycan Dövlət Neft Fondunun gəlirləri 2010-cu illə müqayisədə 6.5 dəfə artaraq 2015-ci ildə $97.662 mlrd-a çata bilər. IMF ekspertlərinin hesablamalarına görə, 2010-cu ilin sonuna Fondun gəlirləri $26.408 mlrd, 2011-ci ilin sonunda $36.836 mlrd, 2012-də - $48.963 mlrd, 2013-də - $62.517 mlrd, 2014-cü ildə isə $79.92 mlrd təşkil edə bilər. Onların optimizmi dünya bazarlarında neftin qiymətinin yaxın 5 ildə hər barelinin $60-dan aşağı düşməyəcəyi və 2014-cü ilin sonunadək Azərbaycanda neft hasilatının yüksələn xətlə inkişafına əsaslanıb.

«Fitch Ratings» isə öz hesabatında Azərbaycanın neft gəlirlərindən istifadəsi və Odlar Yurdunda neftin nə zaman bitməsi məsələlərinə toxunub.

Hesabatda deyilir ki, iri neft mədaxilindən ağıllı istifadə Neft Fondunda 2010-cu il martın sonu üçün $16.2 mlrd yığılmasına (2009-cu ilin ÜDM-nin 38%-i) gətirib çıxarıb. Dünyada neftin qiymətinin volatilliyi və qlobal böhrana baxmayaraq, Azərbaycan ümumi dövlət büdcəsində 6.3% profisitə nail olub. Belə ki, hakimiyyət büdcə xərclərini azaldıb və Fondun vəsaitlərinin 3.7 mlrd dollar artımına nail olub. Cari əməliyyatlar hesabının müsbət saldosu 2009-cu ildə ÜDM-in 20.7%-i olub, inflyasiya 2008-ci ildəki 20.8%-dən 2009-cu ildə 1.5%-ə düşüb. Neft ixracatçısı kimi Azərbaycan bütün göstəricilər üzrə müqayisə edilən ölkələri qabaqlayır. Ölkənin xarici aktivlərinin xalis dəyəri 2009-cu ilin sonu üçün ÜDM-in 37%-i olub. Bu, Qazaxıstanın (41%) və Rusiyanın (33%) göstəriciləri ilə müqayisə edilə bilər.

Qeyri-neft sektorunun inkişafı üçün milyardlarla vəsait sərf olunur. Ancaq reallıqda bunun effekti hiss ediləcək səviyyədə deyil
«Fitch»in rəyinə görə, əgər neft hasilatı 2009-cu il səviyyəsində (50 mln ton) qalsa, ölkənin neft ehtiyatları 18 ilə tükənəcək. Qazaxıstanda isə bu ehtiyatlar 54 il yetər. 2010-2014-cü illərdə hasilat sabit qalacaq, sonradan azalacaq. «Fitch» hesab edir ki, bu, ÜDM-in real artımını 2010-cu ildə 3%-ə, 2011-ci ildə 2%-ə azaldacaq. Müqayisə üçün deyək ki, 2009-cu ilə kimi son 5 ildə bu göstərici orta hesabla 21% idi.

Agentlik həmçinin ARDNF-nin şəffaflığından razıdır. «Fitch»in proqnozuna görə, 2010-cu ilin sonu üçün ARDNF-nin aktivləri 22 mlrd dollara (ÜDM-in 45%-i) çatacaq.

AZƏRBAYCANIN REALLIQLARI

Əslində, yaxın perspektiv üçün açıqlanan bu proqnozlarda sensasion bir şeylər yoxdur. Ona görə ki, artıq hamıya bəllidir ki, Azərbaycanın gəliri yaxın və orta perspektivdə neftdən asılı olaraq qalacaq (obyektiv səbəblərdən qaz gəlirləri neftlə müqayisədə xeyli az olacaq), baxmayaraq ki, hökumət prezidentin yanında keçirilən hər yığıncaqda dəfələrlə bəyan edir ki, qeyri-neft sektorunun inkişafı üçün milyardlarla vəsait sərf edir. (Təkcə 2004-2009-cu illərdə regionların inkişafı Dövlət Proqramı çərçivəsində 7.9 mlrd manat vəsait xərclənmişdi). Ancaq reallıqda bunun effekti hiss ediləcək səviyyədə deyil və belə getsə, çox güman ki, heç 2020-ci ilədək milli iqtisadiyyatımızın strukturunda və dövlət büdcəsinin formalaşmasında elə bir ciddi dəyişiklik müşahidə etməyəcəyik.

Yəni, uzun sözün qısası, xaricilərin Azərbaycandakı neft fəaliyyətindən orta hesabla hər il $15 mlrd ətrafında vəsait gözlənilir ki, Neft Fondunun hazırkı əsasnaməsinə görə də onun 2/3-ni, yəni $10 mlrd-nı sakitcə xərcləmək olar. Niyə sakitcə yazıram? Ona görə ki, Azərbaycanda hələ də Neft Fondu haqqında qanun yoxdur və Fondun vəsaitləri yalnız dövlət başçısının sərəncamları ilə lazım bilinən miqdarda və lazım bilinən istiqamətlərdə xərclənir.
$1 mlrd vəsait xərclənsə də, hələ də paytaxta dağ suyu gəlib çıxa bilməyib. Baxmayaraq ki, su kəmərinin tikintisinə 2005-ci ildə start verilib
Məsələn, bu ilin sonuna qədər Oğuz-Qəbələ-Bakı su kəməri üçün Neft Fondu 747.4 mln manat vəsait ayırıb və indiyə qədər də nəinki ictimaiyyət, heç millət vəkilləri üçün bir hesabat verilməyib ki, nədən $1 mlrd vəsait xərclənsə də, hələ də paytaxta dağ suyu gəlib çıxa bilməyib. Baxmayaraq ki, su kəmərinin tikintisinə 2005-ci ildə start verilib. Müqayisə üçün onu da qeyd edə bilərik ki, vaxtilə Azərbaycan ictimaiyyətinin bəyənmədiyi Yunanıstan-Livan şirkəti olan CCIC (bəzi qeyri-hökumət təşkilatları bu şirkətin rəhbərliyində Livan əsilli erməninin olmasından həyəcan təbili çalırdılar ki, strateji əhəmiyyət daşıyan bir layihənin Azərbaycana heç də sıcaq münasibət bəsləməyən dövlətlərə verilməsi milli maraqlara ziddir və s.) Oğuz-Qəbələ-Bakı su kəmərindən 3 dəfə uzun olan və kəmər boyunca 4 ədəd nasos stansiyası da tikməklə Bakı-Tbilisi-Ərzurum qaz kəmərini 2 ilə istifadəyə vermişdi. Bundan əlavə, Oğuz-Qəbələ-Bakı su kəməri boyunca əhalinin əlindən alınan özəl torpaqlara görə indiyə kimi də kompensasiya ödənib başa çatdırılmayıb.

Elə isə «Fitch Ratings» Agentliyinin Neft Fondunun şəffaflığından razı qalması və hökumətin neft gəlirlərindən ağıllı istifadə etməsini dilə gətirməsi «kənd loğmanının çarəsiz xəstəyə ümid verməsi» kimi bir şeydir. Nəticəsini isə çox gözləmək də lazım gəlmədi: regionların inkişafına hökumətin yatırdığı investisiyaları (əsasən də infrastruktur layihələrinə) sel-su ikicə həftəyə YUDU! İndi də hökumətimiz daha qlobal və masştablı layihələr haqda düşünür: Araz və Kür çaylarını ayırmaq, su qaçqınlarının sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması ilə bağlı uzunmüddətli kompleks tədbirlərin görülməsi üçün Neft Fondundan ayrıca maliyyə vəsaitlərinin ayrılması və s.

Bu baxımdan, sadə Azərbaycan vətəndaşı üçün Azərbaycan neftinin 2028-də tükənəcəyi ilə bağlı Qərbdən gələn sədanın heç «ağcaqanad vızıltısı» qədər də əhəmiyyəti yoxdur. Ona görə ki, Molla Nəsrəddinin sözü olmasın, «o vaxtacan bəlkə Azərbaycana elə asteroid də gəldi...». Yəqin elə buna görədir ki, Azərbaycanda kasıb təbəqəyə tuşlanmış «dindar söhbətlərində» bir qayda olaraq o dünyanın hüri-mələkli cənnətindən söhbət açırlar, bu dünyanın naz-nemətinin üstündən isə sükutla keçirlər.
XS
SM
MD
LG