Keçid linkləri

Təcili xəbərlər

Kürətrafı məktəblərdə dərslər vaxtından əvvəl dayandırılacaq


Təbii fəlakət bölgəsindəki məktəblərin fəaliyyəti vaxtından iki həftə əvvəl dayandırılacaq. APA-nın məlumatına görə, bu barədə təhsil naziri Misir Mərdanov bildirib.

Onun sözlərinə görə, hazırda təbii fəlakət bölgəsində vəziyyət çox çətindir:

«Biz həmin bölgələrdəki məktəblərlə bağlı bu gün qərar qəbul edəcəyik. Bu gün həmin rayonların təhsil şöbələri ilə əlaqə saxlayacağam. Biz Sabirabadda, Şirvanda, Hacıqabulda, İmişlinin və Salyanın bir neçə kəndində məktəblərin fəaliyyətini vaxtından iki həftə əvvəl dayandıracağıq. İlk əvvəl evlərindən didərgin düşən həmin insanları yerləşdirməliyik. Sentyabrın 15-dək o adamlar evlərinə qayıdana qədər məktəblərin də fəaliyyəti bərpa ediləcək».

M. Mərdanov deyib ki, həmin bölgələrdə mərkəzləşmiş buraxılış imtahanlarının da vaxtı dəyişdirilib:

«Biz həmin bölgələrdə iyunun 3-də imtahan keçirməli idik. Lakin bu imtahanların vaxtını dəyişdik. İmtahanla bağlı qərarımızı gələcəkdə deyəcəyik».

Nazir təbii fəlakət bölgəsindəki təhsil müəssisələrinin sayı ilə bağlı konkret rəqəm açıqlamayıb.

Təhsil nazirinin dediyinə görə, Kür çayının daşması ilə əlaqədar təbii fəlakətin baş verdiyi rayonlarda şagirdlərə buraxılış imtahanları zamanı müəyyən güzəştlər edilə bilər.
XS
SM
MD
LG