Keçid linkləri

Təcili xəbərlər

Sözün gücü


Adam özünə qapananda ruh düşkünlüyü yaranır. Elə millətlər də belədir. Millət də qapanan andan özünü yalqız varlıq kimi dərk edir, baş verənlərin sıradan bir hadisə olmadığına, əlahiddə xarakter daşıdığına özünü və ətrafını inandırmağa başlayır. Amma dünyaya açılanda və ona baxanda əmin olursan ki, heç də belə deyil. Hər il dünyada onlarla jurnalist qətlə yetirilir, bəlkə də bundan da daha çox məsuliyyətə cəlb edilir, təqib olunur.

Azad və həqiqi söz hər yerdə, hər situasiyada müəyyən müqavimətlə qarşılanır. Amma kiçik fərq var. Volter deyirdi ki, mən sizin sözünüzü qəbul etməyə bilərəm, amma sizin bu sözü deyə bilməyiniz üçün hər şeydən keçərəm. Fərq bundadır. Yerlər var ki, sözü demək və yazmaq mümkündür, bunu yasaq etmirlər, yerlər də var ki, sözü hətta deməyə və yazmağa imkan vermirlər. Azərbaycan sonunculardandır. Burada sözə qadağa qoymaq istəyirlər. Amma alınırmı? Nə qədər çalışsalar da alınmır. Xoşbəxtlikdən alınmır. Birini susdururlar, digəri danışır. O qədər hallar olub ki... Hansısa qəzeti bağlayıblar, fikirləşmisən ki, artıq bu, sondur, daha bundan sonra yazmağa və deməyə imkan olmayacaq. Amma belə olmayıb. Az sonra digər qəzet cəmiyyətdə aparıcı rolu öz boynuna götürüb. Sözün gücü də elə bundadır. İnsanların sözə ehtiyacı və tələbatı var. Məsələ onda deyil ki, qəzetlər yaxşı alınır, ya pis, oxunur, ya oxunmur. Məsələ bunda deyil. Əsas odur ki, söz müxtəlif formada oxucuya çatır. Bəli, forma dəyişir. İnternet böyük jurnalist şəbəkəsinə çevrilir, getdikcə daha çox insan məlumat və ünsiyyət üçün virtual məkana üz tutur. Amma söz yaşayır... Güc də elə bundadır.

JURNALİSTLƏR NİYƏ AZAD OLUNMUR?


Nə qədər çalışsalar da Azərbaycanda sözün təsirini azalda bilmirlər. Bəzən deyirlər ki, yazılanlar heç kimə lazım deyil, heç kim onunla maraqlanmır. Qətiyyən belə deyil. Yazılanlarla maraqlanmırlarsa, niyə görə jurnalistlər həbs olunur, təqib edilir, qəzetlər qapadılır, insanlar həqiqəti dediklərinə görə «ruhi xəstə» elan olunurlar? Təbii ki, azad və həqiqi sözün situasiyaya təsiri daha çox əks-təsir yaradır. İndi elə hakimiyyətdir ki, söz nəyinsə islah olunmasına, dəyişməsinə təkan vermir. Bu, doğrudur. Amma söz, özü də doğru söz hədəfinə dəyəndə təsirsiz ötüşmür, dərhal əks – reaksiya yaradır.

Dərhal sözü boğmağa, onu deyəni susdurmağa çalışırlar. İndi jurnalistlər niyə azad olunmur? Bir neçə səbəbi var. Ən birincisi azad sözü boğmaq, söz deyənləri susdurmaq, necə deyərlər, «hamıya dərs vermək» istəyi və bir də senzoru və senzuranı ürəklərdə yerləşdirmək arzusudur. İkincisi isə köhnə siyasi metodu və üsulu yeni şəraitdə tətbiq etmək cəhdidir. Əvvəllər də hansısa qəzet qapadılır, jurnalist həbs edilirdi. Çoxlu müraciətlərdən sonra jurnalist əfv ərizəsi yazmağa məcbur edilir və azadlığa buraxılırdı. İndi də köhnə taktika qüvvədədir. Digər ənənə də dəyişməz qalıb. Çalışırlar ki, jurnalistləri daha çox qeyri-siyasi maddələrlə həbs etsinlər. Bir qədər dəyişən şəraitdir. İndi bunu daha qəddarlıqla edirlər. Amma məqsəd və taktika dəyişməyib. Həbs edilmiş jurnalistlər hakimiyyətin əlində alver predmeti olaraq qalır.

SÖZƏ QALİB GƏLMƏK KİMƏSƏ NƏSİB OLUBMU?

Qətiyyən yox. Tarixdə hətta ən qəddar hökmdarlara nəsib olmayıb. Onların qəddarlığı və despotizmi haqqında söz bu günümüzə qədər gəlib çatıb. Əks təqdirdə onların qəddarlığı və özbaşnalğı haqqında biz haradan bilərdik? Necə deyərlər, əlyazmaları yanmır. Söz də itmir və batmır, gəlib öz ünvanına çatır. Elm sübut edir ki, işıq zərrəciyi Günəşdən kənara çıxmaq üçün milyardlarla dəfə udulub, yenidən şüalanır və axır ki, kənara çıxır.
Söz də belədir. Tarixin ən dərin qatlarından boğula – boğula, kəsilə- kəsilə, axır ki, gəlib bizə çatır. Sözün gücü məhz bundadır. Bir dəfə deyilbsə və yazılıbsa, ona çarə yoxdur...

Ən son yazılan

XS
SM
MD
LG