Keçid linkləri

Təcili xəbərlər

Cəsarətli bir nəfər...


«Azadlıq» Blokunun aksiyası, 26 aprel 2010
«Azadlıq» Blokunun aksiyası, 26 aprel 2010
ABŞ prezidentlərindən birinə - Endryu Ceksona aid edilən məşhur bir deyim var: «Cəsarətli bir nəfər əslində cəmiyyətdə çoxluq deməkdir». Deyimin yozumu ona gəlir ki, cəmiyyətdə bir xeyli adamın passivliyi fonunda ortaya cəsarət qoyan adam əvvəl axır onu cəmiyyətin digər üzvlərinə də qəbul etdirə bilir. Bu fikri adətən demokratik mübarizədən söz düşəndə yada salırlar, lakin təəssüf doğursa da, bu faktdır ki, anti-demokratik qüvvələr üçün bu fikir eyni effektivliklə işləyir. Cəsarətli, iradəli bir adam cəmiyyətin passivliyi fonunda gəlib diktator ola bilir və bütün cəmiyyəti də məcbur edə bilir ki, onun valideynlərinin doğum gününü ümummilli bayram kimi qeyd etsinlər, yaxud da, məsələn, ilin aylarına onun əzizlərinin adını qoysunlar.

Bu cəsarət məsələsini ona görə qeyd etdim ki, Azərbaycanda demokratik qüvvələrlə onların əleyhdarları arasında gedən mübarizədə qəribə bir dinamikanı təhlil etməkdə bizə yardımçı olsun.

SÜMÜKQIRAN İTLƏR MƏNTİQİ

Axırıncı dəfə Azərbaycan iqtidarı xalqı nəyəsə inandırmağa 1995-ci ildə cəhd edib – 17 Mart hadisələri zamanı Heydər Əliyevin xalqa müraciətində. 15 ildən çoxdur ki, iqtidar xalqı nəyəsə inandırmağa çalışmır, sadəcə öz gücünü nümayiş etdirməklə onun itaətinə nail olur.

Azərbaycanda hər dəfə siyasi atmosfer qızışanda ortaya eyni məzmunlu arqumentlər çıxır. Müxalifət göstərir ki, onu qanunsuz olaraq döyürlər, şərləyirlər, həbs edirlər və s. Hakimiyyət isə ortaya daha sadə arqument qoyur. Bu arqumenti təqribən belə ifadə etmək olar: «Elə qışqırmağı bacarırsınız!». Məsələn belə bir bəyanat: «Heç bir qüvvə tərəfindən ölkədə ictimai-siyasi sabitliyin pozulmasına imkan verməyəcəyik. Rəngli yuxular görən yoldaşlar elə yuxu görə-görə də qalacaqlar». Bu fikirləri Baş prokuror Zakir Qaralov Milli Məclisin tribunasından səsləndirir. Digər iqtidar deputatları da ona qoşulurlar və bəzən müxalifəti açıq lağa qoyurlar.

Bütün bu arqumentlər Azərbaycan vətəndaşlarının sadə bir hissinə - qorxuya ünvanlanır. «Sümükqıran itlərimiz var», «ölkədəki siyasi stabilliyi pozanları yerində otuzduracağıq», «ictimai asayişi təmin etmək üçün kifayət qədər qüvvəmiz var» arqumentləri müxalifətə çox sadə bir mesajı verir: bacara bilməzsiniz. Azərbaycanın qeyri-siyasi kəsiminə isə eyni mesaj onu deyir ki, bu hökumətlə bacarmaq olmaz, sakit oturub dözməkdən başqa əlac yoxdur.

TANIŞ DAİRƏ

Son 17 ilin siyasi mübarizə dinamikası həm iqtidarda, həm müxalifətdə, həm də xalqda müəyyən oturuşmuş reflekslər yaradıb. Hər üç tərəfin siyasi mübarizə dinamikasından gözləntiləri eynidir: Hər dəfə seçki öncəsi müxalifət bir neçə icazəsiz piket edir; ardınca bir neçə icazəli nümayiş edir; imkan olanda televiziyadan xalqa eyni məzmunlu müraciətlər edir; sonra seçkilər günü müxalifət nümayəndələri seçki məntəqələrindən qovulur (ehtiyac olanda); rəsmi nəticələr elan olunur; iqtidarın qətidən də bir az artıq qələbə qazandığı televizorlardan əhaliyə çatdırılır; müxalifət (gücü çatanda) seçki sonrası bir neçə nümayiş keçirir; iqtidar o nümayişləri dağıdır; müxalifət gedir yaralarını sarımağa, xalq da qayıdır öz gündəlik həyatına.

Bu dövrülük Azərbaycanda yaşayan və cəmiyyətlə elementar səviyyədə maraqlanan bütün insanlara tanışdır. Ölkədəki siyasi mübarizə əslində elə bununla da məhdudlaşır. Bir tərəf bütün davranışı ilə əhalini inandırır ki, bu il də hər şey əvvəlki kimi olacaq, özünü yormağa dəyməz və s. Digər tərəf isə məcburdur ki, əhalini inandırsın ki, artıq bu dəfə əvvəlki kimi olmayacaq.

Qorxudulmuş xalqı nəyəsə inandırmaq elə də asan deyil. Bu işi görmək üçün son 17 ildə ortaya qoyduğundan daha artıq cəsarət lazımdır. Cəsarətli bir nəfər...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG