Keçid linkləri

Təcili xəbərlər

Türkiyə İlham Əliyevə kömək edə biləcəkmi?


Həmişə «uğurlu və balanslaşdırılmış xarici siyasət»dən danışan ölkənin rəsmi siyasi elitası sözün əsl mənasında böhranlı anlar yaşayır. Məsələ bundadır ki, son vaxtlar baş verənləri «balanslaşdırılmış xarici siyasət» çərçivəsində yerləşdirmək mümkün deyil, «ABŞ-la münasibətlər korlanıb»-desək ciddi səhvə yol vermərik.

47 ölkənin, o cümlədən də Gürcüstan və Ermənistan prezidentlərinin iştirak etdiyi nüvə sammitinə Azərbaycan prezidenti dəvət almadı. Bu, İranla həmsərhəd olan bir dövlətin prezidenti üçün diqqətsizlik idi. Əvəzində Türkiyənin xarici işlər naziri Bakıya səfər etdi və Azərbaycan prezidentinə sammitdə baş verənlər haqda məlumat çatdırmaq missiyasını öz üzərinə götürdü. Amma bu, yaranmış vəziyyətin heç də uğurlu həlli deyildi.

Təsadüfi deyil ki, məmurlar öz çıxışlarında birbaşa, dövlət başçısı isə dolayı yolla anti - Amerika notlarına üstünlük verir, hakimiyyətə yaxın media vasitələri Azərbaycanın Əfqanıstandakı məhdud hərbi kontingentinin geri çağırılması haqda «təkliflər» səsləndirir, «ABŞ-ın təzyiqlərinə qarşı adekvat addımlar atmağ»a çağırırlar. Azərbaycan artıq bu ay ABŞ-la birgə nəzərdə tutulan hərbi təlimlərdən imtina edib. Böhranı sezmək bir o qədər də çətinlik törətmir. Mübaliğəsiz demək olar ki, ABŞ-da yeni hakimiyyətin gəlişindən sonra ikitərəfli münasibətlərdə hələ də ciddi addımlar atılmayıb. Bəs səbəb nədir?

BU, HANSI AZƏRBAYCANDIR?


Rəsmi dairələr ABŞ-la yaranmış böhranı çox sadə tərzdə izah edirlər. Onlar deyir ki, Türkiyə - Ermənistan sərhədlərinin açılması üçün ABŞ Azərbaycana təzyiq edir, çünki bu prosesin həlli sonuncunun problemləri ucbatından müşkülə düşüb. Bəlkə də, buna inanmaq olardı, ancaq bəzi detallar olmasaydı. Məsələ bundadır ki, söhbət Türkiyənin sərhədlərindən gedir və əgər təzyiqdən söz düşürsə o, ilk növbədə Türkiyəyə qarşı edilməli idi. Üstəlik, sərhədlərdən başqa problemlər də var. Amma Türkiyənin rəsmisi dialoq üçün ABŞ-a çağırılır. Deməli, Azərbaycan rəsmisinin çağırılmaması təkcə sərhədlərlə bağlı məsələ deyil. Bəlkə də, ən doğru cavab bu olardı ki, ötən qısa müddət ərzində Azərbaycan mənfi istiqamətdə çox dəyişib, beynəlxalq ictimaiyyətin rəyinə məhəl qoyulmur, Konstitusiya dəyişdirilib və qeyri-rəsmi monarxiyaya yol açılıb, media və müxalifət adamları təqib edilir. ABŞ-ın siyasətində incə bir məqam var. Bu ölkə öz tərəfdaşlarının necə görünməsinə və qəbul edilməsinə bir o qədər də biganə deyil. Bu vaxta qədər Azərbaycan müəyyən çərçivləri gözləyir və onun haqqında gənc olduğuna görə bir qədər problemli dövlət kimi danışmaq mümkün olurdu. İndi isə bunu demək mümkün deyil. Azərbaycanda hətta siyasi ritorika da dəyişib, neftdən gələn gəlirlər ölkə rəsmilərinə reallıq hissini unutdurub. Reallıq hissi uğurlu syasətin dayağı sayılır.

TÜRKİYƏ XİLAS EDƏCƏKMİ?

Türkiyə buna çalışır. Hətta son vaxtlar bu ölkə Minsk Qrupunun qeyri-rəsmi həmsədri kimi bütün səviyyələrdə Qarabağ problemini qaldırır. Amma Azərbaycan rəsmiləri üçün ən vacib olanı budur ki, Türkiyə ABŞ-la münasibətləri yoluna qoysun. Türkiyə buna da cəhd edir. Hətta yaranmış pərtliyi aradan qaldırmaq üçün Türkiyənin xarici işlər naziri maraqlı bir ifadə işlətdi:

«Türkün olduğu yerdə azərbaycanlıya nə ehtiyac, azərbaycanlının olduğu yerdə türkə nə ehtiyac»!

Amma bu hazırcavablıq Azərbaycan – ABŞ münasibətlərində yaranmış soyuqluğu aradan qaldırmaq iqtidarındadırmı? Ən primitiv cavab bu olardı ki, bunu zaman göstərəcək. Amma zamandan da irəli bunu Azərbaycanın siyasi elitasının gələcək davranışı göstərəcək.

Ən son yazılan

XS
SM
MD
LG