Keçid linkləri

Təcili xəbərlər

49-cu maddə! O niyə unudulub?


Unutqanlıq da iki cür olur. Biri var ki, insanlar hansısa məsələyə o qədər alışırlar ki, sonradan bunu adidən də adi hal hesab edir, harada və necə təsbit olunmasını unudurlar. Biri də var ki, hansısa detal ya uzun müddətə, ya da birdəfəlik bizim yaddaşımızdan silinir. Sonuncu daha çox çoxsaylı hüquqlarımıza aiddir. Maraqlıdır ki, həmin hüquqlardan həyatımızda ancaq maddi hüquqların izi qalıb, qeyri-maddi hüquqlar isə elə yox olub ki, sanki bunlar heç vaxt mövcud olmayıblar. Sərbəst toplaşmaq hüququ da belə hüquqlardandır.

2003-cü ilin prezident seçkisindən yeddi il keçir. Bu müddət ərzində bu hüquq demək olar ki, öz tətbiqini tapmayıb. Epizodik hallar olub. Amma onlar o qədər zəif və ötəri olub ki, yaddaşda heç bir iz buraxmayıblar.

BU QƏDƏR «YOX»UN AXIRI NECƏ OLACAQ?


Bu günlərdə müxalifət aksiya keçirməklə bağlı daha bir «yox» cavabı aldı.
Artıq bununla bağlı bir alışqanlıq yaranıb və hamı da bunu çox sadə qəbul edir, sadəcə qəzetlərin səhifələrinin bir küncündə yazılır ki, şəhər icra hakimiyyəti müxalifətin aksiya keçirməklə bağlı müraciətinə «yox» savabı verib. Yeddi ildir ki, müxalifətlə müvafiq icra hakimiyyəti arasında yazışma gedir, bəlkə də, epistolyar janr üçün böyük material toplanıb. Ola bilsin, bu materialdan hansısa formada istifadə etmək olardı.

Əvvəllər deyilirdi ki, müxalifət bu məsələ ilə bağlı Avropa İnsan Haqları məhkəməsinə müraciət etmək fikrindədir. Amma hələlik bununla bağlı hər hansı informasiya yoxdur. Həm də Avropa məhkəməsi heç də bütün müraciətləri nəzarətə götürmür.
Görünür, müxalifət başqa taktika üzərində düşünməlidir.

HAKİMİYYƏTİN ARQUMENTLƏRİ

Onların arqumentləri çox primitivdir. Belə deyilir ki, ölkədə siyasi etiraz və fəaliyyət üçün alternativ imkanlar var, elə bu səbəbdən aksiya keçirməyə və toplaşmağa elə bir ehtiyac yoxdur. Amma çox maraqlıdır, müstəqil parlamentin və məhkəmənin mövcud olduğu ölkələrdə belə, sərbəst toplaşmaq hüququ ən aktiv hüquqlar sırasındadır və insanlar ona tez-tez müraciət edirlər. Məgər Azərbaycanda demokratiya həmin ölkələrdən çox inkişaf edib?... «Uzaq sahillərdə» filmində maraqlı bir detal var, orada deyilir ki, şəhərdə iki-iki gəzmək qadağandır. İndi ölkədə belə vəziyyət hökm sürür, iki və ya üç nəfər bir yerə toplaşa bilməz, dərhal polis peyda olur.

«Polis» dedik, yadımıza bir detal düşdü. Xaricdə olarkən bizi təəccübləndirən bu oldu ki, şəhərlərdə heç vaxt polislər gözə dəymirdi, sanki onlar heç yox idilər. Ansaq MDB ölkələrində hər addımdan bir polis görmək mümkündür. Zahirən belə təəssürat yarana bilər ki, bu ölkələrdə hüquqlar möhkəm qorunur. Amma hüquqların ən çox pozulduğu və demokratiyanın olmadığı məkan da elə bunlardır. Sanki hansısa dirijor çubuğu MDB ölkələrinin hamısını bir jestlə eyni vəziyyətə gətirir. Bütün bunlar sərbəst toplaşmaq hüququna da aiddir. Ukraynanı istisna etməklə bütün MDB ölkələrində bu hüquqa demək olar ki, yasaq qoyulub.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG