Keçid linkləri

Təcili xəbərlər

Kimyaya da sahib çıxan neft şirkəti


2009-cu ilin iyulunda «Azəriqazın» Dövlət Neft Şirkətinə (SOCAR) birləşdirilməsindən bir qədər sonra Azərbaycan Qaz Emalı zavodu da eyni aqibəti yaşadı. Daha sonra isə məlum oldu ki, hazırda Xəzər dəniz gəmiçilik İdarəsinin (KASPAR) tabeçiliyində olan gəmi təmiri zavodu Qaradağ rayonu ərazisində yenidən qurulduqdan sonra onun əsas səhmdarı (65%-lik səhmlə) SOCAR olacaq. Bundan sonra yerli mətbuatda bir-birinin ardınca məqalələr dərc olunmağa başladı ki, idarəçiliyində maliyyə effektivliyi zəif olan «Azərenerji» də SOCAR-ın tabeçiliyinə keçiriləcək. Ancaq aprelin 2-də imzaladığı sərəncamla dövlət başçısı İlham Əliyev «Azərkimya» dövlət şirkətinin ləğv edilərək SOCAR-a birləşdirildiyini bəyan etdi.

«AZƏRKİMYA»NIN SÜQUTUNA APARAN YOL


Azərbaycanın kimya sənayesi Sovet dövründə iqtisadiyyatın aparıcı sahələrindən biri idi. O zamanlar Azərbaycan bu sahədə yalnız Başqırdıstandan geri qalırdı. Ancaq postsovet illərində «Azərkimya», demək olar ki, ənənəvi bazarları itirməyə başladı və illər keçdikcə onun məhsullarına olan tələbat daha da azaldı. Müstəqil Azərbaycan tarixində xalqın yaddaşında isə «Azərkimya» sadəcə «xlor mənbəyi» kimi qaldı. 2009-cu ilin əvvəlindən xlor istehsalı kəskin azaldı və artıq Bakı həyətlərində «xlor var, xlor» deyən səyyar ticarətçilər də gözdən itdilər. Elə bu zaman pıçhapıçlar başladı ki, deyəsən «Azərkimya» ləğv olunacaq.

Əslində isə məsələ daha ciddi şəkildə yuxarılarda hələ 2008-ci ilin əvvəlindən müzakirə olunmağa başlamışdı. O vaxtlar hökumət bildirdi ki, Bakıdakı neftayırma zavodlarının Qaradağ rayonu ərazisinə (digər variantda Ələt ətrafına) köçürülməsi, daha doğrusu, hazırkı 2 neft emalı müəssisəsinin əvəzinə 1 yeni emal kompleksinin tikilməsi məsələsinə baxılır. Bundan sonra həmin tikiləcək müəssisədə qaz emalının da aparılacağı vurğulandı. Və nəhayət, gələcəkdə nef-qaz-kimya kompleksinin inşasının daha səmərəli olacağı barədə fikirlər səslənməyə başladı. Bu isə o demək idi ki, «Azərkimya» gec-tez ləğv olunmalıdır.

MƏCİD KƏRİMOVUN İNADKARLIĞI


Ancaq 2006-cı ilin əvvəlindən «Azərkimya»ya Məcid Kərimov başçılıq edirdi. O, bu vəzifəyə «Azərkimya»nın və o cümlədən Sumqayıtın «xaç atası» sayılan Fikrət Sadıqovun həbsindən (Fərhad Əliyev məsələsi ilə bağlı bir müddət azadlıqdan məhrum olmağa məcbur edilmişdi) sonra təyin edilmişdi. Kərimov xasiyyətcə çox iddialı bir şəxsdir və daim vəzifə sahibi olub (bundan öncə 5 il yanacaq və energetika naziri olmuş, daha əvvəl isə SOCAR-ın ən nüfuzlu layihə institutuna - «Dənizneftqazlayihə»yə rəhbərlik etmişdi). İdarəçilik qabiliyyətinin zəif olmasına baxmayaraq, Kərimov yuxarılarla işləmək baxımından çox bacarıqlı olduğunu təsdiqləmiş bir kəsdir. Ona görə də, 2009-cu ilin aprelində Kərimov ilk dəfə media vasitəsilə Azərbaycanın kimya sənayesinin yeniləşdirilməsi ilə bağlı fikirlərini cəmiyyətə çatdırdı.

«Azəriqaz»ın ləğvindən sonra Kərimov mətbuat vasitəsilə öz lobbiçilik fəaliyyətini daha da aktivləşdirdi və ortaya konturları sezilən masştablı layihə qoydu:
Tezliklə bir-neçə mərhələdə Sumqayıt səhərində 19 müasir kimya müəssisəsi tikilməlidir. Bunun üçün $6 milyard vəsaitə ehtiyac duyulur, ancaq onun 70%-nə yaxınını xarici şirkətlər və maliyyə qurumları yatırmalıdır.

Kərimovun planına əsasən, işlər çox sürətlə həyata keçirilməlidir və 2015-ci ildə ölkə 400 min ton aşağı təzyiqli polietilen 300 min ton yüksək təzyiqli polietilen, 130 min ton polipropilen, 40 min ton benzol, 110 min ton stirol və sair məhsullar istehsal etmək imkanı qazana bilər. Bundan əlavə, «Azərkimya» kənd təsərrüfatı üçün lazımlı olan ildə 1 milyon ton azot gübrələri də istehsal etməyi mümkün sayırdı. 2009-cu ilin sentyabrında isə «Azərkimya» layihənin həyata keçirilməsi ilə bağlı ExxonMobil, Bazel, KBR, Technip, Imeos Thysenn Krupp i Unde kimi xarici şirkətlərlə danışıqlar və məsləhətləşmələr apardığını bəyan etdi.

23 sentyabr 2009-cu il tarixi Sərəncamı ilə dövlət başçısı İlham Əliyev Azərbaycanda neft və qaz emalı və neftkimya sənayesinin inkişafı ilə bağlı təklifləri öyrənəcək hökumət Komissiyasının tərkibini təsdiq etdi. Komissiyanın sədri isə Baş nazirin birinci müavini Yaqub Eyyubov təyin edildi. Komissiyadan 3 ay müddətində bununla bağlı Prezidentə öz təkliflərini vermək tapşırıldı.

Hadisələrin bu cür sürətli inkişafı Kərimovu heç cür qane edə bilməzdi və o, daha aktiv fəaliyyətə keçməyə qərar verir. Artıq sentyabrın 29-da Parisdə beynəlxalq tədbir çərçivəsində «Azərkimya» ilə İtaliyanın Eni (Snamprogetti) şirkəti əməkdaşlığa dair Memorandum və Azərbaycanda yeni neftkimya kompleksinin tikilməsi layihəsinə dair konfidensiallığın gözlənməsinə dair Saziş imzalayırlar.
2010-cu ilin yanvarında Komissiyanın iclasında (ictimaiyyət üçün açıqlanmayan) isə vahid nef-qaz-kimya kompleksinin tikintisinin məqsədəuyğunluğu ilə bağlı ümumi fikir razılaşdırılır.

BU, DÜZGÜN ADDIMDIRMI?


Hazırda iqtisadçılar və ekspertləri bir sual düşündürür – «Azərkimyanın» SOCAR-a birləşdirilməsi nə dərəcə düzgün addımdır? Məncə, iqtisadi baxımdan bu, həqiqətən ən yaxşı yoldur. Yada salmaq istərdim ki, 2007-ci ildə neft məhsullarının və təbii qazın qiyməti daxili bazarda artandan sonra «Azərkimya»”nın iflic vəziyyətinə düşməsi faktını yaddan çıxartmaq olmaz. «Azərkimya»nın məhsuldar işləməsi üçün ona təbii qaz və çox aşağı oktanlı benzin (ona kimya benzini də deyirlər) lazımdır. Bunları baha qiymətə alan müəssisə isə təbii ki, rəqabətə davamlı məhsul istehsal etmək iqtidarında olmayacaq. Məhz buna görə də «Azərkimya» uzun illər SOCAR-a debitor borcu olan dövlət şirkətlərinin siyahısından çıxa bilmirdi.

Ancaq kimya sənayesinin «ayağa qaldırılması» üçün təkcə investisiya və müasir avadanlığın alınması kifayət deyil. Burada insan faktoru da (ən bacarıqlı menecerlər və mühəndislər) xariqələr fəth etmək üçün yetərli deyil. Ona görə ki, bu elə bir mürəkkəb bir sahədir ki, dünyadakı qiymət konyukturu, lazımi şəraitdə lazımi bazarlara girmək imkanı, siyasi hakimiyyətin iqtisadi proteksionizm meylləri və sair rol oynamalıdır. Mən hesab edirəm ki, «Azərkimya» SOCAR-ın tərkibində gələcəkdə «çiçəklənə» bilər, ancaq bunun üçün onun başında ikinci bir Rövnəq Abdullayev (təbii ki, bacarığına və hadisələrə təsir imkanlarına görə) durmalıdır. Necə ki, dünyada ad çıxarmış tam vertikal strukturlu enerji şirkətləri fəaliyyət göstərirlər – hər sahəni onun biliciləri idarə edir və buna görə də şirkət inkişaf edir.

YENİ KOMPLEKS 2015-DƏ İŞƏ DÜŞƏCƏKMİ?


Bu sadəcə mümkün deyil! Ona görə ki, indiyə qədər vahid nef-qaz-kimya kompleksinin konsepsiyası qəbul edilməyib. Bu, o qədər də sadə bir şey deyil. Neft və qazın emal həcmlərinin müəyyənləşdirilməsi, hansı həcmdə kimya məhsullarının daxili və xarici bazarlarda satılması və bu kimi məsələlərin 20-40 il üçün proqnozlaşdırılması heç 1 ilin də işi deyil. Yaddan çıxarmayaq ki, Xəzərin sağ sahilində - Türkmənbaşıda artıq belə bir kompleks fəaliyyət göstərir, Qazaxıstanda da isə 2015-ci ilədək işə düşməlidir. Rusiya kifayət qədər aktivdir bu sahədə. Qonşu Türkiyədə isə Petkim kimi həm nəhəng, həm də «özümüzünkü» olan kompleks var, yəni Bakıdakı kompleksin xarici bazara yönəlmiş planları onun maraqlarına mümkün qədər az təsir etməlidir. Türkiyədə SOCAR-ın neft emalı zavodu tikmək planı da buradakı müəssisənin imkanlarına təsir edir. Türkiyədə gələcəyə tuşlanmış işlər isə hələ «genplan» səviyyəsində yekunlaşmayıb. Demək, istənilən halda Azərbaycanın vahid nef-qaz-kimya kompleksinin işə düşməsi yaxın 5 ilin işi deyil, çox güman ki, 2020-də ola bilər (yaddan çıxarmayaq ki, Oguz-Qəbələ-Bakı su kəmərini artıq 5 ildir ki, tikirik və ümumiyyətlə, Bakıda 16 mərtəbəli sadə konstruksiyalı bir binanı 4 ildən tez tikib onu təhvil verən bir şirkət olmayıb axı...).
XS
SM
MD
LG